Novruz ölkəyə bu vaxtda qədəm qoyacaq - Şeyxdən AÇIQLAMA

Hazırda oxunan: Novruz ölkəyə bu vaxtda qədəm qoyacaq - Şeyxdən AÇIQLAMA

15119

Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bizim.Media təbrik məktubunu təqdim edir:

"Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlər, əziz qardaş və bacılar!

Xalqımızın qədim və gözəl bahar bayramı, yeni günün və yenidən dirçəlişin timsalı olan Novruz münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram.

Bu ilki Novruzumuz özəl abu-havası olan bayramdır, çünki onun gəlişi 30 illik Qarabağ həsrətinin sonu, illər boyu etdiyimiz duaların qəbul olduğunu bildirən Zəfər müjdəsidir.

Artıq neçə müddətdir ki, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır. 44 gün davam edən savaş Ermənistanın məğlubiyyəti ilə Azərbaycan ordusunun şanlı zəfəri kimi tarixə yazıldı.

Qəhrəman Azərbaycan əsgəri işğaldan azad olmuş ərazilərdə Ulu Öndər Heydər Əliyevin “Dövlətçiliyimizin və müstəqilliyimizin əbədi rəmzi” adlandırdığı üçrəngli bayrağını qaldırdı.

Azərbaycanın ayrılmaz hissəsi olan bu torpaqlarda dövlət bayrağının dalğalanması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi ədalətin bərpası anlamını verir və bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana və dövlətimizə sonsuz həmd-sənalar edirik!

Bu gün biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq.

Qələbə - daim dindarlarımızın, hər bir azərbaycanlının dualarında olmuşdur. Fəqət həsrətində olduğumuz Qələbə naminə övladlarımız Allah yolunda, Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər, qanları ilə qazandıqları Azadlığı gələcək nəsillərə əmanət etdilər.

Onların hər birinin boynumuzda haqları vardır, bu əziz Novruz günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur.

Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, yaralılarımıza şəfalar arzulayırıq.

Əziz həmvətənlərim! Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirmişdir. Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası açıqlanır:

“Allah göydən yağış göndərir, onunla Yer üzünü öldükdən (quruduqdan) sonra yenidən dirildir” (Nəhl, 65). Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər.

Bu əziz günlərdə dünyadan gedənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, imkansızlara, ehtiyacı olanlara yardım etmək, ailə məhəbbətini və dostluq tellərini bərkitmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir.

Bu ilin təqviminə görə, Azərbaycanın üfüqi vaxtı ilə 20 mart tarixində, saat 13.37.20-də il Öküz bürcü üzərində təhvil olacaqdır.

İl təhvili günorta zöhr namazından sonraya təsadüf etdiyi üçün, bu il bayram axşamı martın 20-də, mübarək Novruz bayramı isə martın 21-də qeyd olunacaqdır.

Bu günlər ərzində edilən ibadət və dualarda mərhumları rəhmətlə yad etmək böyük savabdır. Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükr duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq diləyirəm.

İnşallah, bundan sonra Novruzu artıq doğma Qarabağda qarşılayacaq, illərin acısını tonqallarda yandırıb, arzularımızı səməni kimi göyərdəcəyik. Novruz bayramımız mübarək olsun!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin