İllərdir Qarabağ müharibəsinin acısını yaşayan Rüstəmovlar ailəsi yenicə xəbər çıxan doğmalarının qalığını qarşılayıb dəfn etməyə hazırlaşır. Bu günlərdə əsir düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundovun açıqladığı məlumatda kimliyi bəlli olan 15 nəfərdən birinin Xızı rayonunun Giləzi qəsəbəsində doğulmuş Araz Bağı oğlu Rüstəmov olduğu məlum olub.
Şuşa həbsxanasının ərazisində tapılan insan qalıqlarının hərtərəfli müayinəsindən sonra onlardan birinin Araz Rüstəmova məxsus olması təsdiqlənib və ailəyə xəbər verilib.
Araz Rüstəmovun böyük qardaşı Hacıbaba Rüstəmov bu barədə Bizim.Media-ya açıqlama verib.
Onun sözlərinə görə, xəbəri həm sevinc, həm də kədər hissi ilə qarşılayıblar:
"Anam Firəngiz bu xəbəri eşitməmiş dünyadan köçdü. Vətən Müharibəsindən əvvəl və sonra ailəmizin bütün üzvlərindən DNT analizi götürülüb. Rəhmətlik anamdan da götürmüşdülər. Anam səbrsizliklə gözləyirdi Arazdan bir xəbər çıxmağını. Ölən günədək "Araz" dedi anam. Arazdan nisgilli getdi. Buna çox kədərlənir və təəssüf edirik".
Bununla belə Haçıbaba Rüstəmov ailəsi adından ölkə Prezidentinə və bütün bu prosesləri səbr və təmkinlə apaşmış dövlət orqanlarına təşəkkür edib:
"Sağ olsunlar, əziyyəti olan hər kəsə minnətdarıq. İndi rahat olarıq. Bilərik ki, qəbri var, gedib ziyarət edərik".
Ailə üzvləri danışır ki, Araz cəbhəyə könüllü gedib. O zaman 24 yaşı vardı, "Azərnəşr"də işləyirdi. Qazaxıstanda hərbi qulluq keçmişdi Qarabağda baş verən erməni vəhşiliyinə dözməyib öz istəyi ilə Qarabağa yollanmışdı.
Araz Rüstəmovun 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatında iştirak etdiyi bildirilur. Olduqca vətənpərvər gənc olan Araz Rüstəmov 20 Yanvar hadisələrində də iştirak edibmiş.
Araz Rüstəmovlar ailəsinin 3 oğlundan sonuncusu olub. İndi iki qardaşı, bir baçısı və ailələri Arazın qalıqlarını gözləyir.
Xızı rayon İH başçısının müavini Arzu Əzizov Araz Rüstəmovun qalıqlarının sabah saat 13-də Giləzi qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn ediləcəyini bildirib.
Arazın 31 ildən sonra 55 yaşında doğma yurdunda dəfn edilməsi mərhum anası Firəngizin narahat ruhunu da dincəldəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu