11 avqust 1473-cü ildə Fateh Sultan Mehmetin başçılığı ilə Osmanlı ordusu ilə Uzun Həsənin başçılığı ilə Ağqoyunlu ordusu Otluqbeli müharibəsində qarşı-qarşıya gəldi. Döyüşdə Osmanlı ordusu qalib gəldi, Ağqoyunlu dövləti süquta uğradı.
Bəs, avqustun 11-də dünyada daha hansı hadisələr baş verib?
1. 1918-ci ilin avqustunda Azərbaycanın paytaxtı Bakının bütövlükdə erməni işğalı altına düşməsi təhlükəsi yaranmışdı. Əsasən erməni və rus bolşeviklərindən ibarət “Sentrokaspi hökuməti” bu məqsədlə Britaniya ordusunu Bakıya çağırmışdı. Yaranmış ciddi təhlükə ilə əlaqədar Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti avqustun 11-də ölkədə hərbi səfərbərlik elan etdi.
2. 11 avqust 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkədə ümumi hərbi səfərbərlik haqqında qərar qəbul edib. Hərbi səfərbərlik qərarı ölkə üzrə 18-45 yaşı arasında hərbi mükəlləfiyyətli bütün vətəndaşları əhatə edirdi. Qısa müddətdə 5 minədək şəxs Xalq Cümhuriyyətinin Milli Ordusu sıralarına səfərbər olmuşdu.
3. 1919-cu il 11 avqust tarixində Azərbaycan parlamenti tərəfindən Vətəndaşlıq Haqqında Qanun qəbul olundu. Qanunda göstərilirdi ki, milliyyəti, dini mənsubiyyəti və dilindən asılı olmayaraq ölkə ərazisində qeydiyyatda olan hər bir şəxs Azərbaycan vətəndaşı ola bilər.
4. 1945-ci il avqustun 11-də Çin Kommunist Xalq Azadlıq ordusunun baş komandanı, marşal Çju Denin əmrilə yaponların zəbt etdikləri ölkə ərazisinin şimal və şimal-şərqinə genişmiqyaslı hücum başlandı.
Bu hücum nəticəsində Sovet ordusunun kömək göstərdiyi Mao Tszedun və ABŞ-ın aviasiya və donanmasının yardım göstərdiyi Çinin rəsmi başçısı Çan Kaiyşinin qoşunları daha çox ərazi ələ keçirmək uğrunda əsl yarışa girdilər. Nəticədə oktyabrda ölkə ərazisində vətəndaş müharibəsi baş verdi və kontinental Çin Maonun başçılıq etdiyi kommunistlərə, Tayvan adası isə Çan Kaişiyə düşdü.
5. 11 avqust Çad Respublikasının Müstəqillik Günüdür.
6. 1980-ci il avqustun 11-də Türkiyənin BMT-dəki nümayəndə heyətinin və Nyu-Yorkdakı konsulluğunun yerləşdiyi Türk Evinin qarşısına bombalar atıldı. Bombalardan birinə yapışdırılmış məktubda türkiyəli diplomatlara qarşı cəza tədbirləri görüləcəyi barədə hədələr yazılmış və sonda “erməni qrupu” imzası qoyulmuşdu.
7. Çin Xalq Respublikasında Mao dövrü 1980-ci ilin 11 avqustundan rəsmi olaraq tarixə qarışdı: Çin Kommunist Partiyası Mao ilə bağlı bütün şəkil, bildiriş və afişaları qadağan etdi.
8. 11 avqust 1992–ci ildə Ankarada Türkiyə və Azərbaycan xarici işlər nazirləri tərəfindən konsulluq sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş Türkiyənin Naxçıvanda, Azərbaycanın isə İstanbulda baş konsulluğunun açılmasını nəzərdə tuturdu.
9. 2012-ci ilin bu günündə XXX London Yay Olimpiadasında Toğrul Əsgərov və Şərif Şərifov Azərbaycana iki qızıl medal qazandırıblar. Bu, ölkəmizin idman tarixində ilk belə hadisə olub.
11 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Azərbaycan şairi və müəllimi, Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir Vüsaqi 1871-ci ilin bu günü anadan olub.
2. 11 avqust 1910-cu ildə Xalq artisti Konstantin Myakişev (1910-1990) Bakıda doğulub.
3. 11 avqust 1973-cü ildə şair, dramaturq, Əməkdar incəsənət xadimi Zeynal Xəlil (1914-1973) vəfat edib. “Düşüncələr”, “Sevdiyim rəng” və s. şeir kitabları, “Ulduzlar” mənzum romanı, “İntiqam”, “Ata yolu” pyeslərinin müəllifidir.
4. Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf 1943-cü ilin 11 avqustunda dünyaya gəlib.
5. Azərbaycan kapitanı, Milli Qəhrəman Əli Məmmədov 11 avqust 1955-ci ildə anadan olub.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 11.08.2023
BİZİM TƏQVİM: 11 avqustda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 11 avqustda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 11 avqustda baş vermiş tarixi hadisələr
150294
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.