BİZİM TƏQVİM: 4 avqustda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 4 avqustda baş vermiş tarixi hadisələr

149326

1783-cü ilin bu günündə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı) çar Rusiyasının himayəsinə keçməsi barədə Georgiyevsk traktatı imzalanıb.

Sənədə əsasən, gürcü çarlığının tərkibində tarixi Azərbaycan torpaqları (Borçalı, Şəmsəddil və sair) da Rusiyanın faktiki nəzarətinə keçib.

Gürcü çarı II İrakli ilə Rusiyanın Qafqaz ekspedisiya korpusunun rəhbəri general Potyomkin tərəfindən imzalanan anlaşmaya görə, Rusiya Gürcüstanı Türkiyə (Osmanlı) və İranın hücumlarından qorumaq barədə öhdəlik götürüb. Georgiyevsk anlaşması 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşdirilməsi üçün əsas olub.

Bəs, avqustun 4-də daha hansı hadisələr baş verib?

1. Rusiya-Osmanlı müharibəsi zamanı - 1774-cü ilin bu günü Krımda Aluşta yaxınlığında rus ordusunun 29 yaşlı zabiti Mixail Kutuzov ağır yaralandı. Hərbi raportda bildirilirdi:

“Güllə onun gözü ilə kipriyi arasından keçərək sifətinin digər tərəfindən çıxıb.

Bu ağır yaraya baxmayaraq, Kutuzov sağalıb, lakin sağ gözündən məhrum olub. Rusiya çariçası II Yekaterina ona 1000 çervon və “Müqəddəs Georgi” ordeni verib, həmçinin Kutuzovu 1 il müddətinə maaşı saxlanılmaqla müalicəyə göndərməyi tapşırıb”. 
2. 1791-ci ilin 4 avqustunda Bolqarıstanın Sistovo şəhərində Osmanlı və Avstriya-Macarıstan imperiyaları arasında Ziştovi Sülh Müqaviləsi imzalandı. Avstriya bu müharibədə ələ keçirdiyi bütün torpaqları Osmanlı qaytardı. Xotin mahalı və qalası isə Rusiya-Osmanlı müharibəsi qurtardıqdan sonra Osmanlı verildi.

3. 4 avqust 1914-cü ildə İngiltərə tərəfindən Almaniyaya müharibə elan olundu. Bununla Fransadan sonra İngiltərə də Birinci Dünya Müharibəsinə qatıldı və Almaniya ilə müttəfiqlərinə döyüş elan etdi.

4. 1918–ci ilin bu günündə General Denstervilin komandanlıq etdiyi ingilis hərbi qüvvələrinin ilk dəstəsi Bakıya gəlib.

Bakıda hakimiyyəti ələ almış eser-menşevik və daşnak “Sentrokaspi diktaturası” Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Qafqaz İslam Ordusunun Bakıya hücumunun qarşısını almaq üçün İrandakı ingilis qoşunlarını köməyə çağırıb. Ənzəli limanından yola çıxan ingilis desantının əsas hissəsi avqustun 9-17-də Bakı limanına yan alıb.

5. 1971-ci ilin 4 avqustunda Avropa İqtisadi Birliyi Ortaq Bazara Keçid Protokolu qüvvəyə mindi.

6. 4 avqust 1976-cı ildə İspaniya kralı Xuan Karlos (Juan Carlos) siyasi məhbusları əfv edərək Franko rejimindən sonra yeni konstitusiya prosesinə başladı. 

7. 1992–ci ilin 4 avqustunda Azərbaycan Respublikası ilə Portuqaliya arasında diplomatik münasibətlər qurulub. Portuqaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 7-də tanıyıb.

8. Türkiyə rejissoru, ssenari müəllifi və yazıçısı Safa Önal filmə çəkilmiş 395 ssenarisi ilə 2005-ci ilin 4 avqustunda “Guinnes” rekordlar kitabına düşdü.     

4 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. İngilis şairi, romantizm cərəyanının görkəmli nümayəndəsi Persi Biş Şelli 1792-ci ilin bu günü anadan olub.

2. Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabın müəllifi, görkəmli maarifçi, alim və yazıçı Mirzə Əbdürrəhim Talıbov 1834-cü il 4 avqustda doğulub. 

3. "Aclıq" kitabıyla dünya şöhrəti qazanan və 1920-ci ildə Nobel Ədəbiyyat Mükafatını qazanan Norveç yazıçısı Knut Hamsun 1859-cu ilin bu günü anadan olub (1859 -1952).

4. 4 avqust Türkiyənin görkəmli dövlət xadimi Ənvər Paşanın xatirə günüdür. Türk generalı 1922-ci ildə Türküstanda rus-bolşevik işğalçılarına qarşı azadlıq mübarizəsində iştirak edib və avqustun 4-də Tacikistanda gedən döyüşlərin birində həlak olub (1880-1922).

5. 4 avqust 1915-ci ildə görkəmli aktyor, Xalq artisti Məmmədrza İsa oğlu Şeyxzamanov (1915 – 25.1.1984) Gəncədə doğulub. Gəncə Dram, Akademik Milli Dram teatrlarında çalışıb. “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.

6. 4 avqust 1939-cu ildə Əməkdar artist Ofeliya Məmmədzadə (1939 – 11.7.2007) anadan olub. Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb. Filmlərdə (“Bir cənub şəhərində”, “Yenilməz batalyon”), teletamaşalarda maraqlı rollar oynayıb.
7. 4 avqust 1946-cı ildə Xalq artisti Rafiq Hüseynov (1946 – 26.10.2017). 30 ilə yaxın Azərbaycan Televiziyasının aparıcı diktorlarından biri olub.

8. Amerika Birləşmiş Ştatlarının ilk qaradərili prezidenti Barak Obama 1961-ci ilin 4 avqustunda Havay adalarının Honolulu şəhərində dünyaya gəlib.     

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin