Ölüm saçan BİNALAR – “Qanunsuz artırmalar tikililəri qəzalı VƏZİYYƏTƏ SALIR”

Hazırda oxunan: Ölüm saçan BİNALAR – “Qanunsuz artırmalar tikililəri qəzalı VƏZİYYƏTƏ SALIR”

154672

“Son illər yolların, ara küçələrin səkilərinin enlənməsi üçün görülən işlər bir çox yerlərdə tam əksinə nəticə verib. Yəni, bəzi yerlərdə artırılan səkilərin üzərində insanların gediş-gəlişini maneə törədəcək və şəhərdə sıxlığa səbəb olan tikililər inşa olunub”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Tanıdığım MTK-lar var ki, tikdiyi binalarda zəlzələnin gücü daha çox hiss olunub” – EKSPERT 


Onun sözlərinə görə, 1986-cı ildə Bakının baş planı hazırlanarkən tikilən bütün binalar arasında məsafə, avtomobil yolları, səkilərin eni, avtobus dayanacaqları və bütün ictimai iaşə obyektləri həmin dövrdə yaşayan əhalinin sayı nəzərə alınıb:

“Yəni növbəti 10 illikdə insan sayı nə qədər olacaqsa, həmin saya müvafiq baş plan hazırlanıb. Lakin 90-cı illərin əvvəllərindən həm müharibə, həm də digər iqtisadi səbəblərdən bölgələrdən paytaxta ciddi insan axını baş verdi. Paytaxt ərazisi genişlənmədən daha çox “içəri”dən tikilib. Yəni genişlənmədən daha çox sıxışdırılıb. Çünki sökülən hər bir binanın əvəzinə daha müasir və geniş binalar tikilib. Şəhərdə genişlənmə ilə sıxlıq müşahidə olunur”.

Ekspertin sözlərinə görə, səkilərin zəbt olunması səbəbindən insanlar, xüsusən də, analar uşaqlarını aparıb-gətirməkdə əziyyət çəkir, eləcə də əlil arabasında olan adamlar ciddi problemlər yaşayırlar: 

“Qeyri-yaşayış obyektləri tikilirsə və böyük market, iaşə yerləri açılırsa, mütləq şəkildə həmin yerlərdə avtoparklar salınması ilə rahatlıq təmin olunmalıdır. Hər hansı iaşə obyektləri açılır, vətəndaş orda maşınını saxlayıb alış-veriş etmək istədikdə, yaxud parkinq xidmətilə maraqlanmaq istəyərkən belə qadağan olunmuş ərazilərdə avtomobil saxladığına görə cərimələnir. Bir halda ki, həmin ərazidə yaşayanlar buna görə problem yaşayırsa, bundan da aidiyyəti qurumlar məlumatlı olur. Tələbat artımına görə bu cür artımların olması tamamilə yanlışdır”

Elnur Fərzəliyev həmçinin vurğulayıb ki, sonradan artırmalar olunan zaman ara divarlar sökülür, dağılır.

Bu da hər hansı zəlzələ və ya təbii fəlakət zamanı həmin binaların daha tez uçub dağılmasına səbəb ola bilər:

“Binalara, xüsusən də köhnə binalara artırmalar edilərkən artıq istismar müddətini bitirən yerlər seçilir. Çox zaman bu binalar aidiyyəti qurumlar tərəfindən qəzalı sayılır. Bu cür əlavə artırmalar binanı daha da qəzalı vəziyyətə gətirir, binanın ümumi konstruksiyasını pozur və binanın dayanıqlılığına ciddi zərər gətirir. 

Çünki çoxmənzilli tikililərdə sonraan birinci mərtəbəsinə qeyri-yaşayış obyekti əlavə olunacaqsa, bu bina tikilməmişdən əvvəl nəzərə alınmalıdır.

Buna uyğun olaraq bütün möhkəmliyi, hündürlüyü, qapı və pəncərələri daha əvvəldən, yəni layihə hazırlanarkən çəkilir. Bütün tikinti möhkəmliyi onun üzərində qurulmalıdır. Artırılan hər bir əlavə tikili binaların bu cür qəzalı vəziyyətə gəlib çıxmasına səbəb olur”.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin