“Regionlarda turizmin yüksək səviyyədə inkişafı üçün peşəkar bələdçilərin olması ən önəmli amillərdəndir. Bu gün Gəncədə və ətrafında turizmi inkişaf etdirmək istəyiriksə, mütləq şəkildə infrastukturla yanaşı həm də turistlərin gəzməli-görməli yerləri tanımaları, regionun turizm potensialını açmaq üçün bu sahə ilə məşğul olan bələdçilərin bilik və bacarıq səviyyələrini yüksəltmələri vacibdir”.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə bu fikirləri “Turizmdə marketinq, qonaqlama və bələdçilik” adlı təlimin açılşında layihə rəhbəri Sevinc Hüseynova söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Fırıldaqçı tur şirkətlərini necə ayırd etmək olar? – Ekspertdən MÜHÜM XƏBƏRDARLIQ
Onun sözlərinə görə layihənin region üçün əhəmiyyəti çox böyükdür və bu sahədə təhsil alan, ümumilikdə turizm sahəsində marketinq və bələdçilik işləri ilə məşğul olanlar üçün praktiki biliklərin artırılması baxımından önəmlidir.
Çıxış edənlərdən Gəncə Regional Turizm İdarəsinin əməkdaşı Leyla Rzayeva Dövlət Turizm Agentliyinin bu sahənin inkişaf məqsədi çərçivəsində yerli təşəbbüsləri dəstəklədiyini və bu kimi layihələrin turizm sahəsində təhsil alanların da peşəkar kadr kimi yetişməsinə xüsusi töhfə verəcəyini vurğulayıb.
18-19 iyul tarixlərində təşkil olunan “Turizmdə marketinq, qonaqlama və bələdçilik” adlı təlimlərə bu sahədə təhsil alan və bələdçilik peşəsini peşəkar öyrənmək istəyən 22 gənc cəlb olunub.
Dövlət Turizm Agentliyi tərəfindən "Turizm sahəsində layihələrin maliyyələşdirilməsi üzrə 1-ci qrant müsabiqəsi" çərçivəsində maliyyələşdirilən "Gəncə şəhərində və Gəncə ətrafında qeyri-mehmanxana qonaqlama imkanlarının artırılması məqsədilə mikro sahibkarlara dəstək və onların bacarıqlarının artırılması" layihəsi çərçivəsində təlimlərdə iştirakçılar bu sahənin inkişafı üçün beynəlxalq təcrübələrdən yararlanmaq, peşəkar müəllimlər tərəfindən vacib bilik və bacarıqlara yiyələnmək imkanlarına malik olacaqlar.
Layihənin məqsədi Gəncə və Göygöl regionunda turizm sahəsində fəaliyyət göstərən mikro sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməsinə dəstək verməkdir.
Layihə Gəncə şəhəri və Göygöl şəhərində qeyri-mehmanxana qonaqlama ilə məşğul olan kiçik fərdi sahibkarların biznes bacarıqlarının artırılması, region üzrə fərdi sahibkarların əməkdaşlıq sinerjisinin formalaşması, turizm sahəsində təhsil alan gənclərin qonaqlama və bələdçilik bacarıqlarının artırılması və turizm təlim mərkəzinin yaradılmasını nəzərdə tutur. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu