Bu gün paytaxtın hansı qəbristanlığına üz tutsaq, qəbirlərin ətrafının zibillə dolub-daşdığının şahidi olacağıq. Başqa bir problem isə qəbiristanlığın ərazisinin yol kənarına kimi uzanmasıdır.
Bu mənzərəni Bakının, Biləcəri, Yasamal və Qurd Qapısı qəbiristanlıqlarında görmək mümkündür. Ayrıca ərazidə bir iki saat müşahidə aparanda orada bir Allah bəndəsinə rast gəlməzsən ki, “Niyə bura gəlmisiniz, hansı mərhumun yaxınısınız?” deyə sual versinlər.
Bir sözlə, qəbiristanlıqlar sahibsiz qalıb. Ancaq bunu bütün qəbiristanlıqlar üçün demək düzgün deyil.
Sahibsiz qalan qəbiristanlıqlarda hətta oğurluq halları da qeydə alınıb. Mətbuatda gedən xəbərlərə nəzər salsaq, Bakının Binəqədi rayonu və Hacıqabul rayonunda qəbir daşlarının üzərindən mərmərdən olan sinə daşları oğurlanıb.
Oğurluq hadisələrində qəbir sahiblərinə 1000-1500 manat civarında ziyan dəyib. Belə hadisələrin baş verməsinə səbəb qəbiristanlqların yetərincə mühafizə olunmamasıdır.
Baxmayaraq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli 1789 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Nazirlər Kabinetinin bu haqda qərarı da var. Qərarda qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri il bağlı maddə qeyd olunub.
Lakin verilən qərardan 4 il keçməsinə baxmayaraq qəbiristanlıqlarda mövcud problemlər olduğu kimi qalır.
Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah Bizim.Media-ya açıqlamasında söylədi ki, qəbirlərin qorunması, onun mühafizə edilməsi ümumxalq işidir:
“Bunu tək Qafqaz Müsəlmanları İdarəsindən tələb etmək düzgün deyil. Qərarda da deyildiyi kimi qəbiristanlıqlarda inzibati struktur olması yazılıb. İcra hakimiyyəti və icra nümayəndələri bu işi görməlidirlər.
QMİ yalnız şəriət məsələləri ilə bağlı mövzularla çıxış edir. Lakin dediyiniz mövzu ilə əlaqədar QMİ müvafiq qurumlara təkliflər verib, rəsmi şəkildə məktub göndərib.Və indi nəticəni gözləyirik”.
Bu qərarın icra olunmasını öyrənmək üçün bir neçə qəbiristanlığın rəhbərliyi ilə əlaqə saxlamaq istədik. Araşdırmamız zamanı heç bir qəbiristanlığın xüsusi inzibati binasının rəsmi ünvanına və telefon nömrələrinə rast gəlmədik. Məlum oldu ki, bunun üçün yalnız bələdiyə, ya da icra hakimiyyəti ilə əlaqə saxlanılmalıdır.
Telefon zənglərimizə yalnız Biləcəri bələdiyyəsinin vətəndaşlarla iş şöbəsinin müdiri Nadir Qədirov cavab verdi.
O, yol kənarınadək uzanan qəbirlərlə bağlı cavabdeh olmadıqlarını dedi:
“Bu ərazilər hüquqi şəxslərindir. Bizim ixtiyarımız nədir ki, qəbiristanlıq ərazisindən kənarda 1 sm yeri istifadə edək. Qəbiristanlığın təmizliyinə isə ştatda olan fəhlələr baxır”.
O əlavə etdi ki, qəbiristanlıq ərazisində uçurulmuş hasarları isə yaxın zamanda təmir edəcəklər:
“Sadəcə bilirsiniz ki, bələdiyyələr öz hesablarına idarə olunan qurumdur. Qərarda göstərilən müddəaların zaman-zaman tətbiq olunmasına nail oluruq. Bizim fəhlə qüvvələri axşam saat 20:00-a kimi həmin ərazidə olurlar.
Digər qəbiristanlıqlarımızda isə mühafizə xidməti var. Daha sonra təmizlik üçün qəbiristanlıq ərazilərinə zibil qutuları da yerləşdirmişik. Çalışırıq ki, qərarda göstərilən qaydaları tətbiq edək”.
Millət vəkili Fazil Mustafa isə söylədi ki, bələdiyələrin bəlli bir vəsaitləri olsa, vətəndaşlarla müqavilə bağlayarlar və bu müqavilə əsasında ximət göstərərlər:
“Qəbirlər ona görə yol kənarına kimi gəlib çıxır ki, torpaqları qarış-qarış satıblar. Qəbir alveri böyük bir biznesə çevrilib. Xeyli adamlar buradan varlanıblar. Bələdiyyələr vətəndaşlara haradan gəldi torpaq satıblar. Ona görə də qəbiristanlıqda intizamsızlıq yaranıb. Bələdiyyələr inkişaf etsələr, bu problemlər də öz həllini tapar. Qəbirlər konkret göstərilən yerlərdə olmalıdır. Bizdə isə özbaşınalıqdır”.
Biləcəri bələdiyyəsinin rəsmisi Nadir Qədirov isə “Qəbiristanlıq ərazisində rəsmi şəkildə bir qarış torpaq belə satılmır, yalnız vətəndaşdan 63 manat xidmət haqqı alınır” cavabını vermişdi.
İndi kimin düz, kimin yalan dediyini isə insedentlə bağlı gələcəkdə açılacaq cinayət işləri bəlli edəcək. Onsuz da etdiyi əməllərə görə məmurlar əvvəl-axır uyğun cavablarını alırlar.
Gülşanə Mustafayeva, Bizim.Media