Bağçalarla bağlı son dönəmlər bir çox dəyişikliklər olsa da, bu mövzuda cavabsız qalan suallar çoxdur. Bunlardan biri də Bakı şəhərində yerləşən bağçaların əksəriyyətində tətbiq olunan vahid forma qaydasıdır. Belə ki, hər bir bağçanın öz forması var. Bu bir növ vahid məktəbli formasını xatırlatsa da, aradakı fərq qaydanın yalnız Bakı şəhərində keçərli olmasıdır.
Bir çox mövzuda olduğu kimi forma məsələsində də rayon bağçaları arxa planda qalıb. Bu qaydaya görə forma təminatını bağçalar həyata keçirməlidir.
Qeyd edək ki, 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sırf Bakı şəhərində çalışan metodist və tərbiyəçilərin, eləcə də orda oxuyan uşaqların vahid forma tətbiqi barəsində qərar verilib.
MÖVZU İLƏ BAĞLI:
Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ
Ancaq sual doğuran məqam odur ki, niyə forma qaydası rayonlara şamil edilmir?
Sualımızı cavablandıran təhsil eksperti Elmin Nuri bildirir ki, sözügedən qayda bağçaların İcra Hakimiyyətinin tabeliyində olduğu dönəmdə qəbul olunub ki, bir çox mövzuda olduğu kimi bu da yarımçıq qərarlardan biri oldu:
“Bildiyimiz kimi bağçalar uzun müddət Təhsil Nazirliyindən alınaraq yerli Rayon icra orqanlarına verilmişdi. 2 il bundan öncə isə yenidən Elm və Təhsil Nazirliyinin balansına geri qaytarıldı.
Amma bu da məktəbəqədər təhsilin fəaliyyətində müəyyən qədər gerilik yaratdı. Lakin hələ də vahid forma ənənəsi hələ də qalmaqdadır. Bu tətbiq yalnız Bakıda və müəyyən hissəli olaraq həyata keçirildi”.
Ekspertin sözlərinə görə, region və şəhər bağçalarında vahid forma tətbiqi üçün isə bir neçə təklif var:
“Birincisi madam ki bağçalar yerli icra hakimiyyətindən alınaraq regional təhsil dairələrinə verilib, artıq bununla bağlı da nazirlik özü vahid qərar qəbul etməlidir. Necə ki , orta ümumtəhsil məktəbləri ilə bağlı qərar verilib və bu Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Eyni yanaşma da məktəbəqədər təhsil müəssisələrində həyata keçirilməlidir. Yoxsa bu uyğunsuzluq yaradan detallardandır. Yerli icra hakimiyyətinin qoyduğu forma qaydası ya tarixə qovuşmalı, ya da vahid halda olmalıdır. Yəni bölgələrdə də bu keçərli olmalıdır”.
E.Nuri vurğulayıb ki, məktəbəqədər təhsil seqmentində rayon və bölgələrdəki müəssisələr o qədər də xatırlanmır:
“Biz adətən bağçalarla bağlı danışdıqda bununla bağlı problemi xatırladlıqda Bakı şəhərini nəzərdə tuturuq. Elə regional təhsil idarəsi var ki onun tabeliyində 6 rayon var. Və 6 rayonda cəmi 6 bağça var. Belə məlum olur ki hər rayona 1 bağça düşür.
Onsuz da bizdə bağça azlığı problemi var və yüz minlərlə uşaq məktəbəqədər təhsil müəsisələrindən istifadə edə bilmir. Deməli bizdə bağçaya gedəsi uşaqların sayı 450 mindən çoxdur. Hansı ki məktəbəqədər yaşdadır. Ancaq 1692 məktəbəqədər təhsil müəssisində 126 min uşaq oxuyur. Deməli bu mövzuda görülməli işlər kifayət qədər çoxdur”.
Röyanə Oğuz, Bizim.Media