Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 98 il ötür - FOTO

Hazırda oxunan: Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 98 il ötür - FOTO

151094

Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası, xalqımızın yüz illər boyu təşəkkül tapmış, yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə yorulmadan yazıb, yaradıb.

Bizim.Media olaraq ustad şairin ata-baba ocağında fəaliyyət göstərən ev-muzeyində olduq, buranı ziyarət edən Şəki ziyalıları ilə söhbət apardıq. Burada şəkillər də səninlə danışır. Şəkidə Yuxarı Baş  qədim məhəllənin qapılarından birində dayanırıq.

Bura Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin ata yurdu, hazırda isə ev-muzeyidir. Muzeyin həyətinə daxil olanda hər kəsi şairin bu bir bənd şeri qarşılayır. 

Qədrini bil axıb keçən günlərin,
Həyat şirin, ömür şirin, gün şirin,
Bu dünyanı düşün dərin, duy dərin,
Eşq oduna yana-yana yaşayaq,
Duya-duya, qana-qana yaşayaq,

Bu ocaq, bu yurda daxil olanda başqa bir mənzərə, başqa bir auraya düşürsən. Artıq illərdir ki, burada üçrəngli bayrağımızla yanaşı ay-ulduzlu Türkiyə və Pakistan dövlətlərinin də bayraqları qoşa dalğalanır və gələn ziyarətçilər tərəfindən sevgi, ehtiramla qarşılanır. Çünki Bayraq haqda hər kəsin ilk ağlına gələn elə ustadın qələmə aldığı 

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.


misralarıdır. Onun poeziyasında bəşərin bədii təfəkkürü öz əksini tapir. Bəxtiyar Vahabzadə poeziyası bütün ruhunu folklor, klassik ədəbiyyat və bəşər bədii təfəkkürünün qaynaqlarından götürüb. Bəxtiyar Vahabzadə poeziyası hissi idrakla məntiqi idrakın poeziyasıdır. Bu baxımdan Bəxtiyar Vahabzadə poeziyasının anlayış, mühakimə və əqli nəticə deyilən hüdudsuz bədii imkanları vardır.

B. Vahabzadə ev-muzeyinin direktoru, ustad şairin tədqiqatçısı Elşən Zəkəriyyəbəyli “Muzey B. Vahabzadənin bütün nəslinin doğulduğu ata yurdunda fəaliyyət göstərir. Muzeyimiz 3 otaq və bir dəhlizdən ibarətdir. İctimai-siyasi fəaliyyəti, B. Vahabzadənin yaradıcılığı və iş otağı, hədiyyələrin qorunub saxlandığı dəhliz. Muzeyimiz artıq 6 ildir fəaliyyət göstərir. Respublikamızdan, eləcə də xarici ölkələrdən yüzlərlə hətta minlərlə qonağımız olur. Şəkidə ən çox ziyarət olunan məkanlardan biridir.

Hər kəsin sevərək ziyarət etdiyi müqəddəs məkan

Bəxtiyar Vahabzadə poeziyası xalq təfəkkürünün qədimliyindən, arxeologiya və etnoqrafiyasından, mifologiya, nağıl, dastan, əfsanə, rəvayət və bayatılarından gəlib, folkloru yaradıcı surətdə mənimsəyib. AMEA Folklor institunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli yurda ayaq basandan duyğulu anlar yaşayır. Deyir,  hər gəlişində ustadla olan görüşləri, söhbətləri xatırlayır. “ Hər dəfə Şəkiyə gələndə ilk baş çəkdiyimiz yer. Bu müqədəs məbəd olur. Niyə bura gəlməyi biz özümüzə borc həm mənəvi istək bilirik?  Çünki burada Azərbaycanımızın, Şəkimizin deyil, Türk dünyasının böyük oğlu, mütəfəkkir şairi, hər zaman biz ondan uzaqlaşdıqca ona can atdığımız dahi  Bəxtiyar Vahabzadə doğulub. Və özünün Türk dünyasına bəşəri şair kimi təqdim edib.

Bəxtiyar Vahabzadənin böyüklüyü nədədir?

B. Vahabzadə heç zaman heç nəyə əyilməyən, baş əyməyən, müqəddəs ənənələr şairi, Böyük və müqəddəs, müasir poeziyamızın, müasir dövrdə ən sayılıb-seçilən, şeir və poemaları ilə indiki nəsillərin yox, gələcək nəsillərin də hər zaman ehtiramla xatırlayacağı, sevə-sevə oxuyacağı və örnək götürəcəyi bir şairdir” deyir və sözlərinə onu da əlavə edir ki, bu gün nəinki Şəkidə, bütün Türk dünyasında Bəxtiyar Vahabzadə şükranla anılır. Onun haqda keçmişdə danışmaq düzgün deyil.

Bəxtiyar Vahabzadə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edib. O, Azərbaycan və azərbaycançılıq mövzusunu "Ata yurdu”ndan - səs-söz, ifadə, motiv, təsvir-təhkiyədən tutmuş, soy-kök, od-ocaq, gen-yaddaş, torpaq, vətən və dünya genişliyinə qədər ifadə edib. Ustad şairin silahdaşı və məsləkdaşlarından biri olan Şirməmməd Hüseynov yaradıcılığının araşdırmaçısı şair Ramiz Orsərlə söhbətimiz də elə bu istiqamətdə davam edir.

“B. Vahabzadə haqqında danışanda ilk növbədə yadıma orta məktəblərdə dərsliklərdə oxuduğumuz məlumat yadıma düşür. Orda belə bir ifadə işlənir ki, B. Vahabzadə Azərbaycan ədəbiyyatında novator, yenilikçi şair idi. İfadə gözəldi, onu qəbul edirəm. Amma idi sözüylə mən heç cürə barışa bilmirəm. Çünki B. Vahabzadə haqqında mən keçmiş zamanda danışmağı özümə rəva bilmirəm. Təbii ki, bütün dövr, zamanlarda yazarlar, şairlər çox olub, indi də var. Amma kimlər yaşayır, kimlər zamanı adlayır, keçir tarixə yoldaşlıq eləyənlər, tarixi və zamanı öz əsərlərinin yaddaşına yazanlar, zamanın fövqünə qalxanlar yaşayır və yaşayacaqlar. Mənə elə gəlir ki, B. Vahabzadə də yaşadığı dövrün fövqünə qalxan və öz xalqının, öz millətinin azadlığı uğrunda çarpışan , özünün düşüncələrini, ürəyini, ondan əsirgəməyən bir yazarımızdır” deyir və Şəkidə bu gün təşkil edilən 5 Beynəlxalq Simpoziuma ölkəmizin müxtəlif bölgələrindən, eləcə də Türkiyədən xeyli sayda elm və sənət adamının qatılacağını diqqətə çatdırır. 

Ustadın 100 illliyinə indidən başlamışıq. Bu gün ustad şairin anadan olmasının 98-ci ildönümüdür. Qarşıdan isə şairin 100 illiyi gəlir. Bu münasibətlə indidən ev-muzeyin rəhbərliyi müxtəlif təklif və təşəbbüslə çıxış edir. Bu barədə də bizə B. Vahabzadə ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli məlumat verdi. 

“Qarşıdan B. Vahabzadənin 100 illik yubleyi gəlir

Muzey olaraq bizim də muzey haqda fikirlərimiz var. Onlardan biri muzeyimizin cari təmiridir. Bir də B.Vahabzadənin müasirlərindən B. Vahabzadə ilə yaxın ünsiyyətdə olan, şeir-sənət yaradıcılığı ilə məşğul olmuş, dostları, sənətkarlar, onun böyük əhatə dairəsi olub. Biz həmin müasirlərdən film üçün çox geniş materiallar toplayırıq. Arzumuz budur ki, Bəxtiyar müəllimin hələ sağlığından ən çox sevdiyi “İstiqlal” kitabını ən azı min nüsxə yenidən dərc edək”.

5-ci Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Tarixi, Mədəniyyəti və Ədəbiyyatı konfransı 

Qeyd edək ki, bu gün ustad şairin anadan olmasının 98-ci ildünümü münasibəti ilə Şəkidə “5-ci Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Tarixi, Mədəniyyəti və Ədəbiyyatı konfransı” öz işinə başlayıb. AMEA-nın Folklor İnstitunun təşkilatçılığı ilə keçirilən və iki gün davam edən tədbirə Türkiyədən də xeyli alim və sənət adamı qatılır. Çıxış və məruzələrdə B.Vahabzadə poeziyasının üzünün həmişə Azərbaycanın gələcəyinə, millətin tarix və mədəniyyətinə, türk dünyasına, onun mənəvi üfüqlərinə doğru olduğu qeyd edilir. Bir sözlə, Bəxtiyar Vahabzadə poeziyası əbədi zaman, tarix və sürət rəmzi olub, milli ruh və birlik deməkdir! 









Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin