8 mindən çox Şamaxılının QƏTL GÜNÜ 

Hazırda oxunan: 8 mindən çox Şamaxılının QƏTL GÜNÜ 

15130

“XX əsrin əvvəllərində Azərbaycanda soyqırım hadisəsi çox olub. Təkcə Şamaxıda yox, 1918-ci ilin mart-aprel ayları, sentyabr da daxil, Bakı, Quba, Lənkəran, Kürdəmir, o cümlədən Yelizavetpol (Qazax, Gorus, Gəncə, Şuşa, Şəki və s.), İrəvan quberniyasında, Cənubi Azərbaycanda (indiki İran) Xoy, Maku, Urmu, Təbriz və s. yerlərdə azərbaycanlılara qarşı soyqırımlar olub”.

Bu sözləri Bizim.Media ilə eksklüziv müsahibəsində AMEA Tarix institutunun Baş Elmi İşçisi, tarix elmlər doktoru Vaqif Şirinov açıqladı. Ermənilərin Şamaxıda törətdiyi soyqırımdan danışan tarixçi bildirdi ki, bununla bağlı kitablar çap olunub, tədqiqatlar aparılıb:

“1918-ci il iyulun 15-də Cümhuriyyət hökumətinin yaratdığı Fövqəladə Tədqiqat Komissiyasının tutarlı sənədləri var. Bu gün Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, o cümlədən Dövlət Arxivində kifayət qədər sənədlər saxlanılmaqdadır.

Bir fakt da ondan ibarətdir ki, Fövqəladə Tədqiqatlar Komissiyası (1918) soyqırımla bağlı 36 cild, 3500 vərəqdən ibarət material toplayıb. Bu sənədlərin 7 cildi, 925 vərəqdən ibarət hissəsi Şamaxı ilə bağlıdır. O vaxt Şamaxı ilə bağlı 23 qərar layihəsi qəbul olunub. 

Rəsmi sənədlərə əsasən ermənilərin törətdiyi soyqırımı nəticəsində Şamaxıda 58-dən çox yaşayış məntəqəsi daşnak dağıntılarına məruz qalıb. Soyqırım nəticəsində Şamaxıda öldürülənlərin sayı 8026 göstərilir.

Ancaq FTK-nin sənədində (1918) qətl olunan azərbaycanlıların sayı 7 mindən çox qeyd olunub. Soyqırıma məruz qalanlar arasında ahıl, qadın və azyaşlı uşaqlar da var. 

Komissiyanın topladığı sənədlərlə yanaşı şahid ifadələri də mövcuddur. AMEA Tarix İnstitutunun əməkdaşları tərəfindən arxiv sənədləri çap olunub. Orada bolşevik şahidlərin, drujinaçıların şahid olduqları qətliam barədə xatirələri də əks edilib.

Yəni, çoxsaylı tutarlı faktlar və sənədlərlə sübut olunub ki, Şumyanın göndərdiyi qaniçən, qəddar və türkün düşməni olan Stepan Lalayevin başçılığı ilə ermənilər Şamaxıda həm insanları kütləvi sürətdə qətlə yetirib, evləri yandırıb, həm də qarət ediblər.

 

Təsəvvür edin ki, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və digər görkəmli Azərbaycan şəxsiyyətlərinin əlyazmaları məhv edilib. Ermənilər nəinki insanlara qarşı, Azərbaycanın əmlak, dini inanc, mənəviyyat və tarixinə qarşı vəhşiliklər törədib.


Şamaxıda hər məhəllənin məscidi var idi, onları da yandırıblar. Dövlətimiz yandırılmış məscidi bərpa etdi, lakin demək istəyirəm ki, ermənilərin 1918-ci il xislətini 44 günlük müharibədən sonra da gördük. 

İndi şahid oluruq ki, onlar Qarabağda necə dağıntılar törədiblər. Ənənəvi erməni məkirli siyasəti, erməni qaniçənliyinin arxasında qərb dövlətləri dayanıb. Rusiya da ermənilərə havadarlıq edib. Bu siyasi mövzulardır. Dediyim kimi....

Ermənilər ən böyük qırğınlardan birini Şamaxıda reallaşdırıblar. 1918-ci ildə təkcə Bakıdakı soyqırım üçün 1, Quba üçün 1 qərar layihəsi qəbul olunubsa, Şamaxıdakı qətliamlara görə 23 qərar layihəsi çıxarılıb. Ən çox, 55 qərar layihəsi Zəngəzur üçün qəbul olunub. Çünki erməni vəhşilikləri orada da çox yaşanıb. 

Yaxşı ki, hazırda bunlarla bağlı arxiv sənədləri çap olunub, çoxsaylı konfranslar keçirilib. Tarix İnstitutu bununla bağlı 6-dan çox beynəlxalq konfrans reallaşdırıb və Şamaxıda da tədbirlər olub. Əcnəbi tarixçilər də gəlib faktlarla tanış olublar.”

Vaqif Şirinov sonda vurğuladı ki, erməni cinayətləri ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması işləri davam edir.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin