BİZİM TƏQVİM: 26 iyulda hansı tarixi hadisələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 26 iyulda hansı tarixi hadisələr baş verib?

147933

Bu gün idman işçilərinin peşə bayramıdır. 1994-cü ilin bu günündə xalqımızın ümummilli lideri Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. Qurum 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə yenidən təşkil edilərək Gənclər və İdman Nazirliyi adlandırılıb. Ölkəmizdə gənclər siyasətinin əsas icra orqanı məhz bu qurumdur.

Bəs, iyulun 26-da daha hansı hadisələr baş verib?

1. 26 iyul 1730-cu ildə Rusiya imperatriçasi Anna İoannovna Moskvadakı Kreml zənglərinin (Çar zəngləri) tökülməsi barədə fərman imzalayıb. Çar zənglərinin hündürlüyü 6 metr 14 santimetr, diametri 6 metr 60 santimetr, çəkisi 200 tondan artıqdır.

Zəngin tökülməsi Paris ustalarına sifariş edilib. Lakin onlar rədd cavabı göndəriblər. Bundan sonra işin icrası moskvalı metaltökən İvan Motorinə tapşırılıb. Amma ilk cəhd uğursuz alınıb.

Həm də İvan Motorin öldüyündən iş yarımçıq qalıb. Motorinin başladığı işi onun oğlu başa çatdırıb. O, 1735-ci il noyabrın 25-də bürüncdən tökmə sənətinin ən məşhur abidələrindən birini yaradıb. 

2. 26 iyul Liberiyanın İstiqlaliyyət günüdür. Afrikanın qərbində yerləşən bu dövlət 1847-ci ilin bu günü müstəqilliyini elan edib. Maraqlıdır ki, Liberiyanın istiqlaliyyəti yerli əhali tərəfindən deyil, azadlığa buraxıldıqdan sonra ABŞ- dan Liberiyaya köçən qara dərili qullar tərəfindən bəyan olunub.  

3. 1887-ci ilin bu günündə göz həkimi Lüdviq Markoviç Zamenqof tərəfindən dünyada ilk süni dil - esperanto yaradılıb.    

4. 26 iyul 1908-ci ildə ABŞ-da Federal Təhqiqatlar Bürosu (FTB) yaradılıb. Təşkilat indiki adını 1935-ci ildə alıb. FTB ABŞ-ın Ədliyyə Nazirliyi sisteminə daxildir və ölkənin Baş prokuroruna tabedir.                    

5. 1945-ci ilin 26 iyulunda İngiltərədə İkinci Dünya Müharibəsindən sonra keçirilən ilk seçkilərdə baş nazir Uinston Çörçilin rəhbəri olduğu Mühafizəkarlar Partiyası uduzdu. İşçi (Fəhlə) Partiyası tarixində ilk dəfə seçkiləri qazandı və ölkənin baş naziri Klement Ettli oldu.

6. Dünya Bankı Assuan anbarının inşasına maliyyə təminatından imtina edincə Misir prezidenti Camal Əbdünnasir 1956-cı il 26 iyulda Süveyş kanalını milliləşdirdiyini açıqlayıb.

7. 26 iyul Cənubi Asiyanın Maldiv Respublikasının İstiqlaliyyət günüdür. Maldiv xalqı 1965-ci il iyulun 26-da müstəqillik qazanıb. Həmin vaxta qədər isə Böyük Britaniyanın müstəmləkəsi olub.

8. 1992-ci ilin 26 iyulunda SSRİ Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki hərbi donanmasının Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölüşdürülməsi başa çatıb və ölkəmizin sərəncamına keçən hərbi gəmilərin üzərində ilk dəfə Azərbaycanın üçrəngli bayrağı qaldırılıb.

SSRİ dağıldıqdan sonra Xəzərdəki hərbi donanmanın bölüşdürülməsi üzrə danışıqlar 1992-ci ilin əvvəlində başlamışdı. 1992-ci ilin aprelində Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradılmışdı.
Rusiya ilə aparılan gərgin danışıqlar Xəzər hərbi donanmasının 25 faizinin və Bakı Hərbi Dənizçilik Məktəbinin Azərbaycan Respublikasının sərəncamına verilməsi ilə yekunlaşdı.

9. 1994-cü il 26 iyulda Azərbaycan prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb.

10. 1999-cu ilin bu günü İtaliyada 32 şəhər və qəsəbə müasir həyatın çətinliklərinə qarşı "Sakit şəhər" layihəsinə başladı. 30 ölkədə 260-dan çox sakit şəhər müəyyən olundu ki, burada Türkiyənin də 17 rayonu var.  

26 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Böyük ingilis dramaturqu, Nobel ədəbiyyat mükafatçısı Bernard Şou 1856-cı ilin bu günü İrlandiyanın paytaxtı Dublində anadan olub.

2. Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov 1952-ci ilin məhz bu günündə dünyaya gəlib.

3. 26 iyul Azərbaycan yazıçısı İsmayıl Şıxlının xatirəsi yad edilir. İbrətamiz hekayələr, tanınmış romanlar (“Dəli Kür”, “Ölən dünyam”) və sanballı publisistik yazıların müəllifi olan yazıçının “Dəli Kür” romanı dünyanın bir çox xalqlarının dilinə tərcümə edilib. “Azərbaycanfilm” kinostudiyasında həmin əsər əsasında eyniadlı bədii film çəkilib. (1922-1996)

4. 26 iyul 2008-ci ildə tanınmış fırça ustası, Xalq rəssamı Nadir Əbdürrəhmanov (1925-2008 ) vəfat edib. O bir müddət Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri olub.

5. Azərbaycanlı bəstəkar, Xalq artisti Şəfiqə Axundova 26 iyul 2013-cü ildə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin