Bildiyimiz kimi məhərrəmliklə əlaqədar bu ay toy məclisləri dayandırılıb. Məsələnin dini tərəfini qısaca nəzərdən keçirsək, belə bir adətin daha çox şiə məzhəbinin nümayəndələrində vacib olduğu qənaətinə gələrik. Çünki özünü sünni məzhəbinə aid edənlərin çoxu bu ayda toy edir və özlərinə belə bir məhdudiyyət qoymurlar.
Gəlin nəzər salaq görək toyların azalması ən çox hansı sahələrdə böyük ziyana səbəb olub?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri iqtisadçı Akif Nəsirlinin sözlərinə görə bu ayda ən çox ziyan restoran sferasında işləyənlərə dəyir.
MÖVZU İLƏ BAĞLI:
“AQTA restoranlardakı keyfiyyətsiz qidalara nəzarət edə bilmir” – Ekspertdən SƏRT TƏNQİD
“Ümumiyyətlə məhərrəmlik yalnız toylara - şadlıq saraylarına deyil, ümumilikdə ictimai - iaşə obyektlərində işlərin zəifləməsinə səbəb olur. Xeyli insan varki onlar bu ayda özlərinə qadağalar qoyur.
Məsələn şənlənmək qadağası, restoranda oturub əylənmək, hətta gözəllik proseduru etdirmək və s. Bu səbəbdən bütün restoranlarda işlər zəifləyir, şadlıq sarayları ümumiyyətlə fəaliyyətini dayandırır. Bununla yanaşı həmin o restoranlarda istifadə edilən ərzaq məhsullarının dövriyyəsi azalır.
Çünki məhərrəmlikdə şiə təriqətinə mənsub olanlar toy, nişan tədbirlərini özlərinə qadağan edir. Doğrudur sünni əhali belə bir qadağa tanımır.
Ancaq bəzi sünni təriqətinə aid olan insanlar da şiə çoxluğunun adətlərinə hörmət əlaməti olaraq toy-nişani təxirə salır. Hətta səfər ayı da varki nəticədə şiələr əyləncə tip mərasimlərinə 50 gün ara verir”.
Akif Nəsirli vurğulayıb ki mənfi təsirlərlə yanaşı müsbət cəhət odur ki bu yay ətin qiyməti əvvəlki illər qədər dəyişməyib.
‘’Ümumilikdə toyların azalmasının işsizlik, iqtisadi gəlirlərin azalması kimi mənfi cəhətləri olsa da işin bəzi müsbət yanları da var. Diqqət ediriksə yanvar ayından bəri ətin qiymətində hər ay bahalaşma qeydə alınırdı. Yay aylarında isə mövsümlə paralel məhərrəmliyin yay aylarına düşməsi ətin qiymətinin stabil qalmasına təsir etdi. Bunu da hazırki şəraitdə müsbət dəyərləndirmək olar’’.
Sosioloq Elçin Bayramlının sözlərinə görə bir növ bu ərəfələr toyla bağlı sahələrdə işləyənlərin məzuniyyət ayı hesab olunur ki, nəticədə aktivliklə bərabər iqtisadi gəlirlər də azalır.
’’Bu hər il məhərrəmlik ayında baş verən prosesdir. Yəni ənənəyə görə toylar olmur, çox böyük ölçüdə şənliklər olmur. Təbii ki, bu bir çox sahələrə təsirini göstərir’’.
Ekspert sonda qeyd edib ki sözügedən mövzu dini dəyərlərə hörmətdən qaynaqlandığı üçün bu hallar nə qanuni yolla, nə də hər hansı hüquqi müstəvidə tənzimlənmir.
Röyanə Oğuz, Bizim.Media