Şəki şəhərinin dağlıq və dağətəyi ərazilərinə dolu yağıb. Axşama doğru havanın kəskin dəyişməsi nəticəsində yağan dolu 15 dəqiqə davam edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün günün ikinci yarsından başalayaraq Şəkidə hava kəskin dəyişib. Əvvəlcə qısamüddətli yağış yağıb, sonradan doluya çevrilib.
Dolu əsasən şəhərin dağlıq və dağətəyi ərazilərində yerləşən Kiş və Oxud kəndlərinə, eləcə də şəhərin Yuxarı Baş deyilən hissələrinə yağıb. Dolunun yağması nəticəsində hər hansı fəsad yaranmasa da rayona istirahətə gələnlər üçün tarixi məkanlara gəzintilərə ara verilib.
Bu gün səhər saatlarından başlayaraq bölgə rayonlarında temperatur fasilələrlə aşağı enməyə başlayıb. Hazırda Şəki ilə yanaşı Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Qeyd edək ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra iyulun 16-da qərb rayonlarından başlayaraq, 18-də səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.
Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.