2026-cı ilin sonunadək Cəbrayıl şəhərinə 3800 nəfər köçəcək - FOTO

Hazırda oxunan: 2026-cı ilin sonunadək Cəbrayıl şəhərinə 3800 nəfər köçəcək - FOTO

149309

İyirmi yeddi il erməni işğalı altında olmuş Cəbrayıl rayonundan geriyə yalnız xarabalıqlar qalıb. 2020-ci ildə Azərbaycan Ordusunun əks-hücumu ilə başlayan 44 günlük Zəfər yürüşündə qazanılan parlaq Qələbədən sonra isə digər azad edilən ərazilər kimi, Cəbrayıl rayonu da yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhərin Baş planına uyğun olaraq tikinti-quruculuq işləri geniş vüsət alıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda Cəbrayılda tikinti-quruculuq işlər sürətlə aparılır. 

Şəhərin Baş planına uyğun olaraq Cəbrayıl rayonu yeni inkişaf mərhələsinə qədəm qoyub. 


Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl şəhərinin Baş planı iyulun 25-də Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə təsdiq edilib.

Yeni Baş plana əsasən, ümumi ərazisi 625 hektar olacaq müasir Cəbrayıl şəhəri əvvəlki şəhəri və yaxınlıqdakı 5 kəndi əhatə edəcək. Layihədə Çaylaqçay ətrafında şimaldan cənuba doğru uzanan şəhərin mərkəzi hissəsində təklif olunan “yaşıl zolaq” əsas onurğa rolunu oynayacaq.

Rayon ərazisində bir çox tarix-memarlıq abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi gələcəkdə şəhərin özünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq.


İlkin mərhələdə təhlükəsizlik, infrastruktur məsələləri, sosial xidmətlərin sahələrinin yaradılması, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri həllini tapmalıdır. Bu ərazilərdə bərpa və yenidənqurma strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaqdır.

Cəbrayıl şəhərində tikinti-quruculuq işləri dörd faza üzrə həyata keçiriləcək. Artıq ilk mərhələ üzrə işlər başlayıb. Hazırda şəhərdə 960 şagird yerlik tam orta məktəbin tikintisi sürətlə davam edir. Həmçinin yaşayış məhəlləsinin təməli qoyulub və tikinti işləri gedir.


Məhəllədə 33 binanın inşası nəzərdə tutulub. 2026-cı ilin sonunadək 712 mənzilin təhvil verilməsi, həmin mənzillərdə təqribən 3800 nəfərin məskunlaşdırılması planlaşdırılır. 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15 min yaşayacağı proqnozlaşdırılır.
Cəbrayılın inkişaf mərhələsi şəhərlə yanaşı, ətraf kəndləri də əhatə edir. Şəhərlə paralel olaraq Horovlu, Şükürbəyli kəndlərinin, həmçinin Xudafərin qəsəbəsinin şəhərsalma əsaslandırmaları təsdiqlənib və həmin ərazilərdə də inşaat işlərinə başlanılıb.

Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizini az və orta mərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşaması planlaşdırılıb. 


Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb.

Burada yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib.

Şəhərdaxili yol profillərində təxminən 60 kilometr uzunluğunda piyada və velosiped yollarının salınması nəzərdə tutulub. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 kilometrdən çox olacaq.
Şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq cəbrayıllı 1880 şagirdin təhsil alacağı müasir 3 tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan 4 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin