Arif Babayevin arzusu - “Doğulduğum kənddə muzeyim olarsa...”

Hazırda oxunan: Arif Babayevin arzusu - “Doğulduğum kənddə muzeyim olarsa...”

151452

O, 65 ilə yaxındır ki, Azərbaycan muğam ifaçılığına, mədəniyyətimizə, mədəni irsimizə xidmət edir. Artıq bu sənətdə öz nəfəsi, yeri və imzası olanlardan biridir.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, haqqında söhbət açmaq istədiyimiz şəxs bu gün muğam sənətinin canlı əfasanəsi sayılır. Bu, Xalq Artisti, “İstiqlal” və “Şöhrət” ordenli Arif Babayevdir. Ömrünün 85-ci baharını yaşayan sənətkarımız son dövr səhhəti ilə bağlı az-az görünsə də onunla görüşüb fikir və düşüncələrini öyrənə bildik. 

Muğamlarda imzası olan sənətkar.  

Azərbaycanda muğam ifaçılığının bir özünəməxsusluğu var. Hər bir xanəndə oxuduğu muğama öz nəfəsini, öz oxuma tərzini, özünəməxsus ifaçılıq ənənəsini gətirir. Arif Babayev belə xanəndələrdəndir. Əsl sənətkar olmaq, xalqın rəğbətini qazanıb ürəklərə həmişəlik yol tapmaq, ən başlıcası, milli sərvətimiz sayılan muğamlarımızın saflığını qoruyub, onu özünəməxsus çalarlarla bəzəyib zənginləşdirmək hər sənətkara nəsib olmur. Böyük sənətkarımız hazırda səhhəti ilə bağlı Qaxda istirahət edir. Onunla görüşüb həm səhhəti ilə maraqlandıq həm də fürsət edib fikirlərini öyrəndik. Hər zamankı kimi gülərüz, mehriban qarşılayır bizi.  

Sənəti və səsi çoxşaxəli insan.

Bu gün milli muğam ifaçılığının görkəmli nümayəndəsi, məlahətli səsi, böyük istedadı ilə ustad xanəndə kimi tanınan Arif Babayev ən qüdrətli sənətkarlardan biri kimi qəbul olunur. Arif Babayev sənəti çoxşaxəlidir. Onun sənəti musiqi tariximizdə, xüsusən muğam sənətində ayrıca, bənzərsiz, özünəməxsus bir məktəbdir. O, XX əsrdə Azərbaycan milli musiqisinin ən yüksək zirvəsi sayılan xanəndəlik sənətini inkişaf etdirərək daha da irəli aparıb. Ömrünün 85-ci baharını yaşayan Arif Babayev Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunub. Keçmişini unutmayan, çətinliklərlə bu məqama çatan sənətkar ötən günləri belə xatırlayır. --"Çox çətinliklərdən keçmişəm mən. Yavaş-yavaş o çətinlikləri görə-görə , oxuya-oxuya. Arzum olub ki, gedib çıxacam operaya. Gəldim çıxdım operaya”. 

Muğam sənətinin ilk professoru.  

Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir. Yeri gəlmişkən Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Muğam sənətinin inkişafı ilə bağlı Arif müəllim nikbindir. -“Azərbaycanda böyük xanəndələrimiz Cabbardan başlayır, Xan Şuşinski , Seyd Şuşinski,  Dərslərdə, o proqramları onlardan öyrənmişik. O böyük sənətkarlar bir məktəbdi. Cavanlarımız da onlardan öyrənirlər. Muğamlarımız yaşayır. Və biz də onların yarışmalarını təşkil edirik. Heydər Əliyev Fondu, Mehriban xanım başda olmaqla çalışırıq ki, muğamlarımız yaşasın.”  

Qürur günümüzdə yenidən doğulan sənətkar. 

Böyük sənətkar deyir ki, 44 günlük şanlı qələbəmiz onun ömrünə ömür qatıb, nəfəsinə nəfəs gətirib. İndi o yurdun hər şeyi öz yerinə qayıdır. --"Mən onu eşidəndə sevincimdən ağladım, gözüm doldu. Şükür Allaha ki, torpağımıza qayıtdıq. Yenə də o torpaqda axtarıb tapacağıq, cavan xanəndələrimiz, sənət adamları meydana gələcək. Ora elə yer,  elə məkandı ki, o çaylardan su içəninin hamısının səsi var. Bir Kötəl arx var, orada dursan , axşam çağı bir də görürsən ki, cürəbəcürə səslər gəlir, və  gözəl səslər gəlir.Sənətimiz də, muğamatımız da hər şey qayıdır”.  

Doğulduğum kənddə muzeyim olarsa.  

Dövlətindən hər zaman qayğı və diqqət görən Xalq Artisti bir təvəqqe və arzusunu da dilə gətirir. “Qədirbilən hökumətimiz mənim əməyimi qiymətləndirib. İstiqlal, Şərəf, Şöhrət ordenləri sağolsunlar hamısını veriblər. Amma o doğulduğum yer var ki, Sarıhacılı kəndi ürəyim istəyir ki. mənim balaca bir otağım olsun, muzeyim olsun. Hər şeyim var, məndə Bakıda evim də. Onu mən həmin evə yığım. Mənim balalarım və başqa balalar gəlib baxanda görsünlər ki, mən necə olmuşam, mən harda olmuşam, necə bu sənəti yaşatmışam” deyir və gözləri dolur. Böyük sənətkarımızı çox yormayaq deyə onunla sağollaşmaq məqamı idi. Ustad sənətkarımız dilə gətirdiyi bu arzusunun reallaşacağı günü səbrsizliklə gözləyirik. Həmin gün Arif müəllimlə birlikdə doğulduğu kənddə muzeyinin qapısını birgə açmaq ümidi ilə sağollaşırıq.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin