Qaxın əsrarəngiz Mamırlı ŞƏLALƏSİ – Ruhun yeniləndiyi, rənglərin dəyişdiyi məkan – FOTO 

Hazırda oxunan: Qaxın əsrarəngiz Mamırlı ŞƏLALƏSİ – Ruhun yeniləndiyi, rənglərin dəyişdiyi məkan – FOTO 

149791

Əsrarəngiz təbiəti, şəfaverici bulaqları, termal suları, füsunkar şəlalələri ilə tanınan bölgələrimizdən biri də Qax rayonudur. Təsadüfi deyil ki, rayon ərazisində fərqli ölçüdə və hündürlükdə 10-dək şəlalə var ki, onların hər biri öz gözəliyi ilə seçilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, belə şəlalələrdən biri də Ləkit kəndi ərazisində, dağların ətəyində, eyniadlı çayın sağ sahilində yerləşən Mamırlı şəlalədir. 

Mamırlı və ya damcılı şəlalə


Xalq arasında bu şəlaləyə həm də Damcılı şəlalə deyilir. Yaşı qədimlərə söykənir. Qayalardan süzülərək axan su şəlalənin ərazisində süxurlar yaradıb, onların üzərini isə yaşıl mamır örtüb. Sanki qaya-süxurların üzərinə yaşıl xalı sərilib. 

Böyük Qafqaza söykənən kənd

Qaxın Ləkit kəndi Böyük Qafqazın ətəklərində yerləşir. Bu kəndin tarixi kimi təbiəti də əsrarəngiz və zəngindir. Yolçusu olduğumuz mamırlı şəlalə də onlardan biridir. Kəndin mərkəzindən şəlaləyə avtomobillə getmək istəsən, cəmi yarım saat vaxtın gedəcək. 


Lakin piyada getmək istəyənlər də az deyil. Səhər saat 10-dan sonra şəlalə yolu yavaş-yavaş canlanır.  Avtomobillə bir qədər gələndən sonra indi sizi ensiz dağ yolları, çayların şırıltısı və keçidlər müşayiət edəcək. Dağ cığırları ilə piyada getdikcə qarşına göz oxşayan bənzərsiz mənzərələr çıxır.  

Dağ cığırları və göz oxşayan mənzərələr

Yolumuza davam edirik. Dağ cığırlarıyla irəlilədikcə sağ-solumuzda kənd sakinlərinin təşkil etdiyi istirahət guşələri ilə qarşılaşmaq mümkündür. Bu məkanların hər biri 2-4 ailənin istirahəti üçün nəzərdə tutulub. Burada həmçinin kənd sakinlərindən müalicəvi bitkilər, çay dəmləmək üçün ətirli çiçəklər eləcə də münasib qiymətə bal, mürəbbə, bəkməz və digər məhsullar da almaq olar.


Və budur...

Şəlalənin səsi gəlir. Yaxınlaşdıqca gözlərinin önündə canlı təbiət abidəsi, başqa bir aləm canlanır. Ətrafı insanlarla dolub boşalır.

Dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən Mamırlı şəlalənin eni 30, hündürlüyü isə 15 metrdir. Artıq 20 ilə yaxındır ki, bura təbiət abidəsi kimi qorunur.

Özünü damcıların altına verərək islanan Babək Nəsibzadəyə yaxınlaşırıq. Deyir, Qax rayonuna bir neçə dəfə gəlibmiş, lakin bura, Mamırlı şəlaləsinə ilk gəlişdir:


“Bu haqda mənim dostum danışdı və məni gətirdi bura, sağolsun. Çox gözəl, şəhanə. Mamırlı şəlalə səfalı guşələrimizdən biridir”. 

Ətrafa sıçrayan damcılar və min bir rəng

Qayalardan süzülüb gələn suyun şırıltısı, ətrafa sıçrayan su damcıları insana xoş əhval-ruhiyyə bəxş edir. Kimi selfi edir, kimi tam yaxınına gedib üstü-başı su olsa belə bu gözəlliyi daha yaxından seyr edir. Kimi də dərindən nəfəs alaraq bu havanı ciyərlərinə çəkir. 

Zaqataladan qonaqlarıyla şəlaləyə gələn Nuranə Həsənovanın sözlərinə görə onlar hər yay gələndə bir neçə dəfə bu məkanı ziyarət edir. Əsasən başqa rayonlardan qonaqları gələndə onları da şəlalə ilə tanış edir, onlar da bu gözəllikdən zövq alırlar.


Mamırlı şəlalə həm də görüş yeridir.

Bu təbiət abidəsi ərazisini görüş yeri kimi seçənlər də az deyilmiş. Onlardan biri qrupu ilə qarşılaşdıq. Məlum oldu ki, sinif yoldaşları hər il yay aylarında eyni gündə bu məkanda bir araya gəlir. 

Hazırda Bakıda yaşayan Dünya Məmmədovadan təssüratlarını bölüşməsini xahiş etdikdə bildirir ki, bu haqda çox danışa bilər. Onun və yanındakı gənclərin hər birinin şəlalə ilə bağlı saysız xatirələri var.


Onlar orta məktəbi bitirən ili bu məkana toplaşıblar və belə qərara alıblar ki, hər il kim harda olur olsun, yay aylarında şəlalədə bir araya gəlsinlər. İndi bu sinif yoldaşlarının hərəsi başqa yerlərdə yaşamasına baxmayaraq əhdə vəfa göstərib dediklərinə əməl edir və bu məkanda bir araya gəlib ötən günləri xatırlayırlar. 
Əfsanə Əhmədova da sinif yoldaşının fikirlərini davam etdirərək bildirir ki, bu il onlar məktəbi bitirmələrinin 18 illiyini qeyd edir. Çalışırlar ki, ənənəni yaşatsınlar. 

Hər gələn bir də görmək arzusu ilə ayrılır

Bu ərazilər sıx meşə və hündür ağaclarla örtüldüyündən günəşin təsiri hiss olunmur. Əgər Ləkit kəndində havanın temperaturu 25-30 dərəcə olursa, bu məkanda 20 dərəcə olar, ya olmaz. Yol boyu Ləkit çayının gur sulu səsi isə insanlara başqa bir rahatlıq bəxş edir.


İnsan nə qədər bu möhtəşəm mənzərəni seyr eləsə də doymaq bilmir. Burada saatların necə tez keçdiyini də hiss etmirsən. Lakin getmək zamanı da var, qayıtmaq ümidi ilə.  

Və beləcə Mamırlı şəlalədən ayrılırıq. Onu da qeyd edək ki, Qax-Zaqatala yolu üzərində yerləşən Ləkit kəndinin bu əsrarəngiz təbiət abidəsi ərazisində kənd yaşıl turizmin inkişafı üçün geniş imkanlar var. Biz nə qədər danışsaq belə bir dəfə görməyin ləzzəti başqadır. 











Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin