Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azəbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Erməni İcmasına ünvanladığı sonuncu sülh mesajı haqqında Bizim.Media-nın suallarını cavablandırıb.
- Təxminən iyun ayında erməni icmasına məhz erməni dilində sülh mesajı ilə müraciət etmişdiniz. Amma onların reaksiyası hərbi təxribatlarla nəticələndi, müharibə başladı. İndiki sülh mesajınıza necə, sağlam cavab veriləcəyinə inanırsınız?
- Qarabağın erməni icmasına etdiyimiz sonuncu müraciətə də heç bir məntiqli cavab gəlməyib. Düşünürəm ki, onların bu görməzdən gələn davranışları və saymamazlığına torpaqlarımıza qayıtdıqdan sonra son qoyulacaq. Çünki orada qalmaq istəyən ermənilər Azərbaycanın Konstitusiyasına və qanunlarına uyğun yaşamalı olacaqlar. Kim ki, Dağlıq Qarabağda bizim qanunlarımızla yaşamaq istəməyəcək, çıxıb gedə bilər.
- Bu sülh mesajınızda ermənilərə ünvanladığınız əsas fikir nədir?
- Sonuncu sülh mesajımda onu dedim ki, erməni icması silahı yerə qoymalı, Azərbaycan Ordusunun tərəfinə keçməlidir. Onlar bunu etməsələr legitim hərbi hədəfə çeviriləcəklər. Həmçinin sülh mesajımda onu da vurğuladım ki, bizim təklifimizlə razılaşsalar onların iqtisadi, siyasi, sosial və digər hüquqları bərpa ediləcək. Azərbaycan Respublikasının vətəndaşları kimi tam və bərabər hüquqlu vətəndaş olmaq istəyirlərsə bizim çağırışlarımıza cavab verməlidirlər.
- Erməni xalqı özlərinin cinayətkar xunta rejimi başçılarını məsuliyyətə necə cəlb edəcək?
- Azərbaycan hökuməti və Ordusu qarşısında çökmüş Paşinyan ikinci zərbəni elə Ermənistan xalqının özündən alacaq. Ona görə ki, o, xalqı aldadıb, onlara boş-boş vədlər verib. Və ən nəhayət, Ermənistan xalqını aldadaraq onları müharibəyə sürükləyib. Şuşanı paytaxt elan etmək kimi vədləri Paşinyana baha başa gələcək. Beynəlxalq hüquq normları, beynəlxlaq müqavilələr imkan verir ki, Paşinyan və onun kimi hakimiyyət başçıları cinayət məsuliyyətinə cəlb edilsin.
-Qarabağa qayıtdıqdan sonra erməni icması ilə birgə yaşayışımızı necə görürsünüz?
-Erməni icması Dağlıq Qarabağda yaşamaq istəyəcəksə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin mərhəmətinə, humanistliyinə sığınmalıdırlar. Və onlar Qarabağ Azərbaycandır! fikirlərini beyinlərinə həkk etməlidirlər. Ondan sonra bizim Konstitusiyamıza və qanunlarımıza uyğun şəkildə orada olan sakinlərlə bir yerdə yaşayışımız mümkün ola bilər. Ancaq mən əminəmki, beyinləri nifrətlə dolmuş ermənilərin əksəriyyəti çıxıb gediblər. Onlar bu kin-küdurətlə çətin ki, bizimlə yaşasınlar. Çünki görürlər ki, Azərbaycan öz ərazi bütovlüyünü bərpa edir, onlar da bunu həzm edə bilmirlər.
Gülşanə Mustafayeva, Bizim.Media