Şəhid xanımının ürəkdağlayan qeydləri: “Yoldaşınız pulu ödəyib, qızım” - FOTO

Hazırda oxunan: Şəhid xanımının ürəkdağlayan qeydləri: “Yoldaşınız pulu ödəyib, qızım” - FOTO

15123

Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənovanın sosial şəbəkədəki ürəkdağlayacaq paylaşımı hər kəsi təsirləndirib.

Əzizə Həsənova tikinti mağazasının satıcısı tərəfindən ona edilən jesti özünün “Facebook” səhifəsində qeyd edib. Satıcı şəhid xanımın tikinti mağazasından aldığı alətlərə ödədiyi pulu geri qaytararaq əşyaların büküldüyü sellofana “yoldaşınız pulu ödəyib, qızım” qeydini qoyub.

Bizim.Media şəhid xanımın paylaşımını təqdim edir:

“Farizimin yeri hər yerdə qəlbimi sarsıda-sarsıda görünür. Evdə bəzi görülməsi lazım olan işlər var idi. Lazım olan avadanlığı almaq üçün xırdavat mağazasına getməli oldum. Hansı ki, ora ən çox kişilər gedir və qadınlar iki halda - ya yoldaşı ilə nə isə seçmək, ya da mənim kimi çarəsiz olanda ora gedir. İndi evin kişisi də, qadını da mənəm.

 

MÖVZU İLƏ BAĞLI:

Qardaşını və həyat yoldaşını itirən şəhid xanımı: “Ölümündən əvvəl halallıq istədi”


Məcburən mağazaya getdim, qapını açıb içəri daxil oldum. Bir yaşlı qadın var idi, yoldaşı ilə işıqlara baxırdılar, seçirdilər, qalanları kişilər idi. Hərə bir ustayla gəlib, siyahı gətirib, nə lazımdı deyirlər satıcıya o da təşkil edir.

60 yaşlarında ağsaqqal dayı, yəni satıcı yanında da köməkçisi 18-20 yaş aralığında bir oğlan uşağı ilə mənə yaxınlaşdı. “Buyur, qızım nə lazımdı?" deyə satıcı dayı məndən soruşdu.

"Dayı, mənə evdə iş görmək üçün bəzi alətlər lazımdı" dedim və davam elədim, "çəkic, silikon kley tapançası ilə, kəlbətin, mismar və s..." deyə lazım olanları dedim. Dayı onları yığdıqca diqqətlə və məyus bir formada üzümə baxırdı.

Ödənişin nə qədər edəcəyini soruşdum, məbləği dedi. Pulu ödəyəndən sonra dayı mənə  "qızım, olar sənə bir sual verim? " deyə soruşdu. "Buyur, dayı"dedim.

"Bunları nə üçün alırsan, mismarın ölçüsü olur, silikon kley verdim sənə, amma nə yapışdırmaq üçün lazımdı? Yəqin evdə yoldaşın iş görür, o mismarın ölçüsünü bilər. Yəni ona görə deyirəm ki, səhv olmasın, əziyyət çəkib geri qaytarma birdə...zəng vur soruş, mən də bilim sənə nə verirəm, qızım" deyə dayı məni vadar edirdi ki, zəng vurum.

Bu dünyada olmayan yoldaşıma necə zəng edim? Nə edim, necə deyim ona ki, mənim yoldaşım bu dünyada deyil, ağsaqqal, evin kişisi də qadını da özüməm, yoxsa mən nə gəzirdim burda..? Qürurum imkan vermədi ki, ona deyim yoldaşım yoxdu, şəhid olub, bütün öhdəlikləri mənim çiyinlərimə buraxıb, bütün işi özüm görürəm.

Yalandan telefonu qulağıma tutdum, guya ki, zəng edib soruşuram. Yaxşı ki, mismarın ölçüsünü o anda yadıma sala bildim. Dayı sən demə hiss edibmiş, tanıyıbmış məni, amma biruzə vermirmiş.

 

Xülasə, bu dünyada olmayan Farizimlə yalançı danışığımı bitirdim, dedim "dayı, 50-lik mismar lazımdı, kley də aboyun qıraqlarını yapışdırmaq üçün lazımdır". Dayı başa düşdüyünü işarə edib uyğun ləvazimatları gətirdi Çıxanda dayının öz telefonuna diqqətlə baxdığını  və gözləri dolduğunu gördüm. Birdən "bala bir dəqiqə gözlə", deyə ağsaqqalın özünü pis hiss etdiyini hiss elədim.


"Yaxşısız, dayı?" deyə sual verdim, "yaxşıyam narahat olma, qızım" dedi. Əlini kassaya atıb, ödədiyim pulu geri qaytardı. "Bu nə deməkdir, dayı? Niyə qaytardız mənə pulu?" deyə sual verdim. "O pul ödənilib, qızım" deyə cavab verdi. Anlamadım, düşündüm yəqin kimsəsiz olduğumu hiss edib və pis olub.

Pulu özünə qaytardım ki, "yox, dayı, çox sağ olun, özüm ölməmişəmki, kimsə ödəsin", düzü pisimə gəldi. Dayı pulu götürdü, amma heç nə demədi, üzümə baxmaq istəmirdi nədənsə...Mən də pis oldum, öz-özümə qəhər məni boğdu ki, Allahım, mənim kimsəsizliyim bu qədərmi bəlli olur? Axı mən büruzə verməməyə çalışıram.

Birdən dayı başladı söhbətə ki "bala, bir şey deyim sənə, mən səndən mismarın ölçüsünü qəsdən soruşdum ki, görüm necə deyəcəksən? Telefonu yalandan qulağına tutdun, özün-özünlə danışırdın, hiss elədim bunu. Səni mən tanıyıram, qızım, səni çəkilişlərdə görmüşəm.

Bayaq telefonumu ona görə götürdüm ki, əmin olum ki, həmin çəkilişdəki qızsanmı, yoxsa oxşatmışammı? Həmin qız imişsən, Şəhid Farizin yoldaşı... Sən təkliyini hiss etdirmək istəmədin, qızım. Sənə sözüm yoxdu..." deyə gözləri dolmuş halda başını aşağı saldı.

 

Bu sözlər mənə bir ox kimi dəydi, elə pis oldum ki, ağlamayacam dedim. Nə fayda, onda gördüm ki, göz yaşlarım hicabımı isladıb artıq. Necə pis olmuşamsa, göz yaşlarım məndən qeyri-ixtiyarsız öz bəndini qırıb. Üzümü çevirib gözlərimi sildim, ağladığımı görməsin.


Sağollaşıb mağazadan uzaqlaşdım.. Çöldə ürəyimi boşalda bilmədiyimə görə xeyli də evdə ağlamışam. Divarlardı mənim sirdaşım, dərdimi onlara danışıb ağlayıram, bir az özümə gəldim, salafanı açdım ki, işimə başlayım və orda gördüklərim məni yenidən yıxdı...

Ödədiyim pul və üzərində "yoldaşınız pulu ödəyib, qızım" yazılmış bir kağız parçası... Dünyam yenidən yıxıldı sanki... Onu görəndən sonrakı halım yəqin ki, hər kəsə məlumdur".

Xatırladaq ki, şəhid-çavuş Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonu, Dağ Kəsəmən kəndində doğulub. 2008-ci ildən ordu sıralarına daxil olub və hərbi xidmətini Bakıda, Milli Qvardiyada başa vurub.

2020-ci il, Füzuli rayonu uğrunda gedən döyüşlərdə 30-dan çox ermənini məhv edib və elə həmin döyüşlərdə, 13 oktyabr tarixində şəhadətə ucalıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin