Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşatış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1942-ci il təvəllüdlü Quliyev İmanqulu Əbdül oğluna məxsus ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh İmanqulu qızı və 1997-ci təvəllüdlü Quliyev Toğrul İmanqulu oğlu təcili yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində evin 1-ci mərtəbəsində üç otağın yanar konstruksiyaları 125 m² sahədə yanıb, otaqlarının pəncərə çərçivələri və dəmir barmaqlıqlar yerindən çıxıb.
FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bizim.Media