Türkiyəli jurnalistlər işğaldan azad edilmiş Ağdamda olublar - FOTO 

Hazırda oxunan: Türkiyəli jurnalistlər işğaldan azad edilmiş Ağdamda olublar - FOTO 

150829

Türkiyə Respublikasından gəlmiş bir qrup media nümayəndəsi Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ermənistanın işğalından azad edilmiş Ağdam şəhərində olublar. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, türkiyəli jurnalistlər əvvəlcə Ağdam şəhər Cümə məscidinə gəliblər. 

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən jurnalistlərə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri və Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.  

Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər.

Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib.

Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir.  

Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Cümə məscidində bərpa-restavrasiya işlərinə başlanılıb. 

KİV nümayəndələri sonra Ağdam-Xankəndi və yeni inşa olunan Bərdə-Ağdam avtomobil yolları, həmçinin Ağdam şəhərində salınan çoxmənzilli yaşayış məhəlləsi ilə tanış olublar. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin