Şabranın məşhur folklor ustaları ÇƏTİN DURUMDA – “Evimiz yanıb, tövlədə yaşayırıq” – FOTO 

Hazırda oxunan: Şabranın məşhur folklor ustaları ÇƏTİN DURUMDA – “Evimiz yanıb, tövlədə yaşayırıq” – FOTO 

149286

Şabranın Dağ Bilici kəndinin 74 yaşlı sakini, bölgənin məşhur folklor və tar ustası Bayram Ağasiyev çətin günlərini yaşayır. Ailə bir il öncə, daha dəqiqi 2022-ci il avqust ayının 15-də Dağ Bilici kəndində baş verən güclü yanğın zamanı evini, mal-qarasını, bir sözlə bütün əmlakını itirib.

Bu barədə Bayram Ağasiyevin özü Bizim.Media-ya məlumat verib.

Deyir ki, yanğından sonra yanmış tövləsinin divarlarını bərpa etdirib və həyat yoldaşı Rəna xanımla orada yaşayır. Çox çətin durumda olduğunu deyən Bayram Ağasiyev evi yanandan sonra şikayətinə baxılmadığını bildirir:


"Şabran Rayon İcra Hakimiyyətinə dəfələrlə gedib, müraciət etmişik. Son zamanlar müraciətimə heç cavab verən də yoxdur. Yeni ev tikiləcəyi barədə dəqiq heç bir qurum məlumat belə vermir." 

Qeyd edək ki, Bayram və Rəna Ağasiyevlər Şabranda məşhur"Xınayaxdı" folklor kollektivinin yaradıcıları kimi tanınırlar . 40 il bu kollektivə ictimai əsaslarla rəhbərlik etdiyini deyən Bayram Ağasiyev həyat yoldaşı Rəna ilə birgə bu kollektivi uzun illər yaşatdıqlarını bildirir.

Yaşları səbəbindən hər ikisi Dağ Bilici kənd klubundan işdən ayrılsalar da həmişə rayon, ölkə tədbirlərinə qatılıblar. Amma indi onları mədəniyyət qurumları da axtarmır.


Çünki evləri yananda "Xınayaxdı"nın bütün arxivi də yanıb, necə deyərlər, "it də gedib, ip də". Bir çöp belə çıxara bilmədikləri yanğında ailə 70 min manatdan artıq zərər görüb.

Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən hər hansı məlumat almaq cəhdlərimiz nəticəsiz qalıb.

Qurumun mövqeyini işıqlandırmağa hazırıq.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin