Yolların işıqlandırılmaması qəzalara səbəb olur - EKSPERTDƏN AÇIQLAMA

Hazırda oxunan: Yolların işıqlandırılmaması qəzalara səbəb olur - EKSPERTDƏN AÇIQLAMA

151380

Son dövrlərdə yol nəqliyyat hadisələrinin sayı olduqca artmaqdadır. Mütəmadi olaraq baş verən qəzalar bir çox şəxsin ölümünə və ya ağır xəsarətlər almasına gətirib çıxarır. Bu qəzaların baş vermə səbəbləri isə tam olaraq məlum deyil.

Ötən günlərdə məşhur bloger Nicat Şakirlinin avtomobil qəzası keçirməsi, bu məsələ barədə yenidən ölkədə böyük müzakirələrə yol açıb. İnsanların ölümünə gətirib çıxaran qəzalara nəyin səbəb olduğu isə sual altındadır.
 

MÖVZU İLƏ BAĞLI:

8 ilə inşa olunan Zığ-Hövsan yolunda İŞIQ niyə YOXDUR? – Rəsmi AÇIQLAMA 


Bəs bu qəzalara zəmin yaradan səbəb nədir?

"Burada obyektiv və subyektiv səbəblər çoxdur.İnsanlar mütəmadi olaraq sükan arxasında olurlar, fasilə etmirlər, dincəlmirlər və beləliklə yol nəqliyyat hadisələri baş verir."

Bunu Bizim.Media-ya olan açıqlamasında Avtosfer.az saytının rəhbəri, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd edib.

Ekspert bildirib ki, yol nəqliyyat hadisələrinin artması xüsusən yaz-yay aylarında müşahidə olunub.

"Çünki sərhədlər bağlıdır, insanlar istirahət üçün şəxsi avtomobillərindən kənara çıxa bilmirlər. Bölgələrdə qiymətlər həddən artıq bahadır, nəinki xarici turistlər hətta özümüz üçün belə olduqca bahadır. Təsəvvür edin ki, rayonlarda 1 günlük istirahət 250 manatdır və bu qədər irəli getmək "özbaşınalıq" hesab edilir. Bunun sonu da yaxşı görsənmir. İnsanların maddi durumu elə də güclü deyil ki, gedib hardasa uzun müddət istirahət etsinlər və mümkün qədər digər bölgələrə baş çəkməyə çalışırlar. Beləliklə yollarda hərəkətlilik çoxalır."

Ekspert xüsusi olaraq qeyd edib ki, havaların isti keçməsi ilə əlaqədar dənizkənarına gedən insanların sayı çoxdur və intensivlik məhz bu zaman artır. 

"Artıq yol polisi bütün çimərliklərin qarşısına həftəsonları naryad qoyub və o naryadlar orada olmasa, çimərliklərin qarşısında xaos və dəhşətli mənzərə yaranar."

O, həmçinin, yol nəqliyyat hadisələrinə səbəb olan amilləri də vurğulayıb:

"Bu baxımdan düşünürəm ki, 3 əsas amilə diqqət etmək lazımdır: yol, sürücü və mühit.

Birinci növbədə sürücülərimizdən çox şey asılıdır. Yol nəqliyyat hadisələrində onların məsuliyyəti 90%-dı. Yol hərəkəti qaydalarına riayət etməlidirlər. Xüsusən bölgələrə səfərlər zamanı qarşı yola çıxma nəticəsində toqquşmalar baş verir ki, yüksək sürət olduğuna görə belə qəzalarda ölüm dərhal baş verir. Burada birinci səbəb qarşı yola çıxmadırsa, ikinci əsas faktor isə yüksək sürətdir.

Nəqliyyat vasitələrinin texniki vəziyyəti də çox önəmlidir. Azərbaycanda bu gün nəqliyyat vasitələrinin böyük bir hissəsi 20 ildən çoxdur ki, istismar olunur. Bu çox böyük bir göstəricidir və heç də yaxşı hal deyil. Çünki Azərbaycanda demək olar ki, ölkəyə avtomobil gətirilməsi ilə bağlı rüsumlar təxminən 2 ildən bir artır. Artdıqca da insanlar yaxşı avtomobillər əvəzinə daha da pisini alır və yaxud da ölkədəki köhnə avtomobillər dövriyyə edir.

Digər tərəfdən yol şəraiti də əsas amil hesab edilir.Yol nişanları, yolların işıqlandırılması olduqca vacibdir. Lakin təəssüf ki, bu istiqamətlərdə yollarda çox ciddi problemlər var.

İşıqlandırma ilə bağlı dəfələrlə deyilsə də, hələ də görürük ki, problem öz həllini tapmır, bu məsələləri həll etmirlər və bəzən eləmək də istəmirlər.

Hansı yollardakı işıqlandırmalar həll edilirsə, həmin yollarda qəzaların da sayı azalır. Bu artıq riyazi düstur kimi özünü təsdiqləmiş bir faktordur. Düşünürəm ki,  bu proses düzgün tənzimlənsə, işıqlandırma yol nəqliyyat hadisələrinin qarşısının alınmasına çox böyük təsir göstərəcək."

Aysu Allahverdi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin