Xəbər verdiyimiz kimi “Wolt-Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı AQTA qərar qəbul edib. Qurumdan bildirilib ki, Müəssisənin ”Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.
Lakin, dünən axşam saatlarında “Wolt-Azərbaycan” MMC məlumat yaydı ki, şirkət fəaliyyətini dayandırmayıb və AQTA ilə münasibətlər hüquqi müstəvidə aydınlaşacaq.
AQTA-nın “Wolt-Azərbaycan” MMC barədə söylədiyi nöqsanlar vacib olduğu qədər düşündürücüdür. Çünki, qurumun sadaladığı nöqsanlara istənilən iaşə obyektində rast gəlmək mümkündür. Hər tində-bucaqda dönərxana açan işbazların hamısı çatdırılma xidməti də göstərir. Və bu xidməti icra edənlərin heç birinin xüsusi geyimi və cantası olmur. Sifariş olunan yeməklər polietilen torbalarda çatdırılır.
Üstəlik, həmin şəxslərin müqavilə əsasında işləmələri də inandırıcı deyil. Bu gün normativlərə əməl edib müştəriyə isti yemək çatdıran iaşə obyektini tapmaq sadəcə möcüzə olardı. Hələ restoran və şadlıq evlərindəki personalları demirik. Bu obyektlərdə çalışanların nəinki tibb kitabçası, heç əmək müqaviləsi belə olmur. Ona görə də AQTA-nın “Wolt-Azərbaycan” MMC barədə verdiyi qərar müəyyən sullar doğurur. Uzun illik təcrübəyə və geniş işçi heyəti barədə belə qəti qərar verilməsi sadəcə anlaşılan deyil.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qida məhsulları daşıyan bütün şirkətlərdə anoloji nöqsanların olduğunu bildirdi:
“Təsadüfi deyil ki, son vaxtlar qidadan zəhərlənmə halları çoxalıb. Amma nə yazıq ki, zəhərlənməyə məruz qalan şəxs bir çox hllarda sifariş verdiyi qidadan zəhərləndiyini sübut edə bilmir. Bununda səbəbi insanın gün ərzində müxtəlif ortamlarda bir neçə dəfə qidalanmasıdır. Bəzi zəhərlənmələr çox zaman ölümlə nəticələnmir və yaxud təhlükəli hal almır. Belə olanda isə təbii ki, həkimə də müraciət olunmur. Ona görə də qida zəhərlənmələri çox zaman üzə çıxmır, ictimailəşmir”.
Məhsəti Hüseynova onu da qeyd etdi ki, AQTA-nın “Wolt-Azərbaycan” MMC-yə tutduğu iradlar təkcə daşıma şirkətlərində deyil, əksər iaşə obyektlərində rast gəlinən haldır:
“Xüsusən də mövsümi xidmət göstərən iaşə obyektlərində belə nöqsanlara daha çox rast gəlinir. Çünki, həmin obyeklərdə normal soyutma və saxlanma aparatları olmur. Məlumdur ki, açıq şəkildə saxlanılan qidalar asanlıqla bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalır. Həmin obyektlərdə işləyən adamların mütəmadi olaraq tibbi müayinədən keçmələri də sual altındadır.Ona görə də belə monitorinqlərin bütün iaşə obyektlərində davamlı şəkildə aparılması və nöqsanlara qarşı prinsipial mövqe nümayiş etdirlməsi çox yaxşı olardı”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:40 / 16.08.2023
“Wolt-Azərbaycan” AQTA üçün” günah keçisidir” – Qarşılıqlı ittihamlarda kim haqlıdır?
Hazırda oxunan: “Wolt-Azərbaycan” AQTA üçün” günah keçisidir” – Qarşılıqlı ittihamlarda kim haqlıdır?
Hazırda oxunan: “Wolt-Azərbaycan” AQTA üçün” günah keçisidir” – Qarşılıqlı ittihamlarda kim haqlıdır?
151054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.