Beynəlxalq Qızıl Xaç Komitəsi mülki şəxslər arasında qurban sayının artmasına səbəb olan zorakılıq hallarını şiddətlə qınayır. Bununla bağlı BQXK-nin Avrasiya regionu üzrə direktoru Martin Şüepp bəyanat yayıb.
Bizim.Media-nın xəbərinə görə bəyanatda bildirilir ki, BQXK ölüm hallarına, yaralanmalara və dağıntılara səbəb olan yaşayış yerlərinin intensiv şəkildə mərmi atəşinə məruz qalmasına şahid olub:
“Bu, qəbuledilməzdir. Təəssüf ki, iki uşaq atası olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü də bu atışmalarda həyatını itirmişdir. Daha iki könüllü isə yaralanmışdır. BQXK, könüllünün ailəsinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dərin hüznlə başsağlığı verir.
Sentyabr ayının sonunda gərginləşmənin yenidən başlamasından etibarən BQXK tərəfləri mülki şəxsləri və xəstəxana, məktəb, market və mədəni abidələr kimi mülki infrastrukturu fərqləndirmək və müdafiə etmək üçün lazım olan bütün mümkün tədbirləri görməyə çağırmışdır. Bunlar könüllü olaraq görülə biləcək tədbirlər deyil. Bunlar beynəlxalq humanitar hüquq əsasında müəyyən edilmiş öhdəliklərdir.
Sonuncu hadisələr onu göstərir ki, Dağlıq-Qarabağ münaqişəsinin nəzarət altından çıxma riski mövcuddur. Regionda yaşayan mülki şəxslər bu hadisələrin fəsadlarından əziyyət çəkirlər. Mülki şəxslərin ölüm halları narahatedici həddə artmışdır. Bununla bərabər, onlar bütün həyatlarını dəyişən yaralanmalara məruz qalırlar. Eyni zamanda, xəstəxanalar da daxil olmaqla mülki infrastruktura əhəmiyyətli dərəcədə ziyan dəymişdir.
BQXK tərəflərə beynəlxalq humanitar hüquq əsasında öhdəliklərini xatırlatmaq üçün ikitərəfli, konfidensial dialoq aparır. Şahidi olduğumuz bu dəhşətli mənzərə davam edə bilməz”.
Bizim.Media