24 yaşında könüllü olaraq Birinci Qarabağ Müharibəsinə getmiş Araz Bağı oğlu Rüstəmov ata evindəki vida vərasimindən sonra Giləzi qəsəbə Şəhidlər Xiyabanında dəfn edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərbi orkestrin sədaları altında torpağa tapşırılan Araz Rüstəmovun ruhuna dualar oxunub.
Qeyd edək ki, bir neçə gün əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.
Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.
*** 14:23
Şuşa həbsxanası ətrafında kütləvi məzarlıqda sümükləri aşkarlanmış 15 insan qalıqlarından daha bir nəfərin - Araz Rüstəmovun tabutu Xızının Giləzi qəsəbəsinə gətirilib.
Bizim.Media xəbər verir ki, şəhidin qalıqları olan cənazəni rayon rəhbərliyi, idarə, təşkilat rəsmiləri, sakinlər, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri qarşılayıblar.
Şəhidin nəşi Giləzi qəsəbəsinə, doğulduğu ata evinə gətirilib.
Hazırda Araz Rüstəmovla ata evində vida mərasimi keçirilir. Vida mərasimindən sonra Araz Rüstəmov Giləzi qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu