Nəsimi Rayon İcra Hakimiyyəti çoxillik ağacları niyə MƏHV EDİR? – FOTO/VİDEO 

Hazırda oxunan: Nəsimi Rayon İcra Hakimiyyəti çoxillik ağacları niyə MƏHV EDİR? – FOTO/VİDEO 

147700

Paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon, Mircəlal küçəsində çoxillik ağaclar məhv olur. 

Bakı şəhərinin Mircəlal küçəsi 10 ünvanında çoxillik ağaclar baxımsız qalıb. Vaxtında qulluq göstərilməyən, suvarılmayan çoxillik ağaclar məhv olur. 

Bu barədə Bizim.Media-ya həmin ərazidə yaşayan sakinlər məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Qusarçay yolunda TƏHLÜKƏ: Ağaclar hər an aşa bilər - FOTO


“Ağaclara qulluq edlmir və üzərini böcəklər basıb. Dibləri bellənmir, suvarılmır. Üzbəüz UNEC-in binasıdır. Biz 5 mərtəbəli binada yaşayırıq. UNEC-in binasının qarşısındakı ağaclar hər gün sulanır. Amma yaşadığımız 10 bloklu binanın həyətində çoxillik ağaclar suvarılmır, susuzluqdan məhv olur. 

2013-cü ildən bu ağacların suvarıldığını görməmişik. Ağacları binada yaşayan sakinlər suvarır. Hərə həyətə düşəndə 10 litrlik, 20 litrlik plastik su qablarında su gətirib ağacları suvarır. Amma bu yolla bu yaşlı ağacları qoruyub saxlamaq mümkün deyil”- deyə sakinlər bildirib. 

Onların sözlərinə görə həyətdə olan su kranı da uzun müddətdir ki, bağlanıb. Bu səbəbdən ağacları suvarmaq mümkünsüz olub. 

Sakinlər vəziyyətlə bağlı ərazi üzrə Mənzil İstismar Sahəsinə (“JEK”) müraciət etdiklərini bildiriblər:

“”JEK”dən nümayəndələr gəldi. Şikayətlərimizi dedik. Bildirdilər ki, “Azərsu”dan deyilib ki, həyətə kran çəkmək üçün sayğac qoydursunlar. İstənilən halda çoxillik ağaclara dövlət tərəfindən qayğı göstərilməlidir. Yaşıllaşdırma Təsərrüfatı Birliyi və MİS bu ağaclara baxmalıdır”.

Məsələ ilə bağlı 77 saylı Mənzil - Kommunal İsrismar Sahəsinin mühəndisi Maşallah Camalov Bizim.Media-ya bildirib ki, “JEK” sözügedən məsələyə cavabdeh deyil:

“Mənzil İstismar Sahəsi yalnız təmizlik işləri ilə məşğuldur. Ağacların budanması, sulanması və digər məsələlərlə Yaşıllaşdırma Təsərrüfat Birliyi məşğul olmalıdır. Sakinlər bizə də bir neçə dəfə müraciət ediblər. Ağacları sulamaq üçün ərazinin su problemi var. “Azərsu” oranı su ilə təmin etməlidir. “JEK”in ağacları budamağa və ya qurumuş ağacları kəsməyə ixtiyarı yoxdur. Əks halda cərimələnəcəyik. Qaldı ki, su məsələsinə... Əgər köməkli orada su çəksək, “Azərsu” gəlib kranı ləğv edəcək. Çünki suya sayğac qoyulmalıdır. Yaxşı olar ki, sakinlər birbaşa Yaşıllaşdırma Təsərrüfat Birliyinə müraciət etsinlər”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə bina həyətlərinə yalnız sayğacla su çəkilə bilər: 

“Binaların qarşısında sahibsiz bulaqlar var idi. Bakı şəhərində təxminən 3000-dən çox belə ləğv etmişik. Hansı ki, o kranlardan gecə-gündüz su axırdı. Maşın, xalça və yun yuyulurdu. Bəzən isə boş-boş axıb gedirdi. Bu isə ciddi su itkisinə səbəb olurdu. Ona görə də biz bunun əksəriyyətini ləğv etmişik və bu istiqamətdə işlər davam etdirilir. 

Amma təcrübə var. Yasamal və Xətai rayonlarından vətəndaşlar müraciət edib. Orada sayğac olsun və suyun dəyəri hesablansın. Belə olduqda binada yaşayan sakinlərdən birinin adına sayğac qoyulur və adına gələn suyun sərfiyyatı hesablanır. Qayda budur. Yəni bunu istənilən bina vətəndaşları edə bilər. Bir şərtlə ki, həmin sudan həyətdə olan “moyka”lara, kafe və restoranlara su verməsin. “gər belə hallar olarsa, o su yenə ləğv olunacaq. 

Həyətlərdəki bulaqların da məhz ləğv olunması elə oradakı “moyka”lar, kafe və restoranlar idi. Bu qayda qeyd etdiyiniz ünvanda yaşayan sakinlərə də aiddir. İstəsələr? gəlib rəsmiləşdirsinlər və sayğacla həmin həyətə bulaq çəkək”.

Yaşıllaşdırma Təsərrüfat Birliyindən isə bildirilib ki, qeyd olunan sahənin suvarılması onların xidməti ərazisinə daxil deyil.

Ümid edirəm, cavabdeh qurumlar çoxillik ağacların quruyub sıradan çıxmasına vəsilə olmayacaqlar...



Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin