Qaxda itkin düşən fiziki qüsurlu gənc atasından icazəsiz yaylağa APARILIB – YENİ DETALLAR/FOTO

Hazırda oxunan: Qaxda itkin düşən fiziki qüsurlu gənc atasından icazəsiz yaylağa APARILIB – YENİ DETALLAR/FOTO

148477

Qaxda itkin düşən çobanla bağlı bəzi təfərrüatlar bəlli olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  İlisu, Ağçay və Sarıbaş kəndlərinin dağlıq-meşəlik ərazidə itkin düşən 30 yaşlı Rəhman Kamallının axtarışları davam edir.  

Dəniz səviyyəsindən 2 min metrədək yüksəklikdə.   

Qaxın Sarıbaş kəndinin yaylaqlarına qoyun otarmağa gedən çobanın axtarışlarına FHN və DİN əməkdaşları ilə yanaşı hər gün 30-40 nəfər yerli sakin də qoşulur.  


Axtarışlar dəniz səviyyəsindən 1600-2000 metr yüksək ərazilərdə aparılır.  

Xatırladaq ki, Rəhman Kamalllının iyulun 24-də itkin düşdüyü bəlli olub. Belə ki, O,  dəniz səviyyəsindən 2 min metrə yaxın yüksəklikdə yerləşən Sarıbaş kəndinin yaxınlığındakı Alagöz dağında, eyniadlı yaylaqda itkin düşüb.  

Ata icazə vermədiyini deyir.  

Rəhmanın atası Sədrəddin Kamalov bildirir ki, hadisədən bir gün əvvəl yəni iyulun 23-də Sarıbaş kənd sakini Ramazan adlı şəxs ona müraciət edərək Kamalı özü ilə yaylağa aparması üçün icazə istəyib.  Ramazan bildirib ki, Rəhmanı Sarıbaşın “Alagöz” yaylağına fermaya aparacaq və həmin ərazilərdə qoyunlara nəzarət edəcəklər.   


Sədrəddin kişinin sözlərinə görə oğlunun fiziki cəhətdən qüsurlu olduğu bildirib və onun Ramazanla yaylağa getməsinə icazə verməyib.

Lakin Ramazan Rəhmanı icazəsiz yaylağa aparıb. Sədrəddin kişi onu da bildirib ki, həmin gündən FHN və DİN əməkdaşları ilə yanaşı bütün el-oba Rəhmanın axtarışlarına başlayıb. Güman gələn hər tərəfə baxılır. Ümidləri var ki, onu tapa biləcəklər.   

“Ola bilsin o, çaya düşüb”. 


Bu fikirlər isə yaylaqda itkin düşən Rəhmanın əmisi Bədrəddin Kamalova məxsusdur. Əmisinin sözlərinə görə, Rəhmanın dağlıq ərazidə itkin düşməsi barədə iyulun 24-ü xəbərləri olub. Həmin gündən onun axtarışlarına qoşulublar.

Hadisə şahidləri ailəyə bildirib ki, Rəhmanın yoxa çıxması 10-15 dəqiqə arasında baş verib.  Belə ki, Ramazan yüklü atları çayın kənarında saxlayıb və bir tərəfdən digər tərəfə keçməli olub.

O , Rəhmana bildirib ki, yerindən tərpənməsin atın birini çaydan keçirib daha sonra onun ardınca gələcək. Geri dönəndə isə Rəhmanı tapa bilməyib. Bədrəddin kişi ehtimal edir ki, qardaşı oğlu yaxınlıqdan keçən Kürmük çayından keçmək istərkən ola bilsin sel-sulara qərq olub.   

Kənd sakinləri hər gün dağlardadır. 


İlisu kənd icra nümayəndəliyindən bildirildi ki, axtarışlara hər gün İlisu, Ağçay və Sarıbaşdan 30-40 nəfər yerli sakin qoşulur.  

Xatırladaq ki, İlisu kənd sakini Rəhman Kamallının axtarışlarına Fövqaladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, DİN-nin Qax rayon Polis Şöbəsinin əməkdaşları və ərazini yaxşı bilən İlisu, Ağçay və Sarıbaş kənd sakinləri qoşulub. İyulun 24-dən başlayan axtarışlar bu günə kimi hələlik heç  bir nəticə verməyib. Lakin kənddə hər kəs ümidlidir ki, 30 yaşlı gənc sağ-salamat tapılacaq.  






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin