Azərbaycanda demoqrafik vəziyyət əhalinin sayının ilbəil artması ilə səciyyələnir. Belə ki, 2000-ci ildə əhalinin sayı 8,0328 milyon nəfər olduğu halda, 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 10,156 milyon nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə avqustun 28-də Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda əks olunub.
MÖVZU İLƏ BAĞLI:
Pensiya və sosial müavinət alanların sayı AÇIQLANDI
Sənədə əsasən, əhalinin ümumi artımı müvafiq olaraq təbii səbəblərdən çətin həyat şəraitinə düşən şəxslərin sayına təsir edib.
Həmçinin, orta ömür uzunluğunun artması əhalinin yaş strukturunda ahıl şəxslərin payının artmasını şərtləndirib.
Azərbaycanda ahıl şəxslərin sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, 452,1 min nəfərə çatıb.
Beləliklə, son 22 ildə əhalinin ümumi sayı 26,44 faiz artdığı halda, ahıl şəxslərin sayında 99,4 faiz artım qeydə alınıb.
Mövzu bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev, əhalinin say tərkibinin dəyişməsinin və ahıl şəxslərin sayının artmasının qlobal tendensiya olduğunu diqqətə çatdırıb:
“Bu proses bütün dünyada olduğu kimi, Azərbaycanda da artıb. “Statistikadan da göründüyü kimi, ahılların sayında ciddi artım var. Bu da əhalinin təbii artımındakı mənfi saldo ilə bağlıdır. 2013-cü ildə bu göstərici 35 faizə yaxın idi. Son proqnozlara görə, ölkədə ahılların sayının artımı bir neçə onillik ərzində davam edəcək”.
Ekspert ahıl insanlar arasında qadınların sayının çoxalmasına da diqqət çəkib:
“Ahıl əhali arasında orta yaş dövrünün kişilər üçün 71, qadınlar üçünsə 76 yaşdır. Orta statistik hesablamalar əsasında, onların pensiyaya çıxdıqdan sonra 12 il pensiya alacağı proqnozlaşdırılır. Ölkəmizdə hətta 80, 90, 100, hətta ondan yuxarı yaşda vətəndaşlarımız da var. Amma onların çəkisi nisbətən azdır. Bu yaş hədləri ilə bağlı statistika diqqəti cəlb etmədiyi üçün ağırlıq 71-76 yaşlı insanların üzərinə düşür”.
Onun sözlərinə görə, 10 il əvvələ qədər gənclər ölkə əhalisinin təxminən 29 faizini təşkil edirdi:
“Hazırda isə bu göstərici 22 faizə yaxındır. Maraqlı cəhət odur ki, son illər doğum zamanı oğlanların sayı qızların sayından çox olur. Bu, təxminən 27 yaşa qədər belə davam edir, ancaq bundan sonra qızların sayında artım baş verir”.
Müsahibimiz, 20-25 il əvvəl çoxuşaqlı ailələrin sayının kifayət qədər çox olduğunu vurğulayıb:
“Ölkəmizdə 7-8 uşaqlı, hətta 10-12 uşaqlı ailələr vardı. Amma hazırda bu göstərici ciddi şəkildə aşağı düşüb və bir ailədə ən yaxşı halda 3, nadir hallarda isə 4 və ya 5 uşaq olur. Artıq 1 uşaqlı ailələrin sayı da artmaqdadır. Bu da onu göstərir ki, ölkədə ailə planlaşdırılması düzgün aparılmır və bugünkü çətinliklər fonunda planlamada bəzi dəyişikliklər etməli olurlar.
Bir sözlə, demoqrafik dəyişikliklər insanların həyat şərtləri ilə bağlıdır və sosial-iqtisadi vəziyyətin imkan verdiyi səviyyədə uşaqlarının sayının az olmasına üstünlük verilir. Bu ondan irəli gəlir ki, dövlətin demokrafk artımı stimullaşdıran aktiv və praktiki sosial dəstək layihələri yoxdur. Ona görə ki, belə layihələrə hələlik lüzum görülmür.
Əgər həyəcan siqnalı çalınsa, hökumət sosial dəstək layihələrini işə salmağa məcbur olacaq ki, bu da demoqrafik artımı dəstəkləyə bilər. Cəmiyyətdə çoxuşaqlı ailələrin stimullaşdırılmasını təşviq edən layihələr işə düşərsə, yeniyetmə və gənclərin xeyrinə dəyişiklik müşahidə oluna bilər, hətta əhalinin qocalmasının qarşısını bu şəkildə almaq olar. Son illər nigahların sayında da azalma var, amma boşanmalarda kəskin artım tendensiyası müşahidə olunur ki, bu da təbii artıma təsir edir”.
Rövşən Ziya, Bizim.Media