Xəbər verdiyimiz kimi Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli orta məktəbin qarşısında inşa edilmiş bulaq kompleksinin üzərindəki yanlış yazılar bir müddət əvvəl sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
“Grammar.Azi” səhifəsinin paylaşdığı fotodan aydın görünürdü ki, kompleksin üzərinə yazılmış “Şəhid bulağı” sözlərində orfoqrafik səhvlərə yol verilib. Belə ki, “bulağı” əvəzinə “bulaqı” yazılıb.
Məsələ ilə bağlı Bizim.Media bir müddət əvvəl Şabran rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, “ən qısa zamanda yol verilmiş yanlışlıq aradan qaldırılacaq”.
MÖVZU İLƏ BAĞLI:
Şabranda şəhid bulağının üzərindəki lövhədə YANLIŞLIQ – FOTOFAKT
Problemlə əlaqədar, yenidən Şabran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev bildirib ki, təəssüf ki, yanlışlıq hələki aradan qaldırılmayıb:
“Həmin bulağı şəhidin atası öz vəsaiti hesabına inşa edib. Rayon İcra Hakimiyyəti sadəcə bulaq üçün yer ayırıb. Ona görə bulaq üzərindəki yanlışlığa bizim tərəfimizdən yol verilməyib. Yanlışlığı aşkar edəndən sonra şəhidin atasına bunu bildirdik. O da bizə bildirdi ki, “özüm bilirəm nə vaxt düzəldəcəm”.
İlkin Ağayev onu da əlavə edib ki, mövzu həssas olduğu üçün Şabran Rayon İcra Hakimiyyəti məsələyə birbaşa müdaxilə edə bilmir:
“Evin tək oğlu idi. Allah rəhmət eləsin. Atası hər gün o bulağın ətrafında olur. Ona görə də biz gözləmək məcburiyyətində qalmışıq. Yəqin ki, ən qısa zamanda nöqsan aradan qaldırılacaq”.
Surxay Atakişiyev, Bizim.Media