Metroda qatarların hərəkətində dəyişiklik ediləcək - RƏSMİ

Hazırda oxunan: Metroda qatarların hərəkətində dəyişiklik ediləcək - RƏSMİ

154755

Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı Metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropolitenin hərəkət xidmətinin rəisi Elxan Məmmədov bildirib.

O qeyd edib ki, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Onun sözlərinə görə, Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edilib.

Həmin müddətdə "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla, qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib. 

Bu, Bakı Metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə mümkün ən optimal hərəkət qrafiki və müntəzəm tətbiq oluna biləcək minimal intervallardır. Həmin sahədə günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.

E.Məmmədov əlavə edib ki, Bakı Metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May" stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə çox olacaq.

Vurğulayıb ki, “Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Qatarlar arasında şənbə günləri saat 07:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək. İstirahət və bayram günlərində sərnişinlərin axın hərəkətinə uyğun olaraq, qrafikə ediləcək əlavə dəyişikliklər barədə ictimaiyyətə məlumat veriləcək.

Xidmət rəisi qeyd edib ki, Bənövşəyi xətt, eləcə də Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” sahəsində qatarların hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

Bildirilib ki, sərnişinlər günün müəyyən vaxtlarında “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkətini, həmçinin daha böyük interval müşahidə edirlər. Bu, qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır.

Belə hallarda "Ulduz-Həzi Aslanov" sahəsində interval daha çox olur. Həmin vaxt "Həzi Aslanov-Ulduz" sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında iki qatarın ardıcıl olaraq “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsi mümkündür.

Həmçinin zərurət yarandığı təqdirdə, qatarların “Memar Əcəmi” və “Neftçilər” stansiyasından dövr etməsini nəzərə alaraq, həmin müddətlərdə “Nəsimi-Dərnəgül”, “Xalqlar dostluğu-Əhmədli” sahələrində də qatarlar arasında iki dəfə çox olmaqla, iki qatarın ardıcıl “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsi mümkündür.
Yeni qrafikin 2024-ci ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin