İyulun 16-da “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 3-cü “YAŞAT” düşərgəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, düşərgənin ilk günündə ilkin olaraq Şamaxı şəhərinin müxtəlif yerlərinə ekskursiyalar edən uşaqlar sonra hotel ərazisinin oyun parkında maraqlı vaxt keçiriblər.
Qeyd edək ki, ümumilikdə 300-dən çox uşağı əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.
“Shamakhi Palace Sharadil” Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcək.
Sentyabr ayının əvvəlinədək reallaşdırılacaq düşərgələrdə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladları iştirak edəcəklər.
Bizim.Media