1723-cü ilin bu günündə Çar I Pyotrun göndərdiyi rus qoşunları Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib. Bu, çar Rusiyasının Azərbaycan üzərinə birinci işğalçılıq yürüşü idi. 1735-ci ildə ruslar Səfəvi dövləti ilə bağlanmış müqavilənin şərtlərinə görə, Azərbaycan torpaqlarını tərk ediblər. Rusiya imperiyasının Azərbaycan üzərinə ikinci və həlledici yürüşü XIX əsrin əvvəlində başlanıb.
Bəs, iyulun 28-də dünyada daha hansı hadisələr baş verib?
1. 28 iyul Perunun İstiqlaliyyət günüdür. Düz 202 il əvvəl - 1821-ci ilin 28 iyulunda Peru müstəqilliyini elan edib.
2. 28 iyul 1698-ci ildə ingilis hərbi mühəndisi və ixtiraçısı Tomas Saveri dünyada ilk buxar maşınına patent alıb.
3. 1914-cü ilin bu günü Birinci Dünya Müharibəsi başladı. İngiltərə və Fransanın idarə etdiyi Antanta dövlətləri ilə Almaniyanın rəhbərliyindəki İttifaq qüvvələri arasındakı bu müharibə 4 il sürdü.
1917-ci ildə Amerika Birləşmiş Ştatlarının da qatılması ilə bütün cəbhələrdə uduzan Almaniya və müttəfiqləri sülh müqaviləsi imzalamaq məcburiyyətində qaldı.
Təxminən 70 milyon əsgərin döyüşdüyü Birinci Dünya Müharibəsində müxtəlif cəbhələrdə 9 milyon hərbçi və on minlərlə sadə vətəndaş həyatını itirdi.
4. 28 iyul 1976-cı ildə Çinin Tanqsan şəhərində 7,8 bal gücündə böyük zəlzələ baş verdi. Minlərlə binanın yerlə yeksan olduğu bu zəlzələdə 240 mindən çox insan həyatını itirdi.
28 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri İohann Sebastyan Bax 1750-ci ilin bu günü 65 yaşında dünyadan köçüb.
2. Klassik alman fəlsəfəsinin banilərindən olan Lüdviq Feyerbax 1804-cü ilin 28 iyulunda anadan olub.
3. 28 iyul peşəkar Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, bəstəkar, dirijor Müslüm Maqomayevin xatirə günüdür.O 1937-ci ilin bu günündə 52 yaşında dünyasını dəyişib.
4. Adı dünya neft tarixinə Tümenin (Rusiya) zəngin sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olan Azərbaycanın görkəmli neftçi, mühəndis-geoloq alimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Fərman Salmanov 1928-ci ilin bu günü anadan olub. Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra bir müddət geoloji ekspedisiyada çalışıb.
31 yaşından (1959) Tümen Ərazi Geologiya İdarəsi Surqut Neft Kəşfiyyatı Ekspedisiyasına rəhbərlik edib, Qərbi Sibirdə ilk neft yataqlarını üzə çıxarıb. Fərman Salmanov 1987-1991-ci illərdə SSRİ geologiya nazirinin müavini vəzifəsində çalışıb (1928-2007).
5. 28 iyul 1935-ci ildə görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Vasif Adıgözəlov (1935-2006) anadan olub.
6. Azərbaycan hərbçisi, Milli Qəhrəman Roman Yusifov 28 iyul 1973-cü ildə anadan olub.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 28.07.2023
BİZİM TƏQVİM: I Dünya Müharibəsinin başlamasından 109 il ötür
Hazırda oxunan: BİZİM TƏQVİM: I Dünya Müharibəsinin başlamasından 109 il ötür
Hazırda oxunan: BİZİM TƏQVİM: I Dünya Müharibəsinin başlamasından 109 il ötür
148240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.