Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı bu gün 22 iyul-Milli Mətbuat günü ilə bağlı maraqlı bir tədbirə imza atıb.
Filialda "Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda tədbir baş tutub.
Əvvəlcə tədbirə dəvətli mətbuat nümayəndələri və filialın kollektivi Quba şəhərindəki "Media şəhidləri " parkında şəhid jurnalistlərin xatirə kompleksini ziyarət edib, onları hörmətlə yad edərək kompleks önünə tər qərənfillər düzüb.
Tədbirin açılışında dövlət himni səsləndirilib, Heydər Əliyevin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibəti ilə geniş və çox məzmunlu çıxış edib.
Azərbaycan Milli Mətbuatının əsr yarımlıq fəaliyyətini faktların dili ilə çox geniş xarakterizə edib.
Milli lider Heydər Əliyevin bu sahədə göstərdiyi misilsiz xidmətləri yüksək dəyərləndirib. 11 il jurnalist kimi "Şərq" və "Ayna" qəzetlərində işlədiyini deyən Yusif Alıyev rəhbəri olduğu filialın bölgə nümayəndələri ilə sıx əməkdaşlıq edir.
Filialın direktoru şimal bölgəsində yeganə ali məktəb olan Quba filialının müxtəlif uğurlu layihələr hazırladığından da söz açıb.
Bildirib ki, ADPU-nun Quba filialı pandemiya dövründə Qubadakı "Qafqaz TV"nin efiri vasitəsilə tələbələrə telemühazirələr təşkil edib və bu dünyada ilk belə telelayihə olub.
Quba filialının telemühazirə layihəsi "Qafqaz" TV-nin efirində yayınlandıqdan 2 ay sonra İngiltərənin Kembric Universiteti belə bir layihə tətbiq edib.
Bizim.Media-nın əməkdaşı Aytəkin Alxaslı çıxışında jurnalistlik fəaliyyətinin artıq 36-cı ilini şimal bölgəsində davam etdirdiyindən danışıb.
O, bütün həmkarlarını peşə bayramları münasibəti ilə təbrik edib. A.Alxaslı Qubanın yetirməsi olan tanınmış və məşhur mətbuat adamı, mərhum Tofiq Rüstəmovdan söz açıb və onun yüzlərlə mətbuat işçisinin yetişməsindəki rolundan danışıb.
Tədbirdə sabah filialda baş tutacaq beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gələn "Türkiye Eğitim Bakanlığı"nın nümayəndəsi Sinan Doğan da söz deyib.
Türkiyə-Azərbaycan mediasının uğurlarından danışıb. Filialın əməkdaşları Pərvanə Rzayeva və Aysel Şeydayeva da tədbirə milli mətbuatın tarixi ilə bağlı məruzələrlə çıxış ediblər.
Sonra ADPU-nun Quba filialının direktoru Yusif Alıyev bölgə jurnalistlərinin tədbirə dəvətli nümayəndələrinə filalın Fəxri fərmanını təqdim edib.
Bizim.Media-nın əməkdaşı da təltif edilənlər sırasında olub.
Sonra filialın rəhbəri Yusif Alıyev Tofiq Rüstəmovun Quba şəhər qəbristanlığındakı məzarını ziyarət edib. Məzarı önünə tər güllər qoyublar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu