148 yaşlı mətbuatın həllini gözləyən problemləri - Media kapitanlarının ŞƏRHİ

Hazırda oxunan: 148 yaşlı mətbuatın həllini gözləyən problemləri - Media kapitanlarının ŞƏRHİ

147470

Məlumdur ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən "Əkinçi" qəzetinin nəşri ilə Azərbaycan mətbuatının bünövrəsi qoyuldu. Yarandığı 148 il ərzində ölkə mətbuatı müxtəlif inkişaf mərhələlərindən keçib. 

Bizim.Media xəbər verir ki, "iqtisadiyyat.az" ölkənin bir sıra media qurumlarının rəhbərləri arasında milli mətbuatın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı sorğu keçirib.

Sorğuda ölkə mətbuatının inkişafı ilə yanaşı, mövcud problemlərə də toxunulub.

Sözügedən sorğunu təqdim edirik:



"Bizim.Media" informasiya portalının baş redaktoru Anar Tahirov hesab edir ki, Media Reyestrinin fəaliyyətə başlaması ilə peşəkar jurnalistikanın inkişafının önü açıldı və bu sahədən öz məqsədləri üçün istifadə hallarının qarşısına sədd çəkildi:

"Təbii ki, mətbuatla bağlı dilə gətirə biləcəyimiz problemlər var. Necə deyərlər, iş olan yerdə, problem də olar. Lakin mən hər birimiz üçün dəyərli olan bu günlə bağlı pozitiv fikirlər səsləndirmək istəyirəm. Xatırlayırsınızsa, ötən il mətbuatımızın yaranmasının 147-ci ildönümü Şuşada qeyd olundu. Azad Şuşada Mətbuat Gününün qeyd olunmasının özü bizim üçün ən böyük hədiyyə idi. Son dövrlərdə isə mətbuatımızın inkişafı göz önündədir. Prezident İlham Əliyevin mətbuata qayğısı bizim və həmkarlarımızın fəaliyyətində aydın hiss olunur. Digər tərəfdən, mətbuatımızla bağlı son dönəmlərdə baş verən yenilikləri də qeyd etmək yerinə düşər. İlk növbədə, “Media haqqında” qanunun qəbulu fəaliyyətimizdə müsbət anlamda yeniliklərə səbəb oldu. Eyni zamanda Medianın İnkişafı Agentliyinin də mətbuata ayırdığı diqqət göz önündədir. Bir neçə həftə öncə MEDİA-nın elan etdiyi müsabiqənin qalibləri açıqlandı. Bu cür müsabiqələrin keçirilməsi təkcə media subyektlərinə maddi cəhətdən yardım etmir, eyni zamanda sağlam rəqabət meydanı yaratmaqla mətbuatımızın inkişafının önünü açır. Əminliklə deyə bilərəm ki, qarşıdakı dövrdə mətbuatımız daha da inkişaf edəcək".



Jurnalistlərin mənzil probleminə toxunan "Yeni Çağ" Media Qrupunun baş direktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər bildirib ki, jurnalistlər üçün tikilən üçüncü bina ilə bağlı müəmmalı vəziyyətin davam etməsi təəssüf doğurur:

"Azərbaycan mətbuatının bugünkü vəziyyəti istənilən halda bizi qane etmir. Düzdür, son 3 il ərzində Azərbaycan mətbuatı ilə bağlı çox ciddi islahatlar aparıldı və hər birimiz bu prosesin iştirakçısıyıq. "Media haqqında" qanun qəbul edildi, jurnalistlərin sosial rifah halının yaxşılaşdırılması üçün güzəştli ipoteka kreditlərindən istifadəyə imkan yaradıldı. Bu addımlar çox müsbət haldır. Xüsusən də hər saytın üzərinə günlük minimum 20 yazı öhdəliyi media sektorunda xəbər istehsalının artması üçün mühüm rola malikdir. Mətbuatımızla bağlı müsbət məqamlar çox olsa da, həlli tapılmayan problemlər də mövcuddur. Mətbuat problemlərinin həlli üçün çox ciddi şəkildə işləmək sadəcə dövlətin üzərinə düşmür. Belə ki, problemlərin həllində media qurumlarının rəhbərləri də aktiv olamlıdırlar. Eyni zamanda jurnalistlərin tələbkar və prinsipial olmasına ehtiyac var. Ötən illərlə müqayisədə bəzi jurnalistlərin sosial haqları ilə problemlər azalsa da, bu məsələ yenə də aktualdır. Bu gün saytların reklam bazarının olmaması və sadəcə dövlətdən dəstək alaraq ayaqda qalmağa çalışması çox ciddi siqnaldır. Yaxşı olar ki, rəqabət mühiti yaransın və reklam monopoliyalarına son qoyulsun. Reklamlar ədalətli şəkildə verilsin. 

Xüsusilə qeyd edim ki, jurnalistlərin mənzil problemi hələ də qalmaqdadır. Cənab prezidentin jurnalistlər üçün imzaladığı sərəncam var və bu, jurnalistlər üçün tikilmiş üçüncü bina ilə bağlıdır. Lakin hələ də bu bina ilə bağlı qeyri-müəyyənlik özünü qoruyur. Yaxşı olardı ki, ədalətli və müstəqil komissiya yaradılsın və həmin evlər sözün əsl mənasında ehtiyacı olan jurnalistlərə verilsin. Nəzərdə tutulan 255 evin statusuna uyğun olaraq media nümayəndələrinə verilməsi arzuolunandır". 



“Cümhuriyət” qəzetinin və Cebhe.info xəbər portalının baş direktoru Rəfail Becanova görə, medianın problemlərinə lokal prizmadan yox, fundamental prizmadan baxmaq lazımdır:

"Yaxşı ki, böyük maarifçi Həsən bəy Zərdabi bu günün təməlini qoyub və biz bu gün o təməlin üzərində dayanıb bayram keçiririk, bir-birimizi təbrik edirik. Təbii ki, mətbuatın istər dünəninin, istərsə də bu gününün vəziyyəti media adamlarını qane edə bilməz. Dünən desəydik ki, hər şey gözəldir, bu günə gəlib çatmazdıq. Bu gün desək ki, qane olduq, hər şey gözəldir, o andan durğunluq başlayacaq. Ardınca da tənəzzül gələcək. Ona görə də nə qədər inkişaf olur-olsun biz qane ola bilmirik. Buna inkişafı ehtiva edən naşükürlük də demək olar. Təbii ki, Azərbaycan mediası müstəqillik illərində böyük bir yol keçib. Bizim media tariximiz zəngindir. Tənqidi yanaşsaq da, təvazökarlıq etsək də, nəinki ölkə çapında, zaman-zaman müxtəlif formatlarda regionda aparıcı media quruluşlarını yarada bilmişik və regional təsir gücünə malik olmuşuq. Bu gün də inkişafımız davamlıdır. Dövlət-media münasibətləri yeni bir müstəviyə daxil olub. Medianın inkişafına dövlət tərəfindən dəstək verilir. Bu məqsədlə media subyektlərinin çətin dövrün öhdəsindən gəlməsi üçün müxtəlif mexanizmlər tətbiq olunur. Media İnkişaf Agentliyinin yaradılması və onun bugünkü uğurlu fəaliyyəti də bu mexanizmin əsas açarıdır. Xaotik jurnalistika dövrü arxada qalır. Jurnalistlərin və media subyektlərinin reyestri aparılır. Onların hüquqları tanınır və qorunur. Belə desək, bataqlıq mediasından oxunaqlı media mühitinə keçid dövrü tənzimlənir. Bütün bunlar inkişaf deməkdir və hər birimiz bunu hiss edirik. 

Hesab edirəm ki, bu illər ərzində ən böyük qazancımız müstəqil media mühitinin formalaşmasına nail olmağımızdır. İfrat qütbləşmiş media müstəvisindən çıxa bilmişik. Senzura yoxdur, söz və mətbuat azadlığına basqı yoxdur. Lakin məsuliyyət hissi, məsuliyyət məsələsi var. Bunu da hər kəs öz bildiyi kimi qəbul edir. Ona görə də mətbuatın ümumi vəziyyəti dinamikdir, inkişafa doğru yönəlikdir. Medianın İnkişafı Agentliyinin istər media subyektlərinin fəaliyyətinin standartlara uyğunlaşması, istərsə də jurnalistlərin peşə bacarıqlarının artırılması yönündə təlimləri də bu sahədə vacib inkişaf metodlarından biridir. Pessimist olmağa dəymir. İnkişaf edirik və edəcəyik. Təbii ki, problemlər də var və olacaq. İş olan yerdə nöqsan da, problem də qaçılmazdır. İnformasiya mənbələrinə yetərli çıxış imkanlarının əldə olunması və medianın iqtisadi vəziyyətinin daha da yaxşılaşması üçün reklam bazarının mövcudluğunun təminatına nail olsaq, digər lokal problemlər daha sürətlə həllini tapacaq".



Medianın siyasi və ictimai həyatın ən vacib hissəsi olduğunu vurğulayan "Medianews.az" informasiya portalının baş redaktoru Xəyalə Rəis qeyd edib ki, bir çox hallarda saytlar və informasiya agentlikləri müxbir imzasından imtina edirlər. Bu isə ciddi problemdir:

"İnsanlar gündəlik həyatlarında üzləşdikləri hadisələrdən və xəbərlərdən məlumatlı olmaq üçün mətbuatdan istifadə edirlər. Bir sözlə, media bizi məlumatlı edir. Məlumatlı insan isə həm öz həyatı, həm də geniş ətrafı ilə bağlı daha düzgün qərarlar qəbul edə bilir. Son illər ölkəmizdə medianın ayaqda qala bilməsi, zaman-zaman inkişafı istiqamətində ardıcıl addımlar atılır. Artıq bir neçə ildir ki, hər hansı tədbir, açılış, yubiley mərasimləri haqda xəbərin saytlarda və qəzetlərdə, demək olar ki, eyni şəkil və başlıqla dərc olunmasının şahidinə çevrilirik. Hazır yazılar media nümayəndələrini tənbəlləşdirir, imzaları yoxa çıxarmağa doğru gedir. Hətta bir çox hallarda saytlar, informasiya agentlikləri artıq müxbir imzasından imtina edir, xəbər, sadəcə mənbə kimi sayt və ya agentlik göstərilməklə, təqdim olunur. Bəzən görürük ki, mətbuat konfranslarına, tədbirlərə gələn jurnalistlər belə təşkilatçılardan press-reliz istəyirlər. Əslində orada baş verən problemi yazıb, konfrans iştirakçılarından məsələnin həlli ilə bağlı açıqlamalar almaq lazımdır. Press-reliz jurnalistika işi deyil, bu, birbaşa reklam işidir. Bizdə jurnalistikanı təbliğatdan ayırmaq ciddi bir işdir".



Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadənin sözlərinə görə, mətbuatın sözün həqiqi mənasında "dördüncü hakimiyyət"ə çevrilməsi üçün hələ çox çalışmaq lazımdır: 

"Son illər Azərbaycan jurnalistikası müsbət dinamika üzrə inkişaf edir, jurnalist peşəkarlığının artırılması istiqamətində xeyli iş görülüb. Çoxlu sayda gənc, istedadlı imzalar yetişib. Bu sektoru könüllü seçən gənclərin sayı xeyli artıb. Bunlar bizi sevindirir. Lakin təəssüf ki, milli media resurslarımızın maddi-texniki bazası zəifdir. Redaksiyalarda əməkdaşların sayı azdır. Bəzən 10 nəfərin işini 5-6 nəfər görməli olur. Bunun müqabilində isə verilən əməkhaqqı azdır. Hesab edirəm ki, jurnalistlərin maddi durumunun yaxşılaşmasının qeydinə qalınmalıdır. Azərbaycanda KİV-lər reklamdan ciddi gəlir götürə bilmirlər. Böyük şirkətlər media ilə işləməyə o qədər də həvəs göstərmirlər. Nəticədə jurnalistlərin yüksək məvacib alması mümkün olmur. Jurnalist yaxşı maaş almalıdır ki, onun gözü başqa adamların əlində olmasın. Biz yalnız azad, müstəqil, güclü mətbuat yaratmaqla vətəndaş cəmiyyəti quruculuğuna töhfə verə bilərik". 


Azərbaycan mediasının inkişaf mərhələsində olduğunu vurğulayan "Vətəninfo.az" İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Nahid Canbaxışlı bu gün ölkə mətbuatının hələ də müstəqil olmadığını düşünür:

"Azərbaycan mətbuatını üç istiqamət üzrə təhlil etmək olar. İstər Sovet dövründə, istərsə də müstəqillik dövründən sonra Azərbaycan mediası inkişaf mərhələsindədir. Təəssüf ki, bu mərhələdəki inkişaf ürəkaçan şəkildə davam etmir. Çünki ədalətli media inkişafı yoxdur. Medianın inkişafı ilə bağlı yeni qanunun qəbul olunmasına, Medianın İnkişafı Agentliyi və Media Reyestrinin yaradılmasına baxmayaraq, azadlıq mövcud deyil. Medianın İnkişafı Agentliyi özünün müstəqilliyini qoruyub saxlamağa çalışsa da, buna nail ola bilmir. Agentliyin elan etdiyi müsabiqələr belə azad şəkildə həyata keçirilmir. Medianın İnkişafı Agentliyinin qiymətləndirmə meyarları azad deyil. Bütün hallarda mediamızı bütünlüklə tənqid etmək düzgün olmaz. Bu gün müxtəlif media orqanlarının inkişafına dəstək var və bu dəstəyin arxasında birbaşa ölkə başçısı İlham Əliyev dayanır. Cənab prezidentin təşəbbüsü ilə Azərbaycan mətbuatına maddi və mənəvi dəstək verilir. 

Problemlərə gəlincə, bu gün mətbuatımızın reklam bazarı monopolistlərin əlindədir. Halbuki ölkədə azad reklam bazarı formalaşdırılmalı və monopolistlər sıradan çıxarılmalıdır. Reklam verən şirkətlər və media subyektləri bir araya gələrək vahid baza formalaşdırmalıdır. Təəssüf ki, dövlətin media qurumlarına ayırdığı 6 aylıq və il ərzində vəsait belə ədalətli bölüşdürülmür. Bu gün ölkədə maddi vəziyyəti kifayət qədər yaxşı olan media qurumları var ki, onlara 3000 manatın verilməsi doğru deyil. Bu media qurumlarının rəhbərləri həmin məbləği ciblərinə qoyurlar. Halbuki aylıq ödənilən məbləğ media qurumunun inkişafına yönəlib".



"Azxeber.com" portalının baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli hesab edir ki, müxtəlif məzmunlu reklamların mediaya yönləndirilməsi jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına və eyni zamanda media subyektlərinin daha da güclənməsinə yol aça bilər: 

"Azərbaycan mətbuatı çox uğurlu yol qət edib və bütün çətinliklərə baxmayaraq, hər zaman ayaq üstə durmağı bacarıb. Xüsusən də 44 günlük Vətən Müharibəsi dövründə ölkə mətbuatı sınaqdan üzüağ çıxdı. Çünki informasiya müharibəsi fonunda Azərbaycan jurnalistlərinin üzərinə çox böyük yük düşürdü. Bu gün Azərbaycan mətbuatının inkişafı, azad media və rəqabət mühitinin formalaşması, medianın asılılığının azalması dövlətimizin maraq dairəsində olan istiqamətlərdən biridir. Cənab prezident İlham Əliyev hər zaman öz çıxışlarında ölkə mediasına verdiyi önəmdən danışır. Son illər Medianın İnkişafı Agentliyinin yaradılması, Mətbuat Şurasının İdarə Heyətinin yenilənməsi və "Media haqqında" qanunun qəbul olunması media islahatlarının aparıcı istiqamətlərindən biri olub. Demək olar ki, bu islahatlardan sonra reket jurnalistikasının qarşısı alınmaqdadır. 

Bir nüansı qeyd edim ki, bu gün sosial media mətbuata rəqib rolunu oynayır. Təəssüf ki, neqativ hallar, dezinformasiyalar sosial mediada yayımlanır və Azərbaycan mətbuatı bu məsələdə operativlik baxımından geri qalır. Yalnız diqqətli oxucu hansısa xəbəri dəqiqləşdirmək üçün məhz saytlara, informasiya agentliklərinə və qəzetlərə üz tutur. Bütün hallarda mətbuatın bəzi problemləri hələ də var. Mətbuatın reklam bazarı məhduddur. Bu gün ölkə mediasına reklam yüksək səviyyədə ayrılmır. Fikrimcə, medianın biznes strukturu kimi formalaşması istiqamətində addımlar atılmalıdır". 



Media orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və bir çox dövlət qurumlarının media üçün əlçatanlığının arzuolunan səviyyədə olmamasını vurğulayan "Sfera.az" saytının rəhbəri Ozal Məmmədov hesab edir ki, peşəkar kadrların hazırlanmasındakı çatışmazlıqlar da mətbuatımızın başlıca problemlərindəndir:

"Azərbaycan mətbuatının ümumi vəziyyəti qənaətbəxş olsa da, həllini gözləyən problemlər də yox deyil. Həmin problemlərin aradan qaldırılması üçün zamana ehtiyac var. Hazırda nəzərə çarpan problemlərdən biri peşəkar media qurumları ilə təsadüfi şəxslərin yaratdığı təkadamlıq media subyektləri arasında sərhədlərin müəyyənləşməsidir. Heç bir maddi-texniki bazası, kollektivi, hətta redaksiya ofisi belə olmayan həmin subyektlərin media adına iddiası xoşəgəlməz mənzərə yaradıb. Təbii ki, kimlərinsə özünü ifadə etmək azadlığını məhdudlaşdırmaq olmaz. Həmin təkadamlıq saytlar bloq kimi fəaliyyət göstərə bilər. Yəni hansısa qurumun istehsal edilən informativ məhsulu yoxdursa, necə media qurumu sayıla bilər?! Odur ki, yaxın gələcəkdə media sektorundakı bu kimi xoş olmayan mənzərənin dəyişəcəyinə ümid edirəm".


Ölkə mediasının gələcəyinə inanan "AzVision.az" saytnın baş redaktoru Vüsal Məmmədova görə, bugünkü Azərbaycan mediası konkret istiqamət yolunu hələ seçməyib:

"Azərbaycanın mediasının inkişafından öncə hazırda dayandığı yer və bundan sonra hansı tərəfə gedəcəyi barədə danışmalıyıq. Fikirmcə, indiki məqamda gedəcəyimiz yolu dəqiq seçməmişik. Sanki Azərbaycan mediası meydanda dayanıb və bu meydandan 7-8 istiqamət üzrə yol var. Ölkə mediası isə qeyri-müəyyənlik mərhələsindədir. Ümid edirəm ki, qabağa gedəcəyik. Dünyanın qabaqcıl media təcrübələrini daha aydın öyrənməli və tətbiq etməliyik. Bu işi bacaran milli redaktor korpusu olmalıdır. Ona görə də milli redaktor məktəbi formalaşmalıdır. Bundan başqa, ənənəvi və qabaqcıl təcrübələr tətbiq olunmalıdır. Azərbaycanda intellektual insan resurslarına ehtiyac var. İnanıram ki, Azərbaycan mediasının gələcəyi parlaq olacaq. Bu işi canı qədər sevən insanlar var və həmişə olacaq. Əgər dövlət dəstəyi də varsa, bu insanlar uğur qazanacaqlar".

İqtisadiyyat.az

Gülşən Şərif

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin