AZAL-ın marşrut şəbəkəsinin genişləndirilməsi və ölkəyə yeni beynəlxalq aviaşirkətlərin cəlb edilməsi çərçivəsində 2023-cü ilin ilk altı ayı ərzində görülən işlər 2022-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin axınının artımında mühüm rol oynayıb. Bu, Azərbaycanda aviasiya sektorunun inkişafındakı müsbət dinamikanın əyani təsdiqidir.
Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, 2023-cü ilin yanvar-iyun aylarının göstəricilərini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsində xeyli artım müşahidə etmək olar.
Bu ilin altı ayı ərzində Bakı aeroportunun ümumi sərnişin axını 1,5 dəfə artaraq 2 milyon 464 min nəfərdən çox həddə çatıb. 2022-ci ilin altı ayında bu göstərici 1 milyon 634 min nəfər təşkil edirdi.
Qeyd edək ki, daşınan bütün sərnişinlərin 49,82% beynəlxalq aviadaşıyıcıların payına düşür. Xarici aviaşirkətlər 1 milyon 236 mindən çox sərnişin daşıyıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bu seqmentin 34% artımı deməkdir.
Sərnişin daşımalarının qalan hissəsi AZAL tərəfindən həyata keçirilib - 2023-cü ilin altı ayında 1 milyon 227 min nəfərdən çox sərnişinə xidmət göstərilib.
Ən çox sərnişin Bakıdan Naxçıvana və əks istiqamətdə daşınıb. Qeyd olunan dövr ərzində bu göstərici 300 min çox nəfər təşkil edib.
2023-cü ilin ilk altı ayında 57 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin “Turkish Airlines”, “Utair”, “Aeroflot”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb. Sərnişinlər üçün əlçatanlığın və rahatlığın təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığın genişləndirilməsi hazırda da davam etdirilir.
Vurğulayaq ki, sərnişin axınının və xarici aviaşirkətlərin sayının artmasını nəzərə alaraq, cari ilin iyunun 20-dən etibarən Bakı hava limanının 2-ci Terminalı beynəlxalq reysləri bərpa edərək səyahətçilər üçün yeni imkanlar açır.
Bu terminal aviaşirkətlərə, o cümlədən aşağıbüdcəli aviadaşıyıcılara Azərbaycana və Azərbaycandan istiqamətlərin sayını artırmaq üçün üstünlüklər təqdim edir.
Belə ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun hər iki terminalının fəaliyyəti, eləcə də ölkənin regional hava limanlarının fəaliyyətinin genişləndirilməsi daha da çox turist qəbul etməyə və Azərbaycanın aviasiya sektorunda rəqabət qabiliyyətini artırmağa imkan verəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:49 / 25.07.2023
Bakı aeroportunun sərnişin dövriyyəsi ilk altı ayda 2,5 milyon nəfərə çatıb
Hazırda oxunan: Bakı aeroportunun sərnişin dövriyyəsi ilk altı ayda 2,5 milyon nəfərə çatıb
Hazırda oxunan: Bakı aeroportunun sərnişin dövriyyəsi ilk altı ayda 2,5 milyon nəfərə çatıb
147954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.