Məktəblilərin belini bükmüş ÇANTALAR – Övladlarımız ağır yükdən nə vaxt XİLAS OLACAQ?

Hazırda oxunan: Məktəblilərin belini bükmüş ÇANTALAR – Övladlarımız ağır yükdən nə vaxt XİLAS OLACAQ?

152702

Qarşıdan yeni dərs ili gəlir və hər il olduğu kimi, bu il də çantaların ağırlığı və uşaqlara verdiyi əziyyətlər gündəmdədir. Dərs yükünün ağır olması ilə əlaqədar olaraq, çantalar həddindən artıq ağır olur və buna görə, məktəblilər onu daşımaqda əziyyət çəkirlər və bu yükü valideynlər daşımalı olurlar.  

Bu məsələ bir neçə dəfə gündəmə gətirilsə də və bəzi ekspertlər və mütəxəssislər tərəfindən yükün azaldılması ilə bağlı təkliflər səsləndirilsə də, qulaqardına verilib və heç bir iş görülməyib.

Əksinə, ildən-ilə dərs yükü daha da artırılır və bunun əziyyətini aşyaşlılarla valideynləri çəkirlər. Ümumiyyətlə, ağır çantalar uşaqlarda hansı fəsadlara yol açır? Uşaqların fiziologiyası və böyüməsi ağırlıq nəticəsində hansı zərbələrə məruz qalır? 

Bizim.Media-nın bu və digər suallarını cavablandıran 5 saylı uşaq poliklinikasının pediatr-həkimi Məhsəti Nəcəfova bildirib ki, normal inkişafda olan orqanizmə həddindən artıq yük düşən zaman uşaqların fiziologiyasına və böyüməsinə çox pis təsir edir:
 

MÖVZU İLƏ BAĞLI:

Şagirdlərin sağlamlığına TƏHLÜKƏ – 2.5 manata məktəbli köynəkləri SATILIR – VİDEO 


“Əsasən də onurğa sütunu və pəncələrin inkişafı zəifləyir və onlarda skaliyoz (onurğa sütünunun yana əyriliyi) deyilən xəstəliyin yaranmasına səbəb olur. Onu da nəzərə alaq ki, indiki uşaqların əksəriyyətində Vitamin -D və Kalsium çatışmamazlığı olur ki, bunu da valideynlər laborator müayinə etdirmədiyi üçün bilmir.

Ancaq bu problem ciddiləşəndə sümüklərdə deformasiyalar, yəni əyilmələr baş verir. Onurğanın özünün sürətli əyilməsi isə digər orqanların inkişafına təsir edir və bütün daxili orqanlara, ayaqlara, pəncələrin quruluşuna, dabanın düzgün formalaşmasına mane olur”. 

Çantalarla bağlı normativlərin olduğunu söyləyən həkim bildirib ki, buna mütləq əmək etmək lazımdır:

“Amma bu gün heç kim bunlara əməl etmək istəmir. Çantanın çəkisini uşağın sağlamlıq vəziyyətinə görə tənzimləmək olar. Əgər uşaq sağlam orqanizmə malikdirsə, normal çəkidə olan çanta daşıya bilər. Yaxud uşaqda hansısa bir problem, yəni onurğa əyriliyi varsa, onun yüklənməsi qəti şəkildə imkan vermək olmaz. Ona görə ki, yükləndikcə, əyriliyi daha da artacaq”.

Həkimin sözlərinə görə, inkişaf ermiş ölkələrdə dərs kitabları məktəbdə qalır və şagirdlər bunları özləri ilə evə aparmırlar: 

“Onlar kitabı məktəbdə açıb oxuyur və dərs öyrənirlər. Əslində, problemin kökünü təhsil sistemində axtarmaq lazımdır. Dərs vəsaitlərinin sayı həddindən çoxdur. Lazım olan və ya olmayan dərslər kifayət qədərdir. Uşağı bir az da valideyn yükləyir və belə ciddi problemlər ortaya çıxır. Bir müddət sonra inkişaf etməkdə olan yeni nəsillərdə çox ağır fəsadlar yaradacaq. Bu baxımdan da yükün azaldırması üçün yuxarıda qeyd etdiyim sistemi Azərbaycana da gətirmək olar”. 

Şahidi olduğu bir məsələni də diqqətə çatdıran müsahibimiz vurğulayıb ki, bəzən satış məntəqələrində və ya bazarlarda məktəb yaşlı övladları üçün alış-veriş edən valideynlər uşaqların boyundan və çəkisindən ağır çantalar seçirlər:

“Bu da həmin valideynlərdə yaranan həsəd və rəqabət hissindən yaranır. Kiminsə çantası daha bahalı və böyükdürsə, onun da övladı belə çantaya sahib olmalıdır. Valideyn ilk növbədə uşağının sağlamlığını düşünməlidir. Daha çox çantanın komfortlu, yüngül və rahat olmasına diqqət yetirməlidir. Həm çantanın, həm də kitab-dəftərlərin ağırlığı uşağa əziyyət verə bilər”. 

Pediatr-həkim bildirib ki, cəmiyyətin inkişaf etməsi üçün ilk növbədə təhsil sistemi dəyişməli və ən mükəmməl səviyyəyə çatmalıdır:

“Bunun üçün bu sistemdə olan çoxsaylı çatışmamazlıqlar aradan qaldırılmalıdır. Məktəblərdə təhsil yükü azaldılmalı və inkişaf etmiş ölkələrin təcrübəsindəki ən müasir sistem tətbiq olunmalıdır. Ona görə ki, gələcəyimiz bundan asılıdır. Ümid edirəm ki, yaxın vaxtlarda bütün problemlər aradan qaldırılacaq və normal cəmiyyətin inkişafı üçün lazım olan tədbirlər görüləcək”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin