Bir qalanın SİRRİ: Divonkədən REPORTAJ - FOTO

Hazırda oxunan: Bir qalanın SİRRİ: Divonkədən REPORTAJ - FOTO

152879

Ağqoyunlu və  Səfəvilər dövrünə aid edildiyi güman edilən tarixi abidənin aşkar edilməsi bir təsadüfün nəticəsi olub. Strateji baxımdan əlverişli məkanda  yerləşən qalanın əhəmiyyəti onun bir tərəfdən İranla sərhəd olması, digər baxımdan da Astaranın ən yüksək nöqtəsində qərar tutmasıdır. Buradan ətraf əl içi kimi görünür. Söhbət Astara ronunun Alaşa kəndi ərazisində yeni aşakar edilən Əlişah qalasından gedir. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin toplusu” şöbəsinin əməkdaşları Azərbaycanın cənub bölgəsində, Astara rayonunun Alaşa kəndi ərazisində orta əsrə aid olduğu güman edilən qalanın qalıqlarını aşkar ediblər.

Hazırda el arasında Əlişah, Divonkə adı ilə adlandırılan qədim abidənin  öyrənilməsi istiqamətində  tədqiqatların aparılması qərara alınıb. 

Astaraya çatanda günəş günün yarsını haqlamışdı. Cırhacır istilərin olmasına baxmayaraq dağlar qoynunda yerləşən Alaşar kəndində rahatladıcı bir sərinlik vardı. Elə bu rahatlıqla alimlərimizə yaxınalşdıq. 

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin toplusu” şöbəsinin müdiri Mikayıl Mustafayev həmkarları ilə birgə keçmişin sirlərini öyrənməyə çalışır. 

Astara şəhərindən 10 km cənub-qərb istiqamətində mövqe tutan Alaşa kəndi strateji baxımdan əlverişli şəraitdə yerləşir. Qala dəniz səviyyəsindən 70-100 metr yüksəklikdə, sıldırım qayalar üzərində yerləşir. Digər tərfədən isə İranla sərhəddə yerləşən kəndin bir tərəfini dağlar, bir tərəfini də dəniz əhatə edir. Bu da dənizdən olan hər hansı təhlükəni müşahidə etmək üçün çox əlverişlidir. Bu kəndin daha bir özəlliyi isə İsti su müalicəvi bulağının olmasıdır. Elə buna görə də yeni tapılan qalanın gözətçi məntəqə funksiyasını yerinə yetirildiyi ehtimal olunur. 


Yerli əhali arasında bu yeni aşkar edilən qalaya  Alaşa qalası, Əlişah qalası və Divonkə qalası deyənlərə rast gəlmək olar. Çünki bu adlarla bağlı kənddə müxtəlif əfsanə və rəvayətlər mövcuddur. 

Əfsanələrin biri ondan ibarətdir ki, abidə Divonkə, yəni divlərin məskəni kimi adlanır. Qala sıldırım qayalar üzərində salındığı üçün Əlişah adlı bir şah bu yeri özünə mühafizə məntəqəsi kimi seçib.Və şah yenidən ərazidə müxtəlif mühafizə qalaları yüksəldib, qalaya bulaqlar çəkilib. Hazırda həmin kərpic divarların qalıqları qalmaqdadır. Bir ehtimala görə elə həmin şahın adıyla qalanı Əlişah qalası adlandırıblar. 

Mikayıl Mustafayev (AMEA Arxeolojiya və Etnoqrafiya İnstitutunun  tarif üzrə fəlsəfə doktoru) deyir ki, yeni tapılmış abidəyə baxış zamanı ərazidən şirli və şirsiz saxsı maddi-mədəniyyət nümunələri, dağılmış memarlıq tikinti qalıqları aşkar olundu. Aşkar olunmuş materiallara əsasən, abidənin orta əsrlərə aid olduğu ehtimal edilir. 

Qala strateji cəhətdən çox əlverişli mövqedə tikilib, bu qaladan xarici hücumlardan vaxtında xəbərdar olmaq üçün gözətçi mətəqəsi kimi istifadə olunduğu  ehtimal olunur. Abidənin divarları tağ formalı bişmiş kərpiclərlə sal qaya üzərində tikilmişdir. Qalada otaqlar mövcuddur ki, otaqların bir qismi zindan xarakteri daşıyıb və onlar arasında keçid mövcud olub.  


Abidələr üzrə mühafizəçi Baloğlan Xudadov deyir ki, bu qalanın tapılması təsadüf nəticəsində baş verib: 

“Deməli, burda Astara-Bakı yolunu  çəkilişi üçün xammal aparılmalı imiş. Həmin xammalı götürəndə bu qala da həmin siyahıya düşüb. Kənd ziyalılarının qarışması nəticəsində bizi xəbərdar etdilər, biz də gəldik.  Qala haqqında  memarlıq institutuna, arxeologiya institutuna müraciət elədik. Bizim müraciətimizi nəzərə alaraq Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları birlikdə burda motitorinq kecirdik. Həmin mütəxəssislər belə qənətə gəldilər ki, buranın həm strateji əhəmiyyəti var, həm də ki, burada müəyyən qazıntı işləri arxeoloji işlərin aparılması lazımdır. 


Bundan başqa abidə ilə bağlı müəyyən mənbələrdə qeyd olunur ki, 1990-cı illərin əvvəllərində Sovet Ordusu hərbiçiləri ərazidə müntəzəm olaraq təlimlər keçiblər. Qala, təlim vaxtı dağıntılara məruz qalıb. 

Tədiqatçı-alim Mikayıl Mustafayev bildirdi ki, yeni aşkar edilən abidənin tarixi və dövrünü dəqiqləşdirilməsi məqsədi ilə yaxın müddətdə arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulub.

“Güman edirəm ki, qazıntılar zamanı aşkar ediləcək maddi-mədəni tapıntılar Azərbaycanın qədim tarixinə dair maraqlı, elmi faktların aşkar olunmasına səbəb olacaq”. 


Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin