Cəlilabadda aparılan arxeoloji qazıntılar zamanı nə tapılıb? - FOTO

Hazırda oxunan: Cəlilabadda aparılan arxeoloji qazıntılar zamanı nə tapılıb? - FOTO

152049

Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə abidəsində arxeoloji qazıntılar aparılır.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, qazıntılar Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun  aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent arxeoloq Anar Ağalarzadənin rəhbərliyi altında həyata keçirilir.

A. Ağalarzadənin sözlərinə görə, qazıntı işləri hazırda ilkin mərhələdədir:

"Bu ilki qazıntılar yaşayış məskənində davam etdirilir. Çoxtəbəqəli olan bu abidənin üst qatında Orta əsrlərə aid zəngin maddi mədəniyyət qalıqları üzə çıxır. Qazıntılar zamanı şirli və şirsiz saxsı məmulatı, ocaq yerləri, təndir qalıqları tapılıb. Qazıntılardan aşkarlanan 1 ədəd mis sikkə maraq doğurmaqla yanaşı abidənin Orta əsrlər təbəqəsinin dəqiq tarixini müəyyən etməyə imkan verir. Biz bu sikkəni tarix üzrə fəlsəfə doktoru, dosent Akif Quliyevə göndərdik. Onun tədqiqatlarına görə bu sikkə Hülakülərin 9-cu hökmdarı Sultan Əbu Səid Bahadur (1305-1335) xanın adına kəsilmiş puldur. Hazırda abidədə arxeoloji qazıntılar dərin qatlara doğru davam etdirilir".

Qeyd edək ki, sahəsi 7 hektara yaxın olan abidə Cəlilabad-Yardımlı şose yolunun 22-ci km-də, Çəmənli və Cəlayir kəndləri arasında, hündür təbii təpə üzərində yerləşir. Yerli tarixçi Rza Rzayevin məlumatı əsasında abidəyə ilk dəfə olaraq XX əsrin 90-cı illərində arxeoloq Fərman Mahmudov ilkin baxış keçirmiş və onu çoxtəbəqəli yaşayış məskəni kimi qeydə alınıb. 
İki il öncə Xudutəpədə arxeoloji qazıntılar aparılıb. Bu zaman abidənin şimal tərəfində aparılmış arxeoloji qazıntılar nəticəsində torpaq qəbirlər olduğu müəyyən edilib. Qazıntılar zamanı tapılmış torpaq qəbirlərdən maraqlı dəfn avadanlıqları üzə çıxıb. Aşkarlanmış saxsı qablar analoji olaraq Muğan və Naxçıvan arxeoloji mədəniyyətləri, eyni zamanda Cənubi Azərbaycanın bir çox abidələri ilə analogiya təşkil edir.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin