Xaçmazlı sahibkarlar nanotexnologiyadan necə faydalanırlar? – Maraqlı faktlar - FOTO

Hazırda oxunan: Xaçmazlı sahibkarlar nanotexnologiyadan necə faydalanırlar? – Maraqlı faktlar - FOTO

152320

Xaçmaz rayonunda fındıq yığımının qızğın vaxtıdır. Kəndlilər topladıqları fındıqdan normal qazanc götürmək və itkiyə yol verməmək üçün fındıqtəmizləyən texnikadan istifadə edirlər. Bu texnika fermerlərin və fındıqçılıqla məşğul olan insanların işini xeyli rahatlaşdırır.

Bizim.Media əməkdaşları Xaçmazın Palıdlı kəndindəki təsərrüfatda bu texnikanın iş prosesini yaxından izləyib.

Müşahidələrimiz zamanı fındıqtəmizləyən texnikanın yığılmış fındığın keyfiyyətlisini ayırdığını, tozu və məhsulun qabığını kənara atdığını gördük. 

Elevatora tökülən fındığın xarab hissəsi də kənara atılır. Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin texniki nəzarət üzrə baş mütəxəssisi Əlibəy Rəhimov fındıqtəmizləyən texnikanın əl əməyini xeyli yüngülləşdirdiyini bildirib: 

"Məhsulun tez qurumasına kömək edir. Proses zamanı kisələrə yalnız saf məhsul tökülür, içi boş olanı, zəifini kənara atır. Texnikanın əsas özəlliyi bunlardır. Bu texnika qabığın altında qalan fındığın kiflənməsinin qarşısını alır, qabığı fındıqdan tez ayırır. Proses ləngiyərsə,  göbələk xəstəliyi yarana bilər ki, bu da məhsulu xarab edər. Kəndli bu texnika vasitəsilə həm vaxtında məhsulunu toplayır, həm də qış aylarında satmaq üçün sağlam fındıq əldə edir." 

Baş mütəxəssisin sözlərinə görə, rayonda 18 fındıqtəmizləyən texnika var. 

Onlardan 3-ü Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin, 15-i isə müxtəlif lizinq təşkilatlarının xətti ilə alınıb. Fermerlər Türkiyə istehsallı bu texnikadan Xaçmazda çox geniş istifadə edirlər.

Qurumdan verilən məlumata görə, Xaçmazda 11730 hektar fındıq bağı var ki, onlardan 9953 hektarı bar verən sahələrdir. Bu günədək rayonda 4700 ton fındıq yığılıb və yığım davam edir.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin