Gəncədə Azərbaycanın futbol aləminə böyük futbolçular bəxş etmiş, hamının “Dyadya Kostya” kimi tanıdığı Əməkdar məşqçilər Konstantin. M. Abromenkonun və Zahid Hüseynovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2009-2010-ci il təvəllüdlü uşaqlar arasında təşkil olunan turnirdə Təhsil İdman Məktəbinin, “Lokomotiv”in, “Kəpəz”in digər idman cəmiyyətlərinin komandaları mübarizə aparıblar.
Xatirə turnirin təşkilatçısı isə hazırda Özbəkistanda yaşayan, bir zamanlar bu iki məşqçinin də tələbəsi olmuş Şəhadət Quliyev olub.
“Mən Gəncədə doğulmuşam. Hələ uşaq yaşlarımdan hamının “Dyadya Kostya” kimi tanıdığı Əməkdar məşqçi Konstantin Abromenkonun yanında futbolun ilk sirrlərini öyrənmişəm.
Daha sonra Zahid Hüseynovun rəhbərliyi altında futbol oynamışam. Hazırda Özbəkistanda Gülüstan şəhərinin eyni adlı komandasının məşqçisiyəm. Bu gün bu dahi insanlar bir zamanlar mənə öyrətdiyi futbolun incəliklərini indi mən orada uşaqlara tədris edirəm.
Hesab edirəm ki, həm K. Abramenko və də Zahid Hüseynov uzun illər gəncəlilərin və futbolsevərlərin yaddaşlarından silinməyəcək. Mən bu gün burada bir zamanlar mənimlə birgə məşqlər edən, “Kəpəz”in, Azərbaycan futbolunun tarixinə öz imzalarını atmış dostlarımla görüşdüm.
Turnirin Gəncədə uşaq futbolunun az da olsa inkişafına dəstək verəcəyini düşünürəm” deyə Ş.Quliyev Bizim.Media-ya açıqlamasında bildirib.
Xatirə turnirində gərgin mübarizədən sonra Təhsil İdman Məktəbinin futbolçuları birinci yerə layiq görülüblər. “Lokomotiv” gümüş medallara sahib olub.
Sonda iştirakşılara medallar və diplomlar təqdim edilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.