Xəbər verdiyimiz kimi avqustun 22-də paytaxtın 2 5 ulduzlu otelində qida zəhərlənmə hadisəsi baş verib.
Həmin otellərin biri Novxanı çimərliyindəki “Spring Hall”-dir. Burada baş vermiş qida zəhərlənməsindən 4-ü uşaq olmaqla 6 nəfər zəhərlənib.
Digər bir zəhərlənmə isə paytaxtın digər 5 ulduzlu otelində baş verib. Zəhərlənənsə Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsendir. Şahmatçı qida zəhərlənməsi ilə bağlı müvafiq paylaşımlar edib.
5 ulduzlu otellərdə qida zəhərlənməsi xeyli təəccüb və təəssüf doğurur. Çünki, bu bir tərəfdən ölkəmizin turizm imicinə ciddi zərbə vurur.
Digər tərəfdənsə 5 ulduzlu oteldə qida zəhərlənməsi bu sahəyə nəzarətin çox aşağı səviyyədə təşkil edildiyini göstərir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynov bildirdi ki, ilin sonunda AQTA-nın hazırladığı hesabata baxsaq görəcəyik ki, il ərzində baş vermiş qida zəhərlənməsinin çox cüzi hissəsi orada öz təsdiqini tapıb:
“Azad İstehlakçılar İB dəfələrlə məsələ qaldırıb ki, AQTA hesabatlarında qida zəhərlənməsini Ümumdünya göstəricisindən 700 dəfə az göstərir. Ciddi-cəhdlə və məqsədli şəkildə qida zəhərlənmələrinin dəqiq sayı gizlədilir.
Ən pisi də odur ki, qida zəhərlənməsinə görə heç bir ciddi iş görülmür. Normalda qidadan zəhərlənməyə görə xidmət göstərən təşkilat tərəfindən vətəndaşa kompensasiya verilməlidir.
Amma bizim cəmiyyətdə belə hala çox nadir hallarda rast gəlinir. Qəribədir ki, qidadan zəhərlənən vətəndaş müalicəni çox zaman öz vəsaiti hesabına aparır. Bu sadəcə anormallıqdır”.
Eyyub Hüseynov onu da qeyd etdi ki, bu gün adı çəkilən və çəkilməyən bütün iaşə obyektləri AQTA-dan reyestrdən keçib:
“Lakin, reyestrdən keçmiş bəzi iaşə obyektlərində vətəndaşlara zəhərli qidalar verilir. Yay mövsüm ilə əlaqədar bizim Birlik regionlarda monitorinqlər keçirir. Gördüyümüz mənzərə sadəcə təəssüf doğurur. Əksər iaşə obyektində ən adi sanitar-gigiyena qaydaları gözlənilmir.
Baş vermiş son zəhərlənməyə görə təkcə AQTA və zəhərlənmənin baş verdiyi iaşə obyektinin sahibi yox, həm də həmin otellərə ulduz verən təşkilatlar da məsuliyyət daşıyır.
Təəssüflə deməliyəm ki, 5 ulduzlu otellərimizdə qida zəhərlənməsi hallarının baş verməsi ölkəmizin turizm sektoruna və onun imicinə çox ciddi zərbə vurur”.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə məsələ ilə bağlı Bizim.Media-ya danışarkən bunları dedi:
“Hər bir iaşə obyektindəki qidalara AQTA ilə yanaşı həmin obyektlərdəki qida təhlükəsizliyi şöbəsi nəzarət etməlidir.Və həmin şöbənin müvafiq işçiləri olmalıdır ki, onlar mütəmadi olaraq verilən qidalara nəzarət etsinlər. Çünki, çox zaman müştərinin nədən və hansı şəraitdə zəhərləndiyini müəyyən etmək çox çətin olur.
Qidalanmadan həmən sonra həkimə müraciət edən müştərinin nədən zəhərlədiyini müəyyən etmək olur. Lakin, müəyyən müddətdən sonra həkimə müraciət edən vətəndaşın konkret olaraq nədən zəhərləndiyini müəyyən etmək çətin olur. Belə vəziyyətdə isə çox zaman qida zəhərlənməsini günvurma və yaxud soyuqdəymə ilə qarışdırırlar”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:50 / 25.08.2023
Artan qida zəhərlənmələri nəzarətin zəif olmasının göstəricisidir - Ekspertlərdən AQTA-ya ÇAĞIRIŞ
Hazırda oxunan: Artan qida zəhərlənmələri nəzarətin zəif olmasının göstəricisidir - Ekspertlərdən AQTA-ya ÇAĞIRIŞ
Hazırda oxunan: Artan qida zəhərlənmələri nəzarətin zəif olmasının göstəricisidir - Ekspertlərdən AQTA-ya ÇAĞIRIŞ
152195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.