Son vaxtlar təcili tibbi yardım maşınının çağırıldığı ünvana gecikməsi ilə bağlı ciddi narazılıqlar yaranıb. Bir neçə gün əvvəl tanınmış bloger Nicat Şakirlinin törətdiyi qəzanın şahidləri iddia edirlər ki, təcili tibbi yardim tez gəlsəydi, dostunun həyatını xilas etmək olardı. Təbii ki, təkcə bu deyil onlarla qəza zamanı bu ifadəni eşidirik.
Tək qəza zamanı deyil, həmçinin evə təcili çağırılan bu maşınlar çatana qədər bəzi hallarda xəstə həyatıni itirir və ya vəziyyəti daha da pisləşir.
Bəs təcili tibbi yardımın çağırıldığı ünvana gec çatmasına səbəb və həll yolu nədir?
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsini müdiri Zamirə Adilova Bizim.Media-nın sorğusunu cavablayıb.
MÖVZU İLƏ BAĞLI:
Füzuliyə köçürülənlər tibbi xidmətlə təmin OLUNACAQLAR - FOTO
O bildirib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2500-dən çox müraciət daxil olur.
“Gündəlik çağırışa yollanan briqadalardan əlavə gün ərzində tədbirlərə, çimərliklərə də briqadalar cəlb olunur. Çağırışlar çeşidlənərək optimallaşdırılır və ardıcılıqla icra olunur.
Qaydalara əsasən, təcili yardım 15-20 dəqiqə ərzində, təxirəsalınmaz çağırışlar isə 1 saat ərzində ünvana çatmalıdır.
Bildiririk ki, infarkt, qəza, zəhərlənmə, huşun itirilməsi, hündürlükdən yıxılma, xəsarət zamanı qanaxma, qıcolma, beyin qanaması və s. kimi hallar təcili hal kimi icra olunur. Tövsiyə olunur ki, vətəndaşlar təcili olmayan hallar üzrə poliklinikalara və sahə həkimlərinə müraciət etsinlər’’.
Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə isə gecikməyə səbəb həm obyektiv, yəni təcili yardım xidmətindən asılı olmayan səbəblərə görə olur. Onun fikirincə, həm də subyektiv amillər var ki, onları da aradan qaldırmaq mümkündür.
“Digər sahələrdə olduğu kimi təcili yardım sahəsində də həllini gözləyən, tənzimlənməsi vacib olan məsələlər var. Məsələn, şəhərin yol infrastrukturu elə vəziyyətdədir ki, təcili yardımın operativ, çevik işləməsi üçün çətinlik yaradır.
Yəni yollar, küçələr dar olur, yaxud da tıxac. Bəzi ölkələrdə təcili yardım və ya fövqəladə hal maşınları üçün xüsusi yollar var. Bunu biz Bakı kimi sıx, küçələri dar olan şəhərdə tətbiq edə bilmərik.
Məsələn sürücü səhlənkarlığı, təcili yardıma yol verməyən sürücülər də var. Hesab edirəm ki, təcili yardımda çalışan sürücülər spesifik sürücülər olmalıdır.
Yəni bunlar bu işə uyğun etikada olmalı, mütəmadi təlimlərə cəlb olunmalıdır. Eyni zamanda onlar müəyyən müddətdən sonra testdən keçirilməlidir ki, pis vərdişləri olmasın, spirtli içki içməsin və digər sürücülər üçün də problem yaratmasın.
Həmçinin digər sürücülərlə də maarifləndirmə işləri aparılmalıdır. Xüsusən də sürücülük vəsiqəsi verilərkən nəzərə çatdırılmalıdır ki, bu maşınlara mütləq yol verilsin.
Sonda sosioloq vurğulayıb ki, təcili yardımın qəzalar zamanı gec qalmaması üçün əhalinin sayına uyğun ərazi üzrə təcili yardım məntəqələri və maşınlarının bölgüsü yenidən həyata keçirilməlidir:
“Əhalisi sıx olan rayonlar üzrə təcili yardım xidmətinin düzgün bölgüsü həyata keçirilməlidir ki, əlçatanlılıq təmin olunsun’’.
Röyanə Oğuz, Bizim.Media