Sığınacaqda yaşayan 34 uşaq sənədləri olmadığına görə məktəbə GÖTÜRÜLMÜR  

Hazırda oxunan: Sığınacaqda yaşayan 34 uşaq sənədləri olmadığına görə məktəbə GÖTÜRÜLMÜR  

152912

Azərbaycan Uşaqlar Birliyinin sığınacağında reabilitasiya keçən 54 uşağın içərisində sənədi olmayanlar məktəbə və bağçaya buraxılmır. 

Bizim.Media-ya bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə məsələ ilə bağlı Elm və təhsil naziri Emin Əmrullayevə məktubla müraciət edib.
 

MÖVUZ İLƏ BAĞLI:

Əvvəlki illərdə doğulan və sənədi olmayan 926 uşaq aşkarlandı


O, Nazirliyə müraciətində elektron sistemdə sənədsiz uşaqlar üçün pəncərə açılmasını istəyib.

“Mənim balalarım təhsil almalıdır. Bu, onların haqqıdır. Sənədləri olsa da, olmasa da onlar oxumalıdır. Təhsil onların gələcəyidir. Uşaqların sənədi olmadığına görə nə məktəbə, nə də bağçaya götürürlər. Bakı şəhəri, Binəqədi rayonu 246 saylı məktəbdə təhsilə, eləcə də fərdi təhsilə cəlb olunacaq 22 uşaq yeni tədris ilində birinci sinifdə oxumalıdır.

12 bağçayaşlı uşaq isə məktəbəqədər təhsilə cəlb olunmalıdır. Çarəsiz vəziyyətdə gözləyirik. Qeyd edim ki, bu uşaqlar insan alverinin, məişət zorakılığının, erkən nikahların potensial qurbanlarıdır. Kimsəsiz, baxımsız və bu qəbildən olan uşaqlara Mərkəzimizdə sosial, psixi, tibbi hüququ yardımın göstərilməsi, onların sığınacaqda təhsillə, paltarla, qida və zəruri xidmətlərlə təmin edilməsi həyata keçirilir. 

Hansı ki, bu təşkilat Nazirlər Kabinetinin 2012-ci il 25 aprel 89 nömrəli qərarına uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərə xidmət göstərilməsi üçün akkreditasiya olunub”. 

Kəmalə Ağazadə əlavə edib ki, sənədlərində problemləri olsa da, Azərbaycan vətəndaşları olan bu fidanların təhsildən kənarda qalması qəbuledilməzdir. 

Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında məsələnin araşdırıldığını və xüsusi nəzarətlərində olduğunu bildirib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin