Avqustun 20-də Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.
Bu barədə Bizim.Media-ya rayon icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Qeyd olunur ki, avqustun 20-də gecə saatlarında Böyük Qafqazın ətəklərində güclü yağış yağdığından sel-sulara qarşı heç bir tədbir görmək mümkün olmasa da müvafiq orqanlar bütün gecəni Dəmiraparançayında suyun hərəkətini nəzarətdə saxlayıb.
Sel-suların çayda çoxalması əlavə daşqınlara səbəb olmasa da çayın başlanğıcında yerləşən Laza kəndinə gedən yolun bir hissəsini yuyub aparıb. Həmin yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə FHN-nın yerli qüvvələri eləcə də rayonda fəaliyyət göstərən “10 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində Dəmiraparançayın sağ sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub. Hazırda mövcud yolun bərpası istiqamətində işlər davam etdirilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.