“Novruz yarmarkasının kasıblara heç bir faydası yoxdu” - REPORTAJ

Hazırda oxunan: “Novruz yarmarkasının kasıblara heç bir faydası yoxdu” - REPORTAJ

15058

- Səməni neçəyədir?

- 1 manata da var, 15 manata da. Hansından verim? Hələ siftə etməmişəm.

- Elə o 1 manata olanı verin, redaksiyamıza aparacam.

- Jurnalistsiniz?

- Bəli, bayram bazarlığının qiymətlərin öyrənmək üçün gəlmişik. 

Oxucularımız üçün bildirək ki, Bizim.Media-nın hazırladığı reportajın ünvanı “Kəndən Şəhərə” yarmarkasının “Gənclik” metrostansiyası ərazisidir.

İlk söhbət etdiyim satıcı Orxan deyir ki, səməniləri “Meyvəli bazar”dan gətirirlər. 

- Bütün məhsullar “Meyvəli”dən gətirilir?

- Xeyr xanım, sadəcə belə dekorativ məhsullar oradan gəlir.

Orxanla söhbətimizi yekunlaşdırmaq istəyirdik ki, bir də gördük bir xeyli adam ətrafımıza toplaşıb. Hərə bizi öz piştaxtasına dəvət edir ki, məhsulları  ilə tanış olaq.

İlk təklif Ağdaşın Qaradeyin kəndindən olan fermer Kamil Umarovdan gəldi. 

- Gəlin mənim piştaxtama gedək nə istəyirsiniz danışaq. 

Gedirik...

“Xanım, 450 kq  dənli məhsul gətirmişik. Sağolsunlar biz fermerlər üçün çox gözəl şərait yaradılıb. Bu il 1-ci dəfədir ki, yarmarkada iştirak edirəm. Ötən il gələ bilmədim. Bazarda məndə olan düyünün 900 qramı 4 manat 50 qəpik və ya 5 manatdır. Biz isə 1 kq –nı 3manat 50 qəpik və ya 4 manata satırıq”.

Çox uzağa getməyib, növbəti piştaxtaya yaxınlaşırıq. Satıcı Həsən Əliyev söyləyir ki, Zaqataladan qoz-fındıq məhsulları gətirib.

Deyir yarmarkada satdığı qoz-fındıq bazar və marketlərdə iki qat qiymətinə baha satılır:

“Bu qoz çıxara getmir əlinə sıxan kimi qırılır. Təxminən 500 tondan çox qoz-fındıq və onun ləpəsin satmağa gətirmişik. Yarmarkada daha ucuz qiymətə satırıq. Keçən il məhsul gətirməyə qorxduq. Bu il isə ürəklə məhsullarımızı gətirmişik. Alıcılarımız isə kifayət qədərdir. Şənbə və bazar günləri  isə alıcı əlində tərpənmək olmur”.

 

MÖVZU İLƏ BAĞLI:

“Təzə Bazar” daha olmayacaq?  – “Mən nə bilim, daha orayla əlaqəm yoxdur” - BAZARKOM 


Biz yarmarkada səhər tezdən getdiyimiz üçün alıcılar da aram-aram gəlməyə başlayırdı.

Satıcılarla söhbətimizi bitirəndən sonra alıcılarla danışmağa başladıq. 

Yarmarkada qiymətdən razı və narazı olanlar da var. Alıcı Əliməmməd Əmirullah deyir ki, yarmarka qiymətləri bazarla eynidir. Heç bir qiymət fərqi yoxdur.

Digər alıcı Səmaya Əliyeva bildirdi ki, qiymətlərdə çox az fərq var. Əslində Novruz yarmarkasının kasıblara heç bir faydası yoxdu.

Qiymətlər ümumiyyətlə götürəndə bahadır. Bazar və marketlərdə pamidorun qiyməti 2 manat və ya 2 manat 50 qəpikdir.

Burada da ona yaxındır. Qış vaxtı bundan ucuz idi. İndi üzü yaza gedirik, əslində ucuzlaşmalıydı. Pamidor 1 manata, 1 manat 20 qəpiyə satılsa idi bu ucuz olardı. Ona görə də biz alıcılar ucuzluğu çox az hiss edirik”.

Bir qədər müşahidələrimizdən sonra növbəti alıcıya yaxınlaşırıq. Məmmədov Samir deyir ki, marketlərdə şabalıd 10 manatdır. Burada 8 manat almaq olar, keyfiyyət fərqi var, nə deyək, belə baxanda pis deyil.

Lakin alıcıların fikirləri ilə razılaşmayan satıcılar da var...

Satıcı Əbdül Quliyev deyir ki, piştaxtasında olan qozun 1 kq qiyməti 5-8 manatadır. Marketlərdə bu qiymətə qoz tapmaq olmaz.

Ona görə də alcılar bizim işimizi düzgün qiymətləndirsinlər. Elə məhsul var ki, 1-2 manata kimi bazar qiymətindən fərqlənir. Elə məhsul var 50-70 qəpik fərqlənir. Qiymət bahadır deməkləri düzgün deyil.

Satıcı Azər Əhmədov deyir ki, alıcılar nahaq yerə narazılıq edirlər. Mən narı gətirib 3 manat 50 qəpiyə digər bazarlara satmışam. Sonra görmüşəm ki həmin narı 5 manata satırlar. Burda isə 3 manata satıram. Bunun nəyi bahadır ki?

Söhbətimiz alıcı şikayətləri, narazılığına qarışdığı üçün yarmarkanın  sanitariya qaydalarına əməl olunduğunu yazmaq az qala yadımızdan çıxacaqdır. Qiymətlər alıcıları qanu etməsə də yarmarkanın səliqə -səhmanı, təmizliyindən ağız dolusu danışdılar. 

Yarmarkada olduğumuz zaman pandemiya qaydalarına əməl olunduğunun da şahidi olduq. Eyni zamanda satıcıların hamısını tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan da istifadə edən gördük. 

Hər halda  bizim işimiz yazıb göstərmək olsun, yarmarkanın sərfəli olmağının qiymətini isə ondan faydalanlar versinlər. Bütün hallarda bayramınız mübarək olsun. Qiymətlər  elə olsun ki, hər kəs ürək rahatlığı ilə bayram süfrəsi açıb ailəsini başına yığa bilsin.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin