“Ora hazırda elə bir vəziyyətdədir ki, Qarabağda ermənilərin törətdiyi vəhşiliyi dünyaya göstərmək üçün heç bir əlavə dekora ehtiyac yoxdur”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında "APA Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızı işğaldan azad olunmuş Ağdam səfərindən təssuratlarını bölüşərkən deyib.
İşğaldan azad edilən torpaqların əsl sahiblərinə qayıtmasının həqiqi xoşbəxtlik olduğunu vurğulayan Vüsalə Mahirqızı səfərlə bağlı sarsıntı və məyusluğunu belə ifadə edib:
“Hamımız üçün o torpaqlara getmək xoş idi. Amma, xeyli sarsılmışam. Biz videokadrlardan, fotolardan gördüyümüz görüntülər tamam fərqli imiş. O dağıntının, vəhşiliyin və barbarlığın miqyasını görmək üçün yerdə olmaq vacib imiş...
Sözün əsl mənasında Ağdam böyük vəhşiliyin hücumuna məruz qalıb. Xüsusilə qəbirstanlıqda məzarların sökülməsi, tamamilə qazılıb insanların cəsədlərinin çıxarılması və boş oyuqların qalması sadəcə dəhşətli idi.
Üstəlik orada kiçik quyuların, yəni uşaq məzarlarının sökülüb sümüklərinin ətrafa səpələnməsi, tarixdə görünməmiş vandalizm aktıdır. Bu mənzərəyə baxdıqca, cənab prezidentin çıxışları yadıma düşürdü. Deyirdi ki, dünya bizə minnətdar olmalıdır ki, bəşər tarixinin çox böyük xəstə, vəhşi və barbar ideologiyası olan zehniyyətin burnunu ovmuşuq, dərsini vermişik. Həqiqətən də elədir”.
Vüsalə Mahirqızı səfərin çox geniş heyətdən ibarət təşkil olunmasını müsbət qarşılayıb:
“Diqqətimi çəkən xüsusi məsələlərdən biri səfərin geniş təşkil olunması idi. 150-dən artıq media təmsilçisi və sosial aktivst var idi. Siyasi mövqeyi, indiyədək hakimiyyətə münasibəti qəti şəkildə nəzərə alınmamış şəxslər reallıqları öz gözləri ilə görmələri üçün ora dəvət olunmuşdu.
Səfərdə bu, çox önəmli faktor idi. Elə real mənzərəni çəkmək və göstərmək kifayətdir. Hətta film çəkmək lazımdır. Hesab edirəm ki, Qarabağın bərpasında bu, düşünülüb.
Baş vermiş o vəhşiliyin, dağıntının bir parçası qorunub açıq muzey kimi saxlanılacaq ki, insanlarımız gedəndə, onun miqyasını təsəvvür edə bilsinlər. Ağdamdakı reallığı yalnız görmək lazımdır.
Yenə də ikili standartlardan şikayət edəcəyəm. Çünki bizdən əvvəl beynəlxalq media təmsilçiləri o mənzərəni görüblər.
İnsanlığa sayğısı olan hər kəs bu vəhşiliyi törədən zehniyyətin bəşəriyyət qarşısında cəzalanmasını mütləq tələb etməlidir. Bu dağıntıların miqyası o qədər böyükdür ki, bunun başqa adı yoxdur”, deyə Holdinq rəhbəri əlavə edib.
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə bir qrup media orqanı və QHT rəhbərləri, blogerlər, ictimai fəallar işğaldan azad olunmuş Ağdama səfəri ediblər.
Nümayəndə heyəti Baş Qərvənd kəndində dəmiryol ətrafında minatəmizləmə prosesini, Ağdamda ermənilərin hərbi istehkamlarını öz gözləri ilə görüblər.
Bununla yanaşı, Ağdam şəhəri, tarixi, mədəniyyət abidələrinin hazırki vəziyyəti ilə tanışlıq olub.
Alçina Amilqızı, Bizim.Media