Bir ailə üçün bölgələrdə istirahət neçəyə BAŞA GƏLİR?

Hazırda oxunan: Bir ailə üçün bölgələrdə istirahət neçəyə BAŞA GƏLİR?

148520

Yay mövsümündə əksər insanlar gərgin iş rejiminə ara verib məzuniyyət götürərək bölgələrə üz tutmaq istəyir. Ancaq istirahətlərini həm maraqlı, həm də münasib qiymətə başa gəlməsi üçün seçim edərkən xeyli axtarış etməli olurlar. Qiymətlər isə o qədər də ürəkaçan deyil.

Bəs, bir ailənin bölgələrdə istirahət etməsi üçün nə qədər vəsait tələb olunur?

Mövzu ilə bağlı turizm üzrə ekspert Ceyhun Aşırov Bizim.Media-ya açıqlamasında bildirib ki, vətəndaşlarımız və xarici turistlər əsasən turizm infrastrukturu inkişaf etmiş eləcə də Bakıdan çox da uzaq olmayan yerlərə  üz tuturlar:

“Ümumiyyətlə istirahət məqsədilə rayonlara gedənlərin əksəriyyəti paytaxt əhalisidir. Çünki əsas əhali sıxlığı Bakıdadır. Regionlara müxtəlif formalarda səfərlər mümkündür.

Məsələn, ekskursiya o qədər də baha başa gəlmir. Səhər gedib, axşama qədər bir neçə yerə baş çəkən bu cür turlar daha münasibdir. 

Lakin qalmaq şərti olan turlar da var ki, bir adam üçün 1 günə 70-80 manata başa gəlir. Ancaq individual olaraq gedən insanlar özləri müxtəlif seçim edə bilirlər. Daha çox Qəbələ, İsmayıllı, Şəki, paytaxtdan çox da uzaq olmadığı üçün Şamaxı, Quba -Qusar və cənub bölgələrinə üstünlük verilir”.

Ekspert qeyd edir ki, qiymət olaraq isə xərclər adam sayından, qalacaq yerindən və s. aslı olaraq müxtəlifdir:

“Ucuz və alternativ variantlar da var. Kənd evlərində qiymət baxımından daha uyğundiur. Otellər isə əlavə xidmətlər olduğu üçün nisbətən bahadır. Otellərdə adam başına düşən xərc təxminən 60-70 manatdan başlayaraq 450-500 manata qədər gedib çatır.

Koteclərdə isə daha çox ailələr qaldığı üçün onlar da nisbətən baha sayılır. Sadə evlərdə bir gün qalmaq 50-150 manata, daha böyük və yüksəktəchizatlı evlərdə isə 400-500 manata başa gəlir”. 

C.Aşırov həmçinin vurğulayıb ki, istirahət xərcləri gedəcək yerin təyinatından, nə üçün getməyimizdən, necə istirahət etməyimizdən, yəni özümüzdən asılıdır:

“Bizim vətəndaşlar individual qalacaq yerlərdən daha az istifadə edirlər. Məsələn, daha çox xarici individual qonaqlar İsmayıllıda Lahıca gedərkən 15-20 manat ödəyərək sadəcə kənd sakinlərinin təklif etdiyi evlərdə qala bilir.

Buraya isə yemək və digər əlavə xərclər aid olmur. Ümumi götürdükdə son dövrlər cənub bölgələsinə də maraq artıb. Bura həm yolların rahatlığı, həm səfərlərin sayının artması, həm də turistlər üçün kənd evlərinin təklif edilməsi qiymətləri daha münasib edib”.

Turizm üzrə ekspert Əziz Şiriyevin sözlərinə görə, daha çox Quba və Qəbələyə təlabat çox olduğu üçün ordakı qiymətlər tələbə bağlı olaraq artıb:

“Hal-hazırda regionlarda  turizm vəziyyəti normaldır. Bildiyimiz kimi Qəbələ yolunda təmir tikinti işləri gedir. Digər regionlarımıza isə 7 maşrut xətti var. Yəni 4 əsas, 3 əlavə xətt. Şimal, cənub, şimal-qərb və qərb marşrutu əsasdır. Naxçıvan, Bakı ətrafı və Qarabağ bölgəsi isə əlavədir.

Yaxın gələcəkdə inanıram ki, Qarabağ bölgəsi də əsas maşrut xəttinə çevriləcək. Çünki 44 günlük müharibədən sonra işğaldan azad olunan Şuşa, Laçın, Füzuli və digər bölgələrə turlar olsa da, ümüdvaram ki, bu, tezliklə daha kütləvi şəkildə çoxalacaq”.

Ekspert bildirir ki, turistlərin daha az üz tutduğu Qərb zonasında qiymətlər daha münasibdir: 

“Həmçinin cənubda qiymətlərin münasib olması insanlara geniş şəkildə istirahət etmək imkanı yaradır . Tezliklə sentyabr ayından sitrus meyvələrinin mövsümü gəlir. Bu da cənub rayonlarımıza turist axınını artıracaq”.

Röyanə Oğuz, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin