Kosmetikanın da halalı, haramı OLUR?

Hazırda oxunan: Kosmetikanın da halalı, haramı OLUR?

147760

Azərbaycanda halal kosmetika məhsullarının istehsalına dair yeni dövlət standartı qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS OIC/SMIIC 4:2023 “Halal Kosmetika - Ümumi Tələblər" dövlət standartı qəbul edilib.

İslam Əməkdaşlıq Təşkilatının standartlaşdırma və metrologiya sahəsində əsas qurumu olan İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən qəbul edilmiş normativ sənədlərin ölkə ərazisində istehsal olunan məhsullara tətbiqi, insanların həyat və sağlamlığının qorunması, halal məhsulların ümumi istifadəsinə şəraitin yaradılması, idxal və ixrac zamanı yaranan çətinliklərin aradan qaldırılması və İƏT-ə üzv dövlətlərin qlobal iqtisadiyyatda bazar mövqelərinin möhkəmlənməsi nəzərə alınaraq müvafiq sahədə standartın hazırlanmasına ehtiyac yaranıb.

Standart layihəsi İslam dininin qaydaları əsasında halal kosmetika sənayesi tərəfindən kosmetik təchizat zəncirinin hər bir mərhələsində yerinə yetirilməli olan əsas tələbləri, o cümlədən qəbulu, hazırlanması, istehsalı, saxlanması, qablaşdırılması, etiketlənməsi, nəzarəti, daşınması, və paylanmasını müəyyən edir.

Eyni zamanda, standart halal kosmetik vasitələrdən istifadə edən xidmət sahələrini əhatə edəcək. Bu standart ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq bütün kosmetika kateqoriyalarına və bütün növ müəssisələrə şamil edilir.

Buradan göründüyü kimi, Azərbaycanda rəsmi olaraq kosmetika üçün də halal standartı tətbiq olunacaq. 

Görəsən, kosmetikanı halal və ya haram olaraq təsnifatlandırmaq nə dərəcədə düzgündür?

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli qeyd edir ki, əslində bu bir marketinq gedişidir və bəlli kiçik seqmentə fokuslanmış addımdır:
 

MÖVZU İLƏ BAĞLI:

İslamda saqqal qırxmaq və ya qırxdırmaq HARAMDIR? – İlahiyyatçılardan MARAQLI YANAŞMA


“Əhalinin az da olsa bəlli bir seqmenti var ki, onlar haram, halal kimi məsələlərə önəm verir. Kosmetikada bəziləri tərəfindən yaxşı qarşılanmayan donuz yağı, alkoqoldan istifadə oluna bilər. Bir çox hallarda kosmetik məhsulların istehsalı zamanı ən azından spirtdən istifadə olunur. Bu mənada halal adı ilə istehsal etməklə onu başqa məhsullarla əvəzləmək çətin olacaq. Eyni zamanda, alıcıların bunu yoxlamaq imkanları da yoxdur”. 

Kosmetoloq Həbibə İsmayılova isə deyir ki, donuz piyinin istifadə edildiyi kosmetika məhsulları haram hesab olunur: 

“Artıq dırnaq üçün lakların belə halal tərkibi çıxıb. Bu mənada yəqin indi də donuz piyindən istifadə edilməyən kosmetikalar istehsal ediləcək. Bu səbəbdən də kosmetika üçün də halal standartı tətbiq olunur. Belədə görünür ki, halal kosmetika daha baha başa gələcək. Yəqin ki, tərkibinə görə, halal və haram kosmetika da olur. Çünki istifadə etdiyimiz kosmetika dəri vasitəsilə qanımıza kecir. Bu halda həmən maddənin qanımızda olması haram sayılır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin