Qubanın 102 yaşlı rayon QƏZETİ: Onun faəliyyəti niyə DAYANDIRILIB? - FOTO 

Hazırda oxunan: Qubanın 102 yaşlı rayon QƏZETİ: Onun faəliyyəti niyə DAYANDIRILIB? - FOTO 

147463

Ağ alması ilə dillər əzbəri olan Qubanın ilk rayon qəzetinin fəaliyyətə başlaması da elə rayonun bu məşhur meyvəsi ilə bağlı olub.

Belə ki...

“Tarixi faktlardan məlumdur ki, 1920-ci ildə Sovetlərin 8-ci qurultayına nümayəndə kimi gedən o vaxt Quba Qəza İnqilab Komitəsinin sədri olan Qasım İsmayılov Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Leninə bir xurcun Quba almasını sovqat aparıb və bu payı Leninin köməkçisi Qarbunova verib. Quba almasından dadan Lenin də qubalıların sovqatına- Azərbaycanın bu tarixi rayonuna  bir çap maşını göndərməklə cavab verib. 

Rayona  çatan çap maşını mətbəədə yerləşdirilib və mətbəəyə Leninin adı verilib.  1920-ci ilin aprel ayının 21-də Qubada ilk rayon qəzeti “Əxbar” adı ilə nəşrə başlayıb”.  

Bu tarixi faktı Bizim.Media-ya Qubada çıxan "Şəfəq" qəzetinin redaktoru Qəhrəman Qasımov xatırladıb və 102 yaşlı rayon qəzetinin keçdiyi şərəfli yoldan söz açıb. Onun sözlərinə görə, sovet ideologiyasına uyğun olaraq "Yeni dirilik", "Kollektivləşmə yolu", "Quba", "Qızıl Quba" adları ilə nəşr olunub və 1995-ci ildən isə "Şəfəq"adı ilə çap olunub.  

Ölkənin ən qabaqcıl rayon qəzetlərindən olan “Şəfəq” qəzetinin kollektivi qəzetin 75 illik yubileyində Ümummilli Lideri Heydər Əliyevdən gələn təbrik məktubunu “Şəfəq”in tarixindəki ən xoş hadisə kimi xatırlayır. 1996-cı il iyul ayının 27-də Heydər Əliyev qəzetin 75 illik yubileyini aşağıdakı sözlərlə təbrik edib: 

“"Şəfəq" qəzeti çox zəngin və şərəfli bir inkişaf  yolu keçmişdir. Qəzet gözəl Azərbaycanın çoxşaxəli mədəniyyətə, ənənələrə və milli-mənəvi dəyərlərə malik olan bölgəsində dövlətçiliyin və xalqlar dostluğunun daim qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət göstərmiş, bütün bölgə əhalisinin imkanlarını respublikamızın ən ümdə problemlərinin həllinə səfərbər etmişdir”.

Qəhrəman Qasımov dahi şəxsiyyət olan Heydər Əliyevin bu tarixi məktubunun "Şəfəq" qəzetinin  tarixində ən önəmli hadisə kimi qaldığını deyir. Onun sözlərinə görə, qəzet “rayon həyatının güzgüsü” statusunu fəaliyyəti boyu həmişə saxlayıb.  
Amma dövrün yenilənməsi, sürətlə artan elmi-texniki tərəqqinin inkişafı rayon qəzetilərinin maddi-texniki bazasını zəiflədib. Bütün rayon qəzetləri kimi, "Şəfəq" qəzeti də müstəqillik dövrümüzdə rayon icra hakimiyyətlərinin təsisçiliyi ilə maliyyələşdirilib. 

Amma pandemiya dövrü "Şəfəq" qəzetinin də fəaliyyətində xeyli gerilik yaradıb. Vaxtilə 10 min tirajla çıxan "Şəfəq" qəzeti nəşrinin sayını ayda 1 dəfəyə salıb. 

Düzdür, 2021-ci ilin aprel ayında "Şəfəq" qəzetinin 100 illiyi rayon icra hakimiyyətinin o vaxtki rəhbəri Ziyəddin Əliyevin  təşəbbüsü  ilə qeyd edilib, qəzetin bir neçə nömrəsinin işıq üzü görməsi üçün maddi dəstək edilib.

Bununla belə, qəzet öz fəaliyyətini bir müddət sonra dayandırmalı olub. 2022-ci il avqust ayının 25-də Azərbaycan Prezidenti İlham Əliyev "Media haqqında" yeni qanunu təsdiq edib və yeni qanunla rayon icra hakimiyyətinin hər hansı mətbu orqana təsisçilik etməsi qadağan edilib.

Beləliklə, bütün rayon qəzetləri kimi, "Şəfəq" qəzeti də 2022-ci ilin oktyabr ayından icra hakimiyyətlərinin təsisçiliyinin ləğvindən sonra fəaliyyətini dayandırmalı olub.  

“Dövlət, icra hakimiyyəti qəzetin yaşaması üçün həmişə köməklik edib. İndi internet, mobil şəbəkələrin intensivliyi və ən əsası, rayon qəzetlərinə abunəliyin sıfır dərəcədə olması rayon qəzetlərinin çökməsinə səbəb oldu. Bu çökməni indi yalnız sakinlərin dəstəyi, idarə və müəssisələrin abunə kampaniyasında fəal iştirak etməsi və milli təəssübkeşliyi olan iş adamlarının maliyyə dəstəyi aradan qaldıra bilər”, deyə "Şəfəq" qəzetinin redaktoru Qəhrəman Qasımov qeyd edib.  

Yeri gəlmişkən, ölkədə ilk rayon qəzetinin çıxdığı Quba rayonunda Milli Mətbuatımızın 148-ci ildönümü qeyd olunub. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbir Quba şəhərindəki "Media şəhidləri" parkında keçirilib. Quba İH başçısının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov bütün mətbuat nümayəndələrini təbrik edək hər birinə uğurlar arzulayıb.

"Şəfəq" qəzetinin redaktoru Qəhrəman Qasımov da bütün həmkarlarını mətbuat günü münasibəti ilə təbrik edib. 





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin