Gəncədə bu küçənin sakinlərinin həyatı təhlükədədir - Problem niyə həll olunmur? - FOTO/VİDEO

Hazırda oxunan: Gəncədə bu küçənin sakinlərinin həyatı təhlükədədir - Problem niyə həll olunmur? - FOTO/VİDEO

153684

“May ayının 25-də baş verən o dəhşətli yağış və sel bizim küçədə 10-la insana ziyan vurdu. Həmin gün mənim oğlumun evinin həyətini su yuyub apardı. Barısını, darvazasını, həyətdə olan tikinti materiallarını. Bizim kimi də qonşularımıza da xeyli ziyan dəyib.

Evlərinin içi həmin sulardan mamır bağlayıb. Təbii fəlakət baş verən gün hamı bura tökülmüşdü. Bütün aidiyyatı orqanların rəhbərləri burda idilər. Artıq 3 ay keçib üstündən, amma bir nəfər biz tərəfə yaxın gəlmir. Dəfələrlə şəhər icra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, aidiyyatı qurumlara müraciət etmişik ki, bu küçədə yaşayanların həyatı təhlükə qarşısındadır. Gəlib bizim səsimizi eşidən yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu açıqlamanı Gəncə şəhəri Nizami Hərbi Komissarlığı yaxınlığında yaşayan Rəhim Əsgərov verib.

Onun sözlərinə görə, məsələnin mahiyyəti əslində dəyən ziyanın ödənilməsindən çox bu küçədə yaranmış qorxulu vəziyyətin aradan qaldırılmasından gedir:

“Biz bu torpağı alanda məhləmizin yaxınlığında su yarğanı var idi. Yuxarıdan, parkın ərazisindən gələn və bizim ərazidən keçən həmin yarğan yağış və sel sularının axması üçün nəzərdə tutulub. Həmin sular bizim evin üstündə, yolun altında yerləşən böyük azbes borular vasitəsilə yolun qarşı tərəfinə keçirdi və onda belə daşqınlar olmurdu.

İndi həmin boruların üstünü torpaqlayıb üzərində bina tikiblər. İndi həmin yarğanlardan axan su bizə çatanda səviyyəsi qalxır və butün burada olan evlərin hamısını su basır. Qarşıdan yağışlı payız gəlir. Burada yaşayanların taleyi necə olacaq? Bir nəfər gəlib bizim bu həyati vacib problemimizlə maraqlanmır” deyə R. Əsgərov əlavə edib.

Bu problem təkcə Əsgərovlar ailəsinin deyil. Bu ətrafda yaşayan 30-a yaxın yaşayış evi bu vəziyyətdədir:

“Mən bu torpağı o zamanlar icra hakimiyyətindən aidiyyatı qurumdan rəsmi sənədlərlə almışam. Evimi tikəndə aidiyyatı qurumlardan olan bütün vəzifəlilər gəlib sənədlərimi yoxlayıblar və tikintini qeyri qanuni olduğu üçün dayandırmayıblar.

İndi bu təbii fəlakət baş verəndən sonra bizə bildirirlər ki, guya o evlərimizi qeyri qanuni inşa etmişik. Mənə çox maraqlıdır bu aidiyyatı qurumlara təyin olunan vəzifəlilər dövlət məmuru deyilmi? Mən bu evi birdən-birə qurmamışam axı? Bunu tikəndə niyə bir nəfər gəlib mənim sənədlərimin qeyri-qanuni olduğunu demədi. İndi də biz evimizə dəyən zərəri qarşılamaq üçün bir qurumdan kömək ala bilmirik”. 

Bizim.Media-nın yerli bürosuna bu açıqlamanı həmin küçədə yaşayan Mürvət Verdiyev verib.

Onun sözlərinə görə, problem təkcə dəyən zərərin qarşılanmasında deyil. Ən vacib məsələ gələcəkdə belə daşqın və sellər zamanı burada yaşayan insanların, ailələrin təhlikəsizliyidir:

“Biz dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik. Əvvəllər də güclü yağışlar yağırdı. Bu yarğandan o qədər sellər keçib ki. Mən evimdə pəncərədən seyr edirdim suyun necə axmağını. Bu yolun altında olan və suyun qarşı tərəfə keçməsini təmin edən boruların üstü torpaqlanıb altda qalandan sonra suyun məcrası bağlanıb.

Artıq bu böyük bir fəlakətdir. Kim qarantiya verə bilər ki, yağıntısı çox olan payız aylarında belə dəhşətli sellər olmayacaq?

Burada yaşayan əhalinin təhlikəsizliyi və sağlamlığı heç kimi narahat etmir. Biz aidiyyatı qurumlardan xahiş edirik ki, həmin boruların qarşısının açılmasını və suyun əvvəlki qaydada axımını təmin etməkdə sakinlərə yardımçı olsunlar” deyə M. Verdiyev əlavə edib.

Bu ərazidə yaşayan Rafiq Məmmədov isə bildirir ki, onun evinin bütün sənədləri var. Hətta tikdiyi ev üçün rəsmi çıxarış da alıb.

Amma onun da evinə dəyən ziyanın qarşılanması ilə bağlı heç kim maraqlanmır:

“Bu boruların üstü bağlandıqdan sonra bütün problemlər yarandı. Biz sıravi vətəndaşlar gedib həmin borular üzərinə torpaq töküb orada qeyri qanuni tikinti edənlə dava edəsi deyilik ki, heç bizi vecinə alan da yoxdu. O boyda yağış yağdı, sel getdi yuxarıya, heç bir təsiri də olmadı. Sel bizim evləri yuyub apardı. Evim suyun içindədi.

Dəyən ziyan qalsın bir tərəfə, bir adam fikirləşmir ki, payızda güclü yağışlar vaxtı sellər gələndə bizim taleyimiz necə olacaq. Biz xahiş edirik ki, aidiyyatı qurumlar bu qədər insanın təhlükəsizliyi üçün problemi tezliklə həll etsinlər”.

Məsələ ilə bağlı Gəncə şəhər icra hakimiyyətinə müraciət etdik. Oradan Bizim.Media-nın yerli bürosuna şifahi olaraq bildirdilər ki, bu problem barədə məlumatlıdırlar.

Təbii fəlakət baş verən gün şəhər rəhbərliyi və aidiyyatı qurumların rəhbərləri hadisə yerində olublar. Həmin ərazidə sel sularının axıdılması üçün boruların uzərinin təmizlənməsi və yenidən fəaliyyətinin bərpası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə aid olduğu üçün həmin qurum bu məsələnin həllini həyata keçirməlidir.
Məsələ ilə bağlı qurumun Göygöl Suvarma Sistemləri idarəsinin rəisi İsmayıl Əvəzovla əlaqə saxladıq. O, şifahi olaraq bildirdi ki, qeyd olunan ünvanda sel ötürücü dərə var. Əvvəllər həmin yarğan vasitəsilə yağış və sel suları maneəsiz axıb gedirmiş.

Lakin vətəndaşların əraziləri qeyri qanuni zəbt etmələri nəticəsində boruların qarşısının bağlandığına görə sel suları mayın 25-də ərazini basıb:

“Biz həmin gecə sel suları basan ərazidə olduq. İmkanımız daxilində həmin anda vəziyyətin nəzarətdə saxlanmasına çalışdıq. Lakin bununla problemin həll etmək mümkün deyil.

Gəncə şəhəri üzrə sel sularının fəsadlarının qarşısı alınması üçün 15 kubmetr saniyə su keçirmə qabiliyyətinə malik yeni sel ötürücüsünün layihəsinin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulub. Bu məqsədlə müəyyən olunan vəsait ayrıldıqdan sonra işlərə başlanıla bilər” deyə İ.Əvəzov əlavə edib.

Bu problemin kim tərəfindən necə və nə zaman aradan qaldırılması yenə sual olaraq mücərrəd qalır. Əsas məsələ bu ərazidə yaşayan insanların təhlükəsizliyidir.

Axı onlar günahkar deyil ki, hansısa dövlət məmuru qeyri qanuni torpaq satıb, hansısa aidiyyatı qurumun rəhbəri səhlənkarlıq edərək sel sularının borusun üzərini torpaqlamağa icazə verib.

Görünən odur ki, burada yaşayan vətəndaşlar qarşıdaki aylarda və illərdə böyük fəlakətlə üz-üzə qalıblar. Əgər nəzərə alsaq ki, qarşıdan yağışlı-tufanlı payız ayı gəlir və hər dəqiqə həmin dəhşətli anlar təkrarlana bilər, burada yaşayanların, sıravi sakinlərn narahatlığı başa düşüləndir.
 


 
 





Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin